Məhkəmə qərarları › İş №2(003)-1526/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1526/2024

15.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1526/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçınun Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aldığı təqaüdün və əlavə gəlirlərinin 25 faizinin arvadı İddiaçı saxlanması və əlavə xərclərinin ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1969-cu ildə Siyəzən şəhərində anadan olmuşdur. Cavabdeh, xx.xx.1958-ci il təvəllüdlü, Sabirabad rayon sakini Cavabdeh ilə ailə həyatı qurmuşdur. Sonradan xx.xx.2022-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 1 övladları var: 1. X3 — xx.xx.2003-cü il təvəllüdlü. Cavabdeh hal-hazırda 9 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Oğlu Cavabdeh, “ Dəqiqləşdirilmiş Daun sindromu, Davranış pozuntusunun olmaması və ya zəif dərəcədə təzahür etməsini göstərməklə.., Ağır dərəcəli əqli gerilik” diaqnozlu xəstədir. Övladına halhazırda qəyyumluqla himayə edib xidmət göstərən odur. O, heç bir əmək haqqı almır. Övladının maddi xərclərini təmin edə bilmir. Hal-hazırda kirayədə qalır, bundan əlavə kirayə xərcləri, kommunal xərcləri ödəyir. Həmçinin səhhəti ilə əlaqədar tez-tez müalicə və müayinələrdə olur və buna xeyli vəsait xərc edir. Ona görə də, aliment ayrılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı 4 saylı Mediasiya Təşkilatına özünün saxlanılması və cavabdehin əlavə xərclərdə iştirakına dair aliment tələbi ilə müraciət etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/4- 2024-00055 saylı, xx.xx.2024-cü il tarixli arayışı almışdır. Cavabdeh, Cavabdeh mediasiya şurasına razılıq ərizəsini göndərmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsi vasitəsilə ərizə təqdim edərək orada göstərmişdir ki, o iddia tələbini qəbul edir, iddia ərizəsinin təmin edilməsinə etiraz etmir. Özü 2-ci şəkər xəstəsidir, hal-hazırda səhhətində bir sıra problemlər yaranmışdır. 21 yaşlı oğlu X3 daun sindiromlu ağır dərəcəli əqli gerilik və davranış pozuntulu diaqnozu ilə birinci dərəcəli müddətsiz əlildir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(059)-66/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək xx.xx.2003-cü il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay təqaüdünün 50 % miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, qulluq etməyinə görə ona təqaüdünün 25 %-i miqdarında alimentin tutulması hissəsində rədd edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. -xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə saat 17:00-a təyin edilmiş mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə iştirak edərək 50 manat məbləğində mediasiya xərcini ödəmişdir (Mediator: H.B.Ağayev). -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2024-cü il tarixli 3-16-17/25/2-815/2024 saylı məktubundan görünür ki, müəssisələrində istehsalat sahəsi olmadığından məhkum Cavabdeh işlə təmin etmək mümkün deyildir. Məhkumun hər hansı pul gəlirləri də (pensiya və sair) müəssisələrinin depozit hesabına daxil olmamışdır. Bu səbəbdən də hər hansı bir icra sənədini icra etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İşin araşdırılmış hallarından görünür ki, hazırkı iş üzrə tərəflər olan iddiaçı və cavabdeh Siyəzən Rayon Məhkəməsinin 2(059)-66/2024 saylı mülki işi üzrə də tərəf olmuşlar. Həmin iş üzrə də mübahisə predmeti və əsaslar eynilə hazırkı işdə olduğu kimi olmuşdur. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 2(059)-66/2024 saylı qətnamədən görünür ki, İddiaçı, Cavabdehdur. Mübahisə predmeti aliment tələbi ilə bağlıdır. Eyni zamanda hazırki iş üzrə də İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə müraciət etmişdir. Göründüyü kimi tərəflər, predmet və əsaslar eyni olmaqla, iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Məhkəmədə müəyyən edildi ki, əvvəlki qətnamənin qəbul edilməsindən 4 ay kimi çox qısa müddət keçmişdir. İddiaçı bu qısa müddət ərzində vəziyyətin dəyişməsini əsaslandıra bilməmişdir. Bununla da müəyyən edilir ki, iddia tələbi üzrə yeni əsaslar yaranmamışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi özünün və uşağının səhhəti ilə bağlı hallar, kirayəçi olaraq yaşaması, sosial vəziyyətinin yaxşı olmaması hallarını əvvəlki qətnamə qəbul edilən zaman da bilirdi və özünün saxlanması üçün alimentlə bağlı tələbi də iddia ərizəsində qeyd edə və ya iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə müraciət edə bilərdi. Hazırkı tələb üzrə əsaslar məhkəmənin 2(059)- 66/2024 saylı mülki iş üzrə mövcud olan əsasları ilə tamamilə eynidir. Məhkəmə qeyd edir ki, iddiaçı eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Mahiyyəti üzrə baxılmış və yekun məhkəmə aktı qəbul edilmiş iş üzrə sübut edilmiş hallar məhkəmə tərəfindən təkrarən sübut edilmir. Əgər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə sübut edilmiş və ya təkzib edilmiş hallar təkrarən məhkəmə tərəfindən sübut olunarsa bu, preyudisiallıq institunun mahiyyətinə zidd olmuş olar. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(059)-66/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair 2(003)-1526/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar