Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1558/2021 14.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı uşaqların ananın yanında saxlanılması tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.10.2006-cı il təvəllüdlü X1 və 16.01.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25.01.2016-cı il tarixli 2(003)-250/2016 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında 22.09.2004-cü il tarixdə Bakı şəhəri Xəzər rayon VVADQ şöbəsində 604 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 29.10.2006-cı il təvəllüdlü X3 və 16.01.2008-ci il təvəllüdlü X4 adlı uşaqların İddiaçı yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bəhmən oğlundan 25.01.2016-cı il tarixdən başlayaraqhər uşağa görə hər ay sabit aliment qismində 117 manat olmaqla, cəmi 234 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi çıxarıldığı tarixdən bu günədək artıq 5 il ötmüşdür. Bu müddət ərzində yaşayış minimumunun həddi müəyyən qədər yüksəldilmişdirHazırda bu məbləğ Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən 175 manat müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin məbləği qeyd olunan qanunla müəyyən edilmiş həddə müəyyən olunmalıdır. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.10.2006-cı il təvəllüdlü X3 və 16.01.2008-ci il təvəllüdlü X2 onun yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 29.10.2006-cı il təvəllüdlü X3 və 16.01.2008-ci il təvəllüdlü X4 onun himayəsindədirlər və onların maddi tələbatı onun tərəfindən ödənilir. Məhkəmə iclasında İddiaçı ilk iddia tələbini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh qarşılıqlı tələbini müdafiə edərək təmin edilməsini, ilk iddia tələbinin isə qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25.01.2016-cı il tarixli 2(003)-250/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 22.09.2004-cü il tarixdə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon VVADQ şöbəsində 604 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 29.10.2006-cı il təvəllüdlü X3 və 16.01.2008-ci il təvəllüdlü X4 adlı uşaqların İddiaçı yanında qalması, 29.10.2006-cı il təvəllüdlü X3 və 16.01.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bəhmən oğlundan 25.01.2016-cı il tarixdən başlayaraq hər uşağa görə hər ay sabit aliment qismində 117 manat olmaqla, cəmi 234 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir Məhkəmə qeyd edir ki, hazırki ilk iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı cavabdehlə birgə nikahdan doğulmuş iki uşağının müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırkı halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi ilk iddia üzrə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni ilk iddia üzrə cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25.01.2016-cı il tarixli 2(003)-250/2016 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, 29.10.2006-cı il təvəllüdlü X3 və 16.01.2008-ci il təvəllüdlü X2 yekinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı uşaqların ananın yanında saxlanılması tələbinə dair iddiaya münasibətdə məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 29.10.2021-ci il tarixli, 1483 saylı rəyindən görünür ki, Komissiya, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 29.10.2006-cı il təvəllüdlü X3 və 16.01.2008-ci il təvəllüdlü X2 öz şəxsi istəklərini nəzərə alaraq onların bundan sonra da anaları İddiaçı himayəsində saxlanılmaları və bu səbəbdən də İddiaçı aliment tələbinə dair iddia ərizəsinin təmin olunması azyaşlıların gələcək mənafeyi üçün məqsədəuyğun hesab etmişdir. Məhkəmə yuxarıda sadalananlara münasibətdə ilk öncə uşaqların bugünədək analarının yanında qalması səbəblərinə və şəraitinə, onların anadan alınaraq atalarına verilməsinin məqsədəuyğun olub-olmamasını qiymətləndirilməsini zəruri sayır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ilk iddia üzrə iddiaçı ilə ilk iddia üzrə cavabdeh arasında ailə münasibətləri pozulduğundan tərfələr arasında bağlanmış olan nikaha Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25.01.2016-cı il tarixli 2(003)- 250/2016 nömrəli qətnaməsi ilə xitam verilmiş və tərəflərin birgə nikahlarından olan 29.10.2006-cı il təvəllüdlü X3 və 16.01.2008-ci il təvəllüdlü X4 analarının himayəsinə verilmişdir. Həmin müddətdən uşaqlar İddiaçı ilə birlikdə yaşayırlar. O, uşaqların tərbiyəsi ilə özü məşğul olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə də məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə, iddiaçının şəxsən öz uşaqlarının qayğısına qalıb onları böyütmək, tərbiyə etmək arzusunda olmasını və bir ana, valideyn kimi qanunvericilikdə bu hüquqa malik olmasını, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, həmçinin uşaqların fikrini nəzərə alaraq qeyd edir ki, azyaşlıların ananın himayəsində qalıb böyümələri onların mənafeyinə uyğundur. Çünki, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşaqların mənafeyi üstün tutulmalı, onların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il № 8- 2/2016 7.1-ci bəndində yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Əvvəla məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşaqlar 2006 və 2008-ci il təvvəllüdülü olmaqla azyaşlıdırlar. Bununla yanaşı, azyaşlılar doğulduqları vaxtdan anaları ilə birlikdə olmaqla daimi olaraq onun himayəsində olmuşlar. Bununla bağlı məhkəmə hesab edir ki, azyaşlıların artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından da hazırda yanında qaldıqları eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. BMT Baş Məclisinin 1386 (XİV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından tam məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25.01.2016-cı il tarixli 2(003)-250/2016 nömrəli qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçıının xeyrinə tutulan alimentin miqdarı artırılmalı, 29.10.2006-cı il təvəllüdlü X3 və 16.01.2008-ci il təvəllüdlü X2 yekinlik yaşına çatanadək saxlanılmaları üçün ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı xeyrinə hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment tutulmalı, ilk iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı qarşı tərəflərin birgə nikahından doğulmuş 29.10.2006-cı il təvəllüdlü X3 və 16.01.2008-ci il təvəllüdlü X2 onun yanında saxlanılması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği (bir uşağa münasibətdə) 33 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 792 manat (33x2x12=792) müəyyən edildilməklə iddianın qiyməti 500 manatdan çox olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25.01.2016-cı il tarixli 2(003)-250/2016 nömrəli qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçıının xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 29.10.2006-cı il təvəllüdlü X3 və 16.01.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı xeyrinə, hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. İlk iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Cavabdeh 30 (otuz) manat alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1558/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1558/2021
14.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver