Məhkəmə qərarları › İş №2(003)-1450/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1450/2021

17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1450/2021 17.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehna qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh Xaliq oğlu arasında olan nikah 2021-ci ildə Xəzər rayon məhkəməsinin qətnaməsi ilə pozulub. Birgə nikahdan 03 mart 2014-cü ildə X2 adlı uşaqları anadan olub. Cavabdeh azyaşlı uşağına baxmır, ona ata kimi heç bir qayğı göstərmir. Ailəyə baxmır və uşağının heç ehtiyacını təmin etmir. O, hal-hazırda ünvan 1 ünvanında azyaşlı oğlu X2 ilə birlikdə kirayə yaşayır və uşağının bütün ehtiyaclarını ödəyə bilmir. Bu səbəbdən də cavabdehə qarşı aliment tələbi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də 03 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi cavabdehdən hər ay 300 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 03.03.2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-205/2021 saylı, 16.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 11.09.2014-cü il tarixdə 1006 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulmuş və nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 03.03.2014-cü il təvəllüdlü X2 anası - İddiaçı yanında saxlanılmışdır. Eyni zamanda həmin qətnamə ilə o da müəyyən edilir ki, İddiaçı cavabdehə qarşı aliment tələbinin olmadığı barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh Xaliq oğlu arasında nikah 2021-ci ildə Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə pozulub. Birgə nikahdan 03 mart 2014-cü il təvəllüdlü X2 övladları olmuşdur. Tərəflərin faktiki nikahından anadan olmuş uşaqları X2 hal-hazırda iddiaçının himayəsindədir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağrın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, uşağın saxlanmaları üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün 300 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, göstərilənlər ümumilikdə cavabdehin uşağın saxlanılmasında, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, bütün işin qeyd edilən hallarına əsasən və ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175,0 manat məbləğində müəyyən edilməsini nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehdən hər ay uşağının saxlanılması üçün 175,0 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbialiment hissəsində qismən təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay 175 manat miqdarında müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 19.02.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30,0 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə habelə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, 30,0 manat rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır (maddə 217.1). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır” (maddə 218.3). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 19 fevral 2021-ci il tarixdən başlayaraq 03 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 19 fevral 2021-ci il tarixdən başlayaraq 03 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar