Məhkəmə qərarları › İş №2(003)-1573/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1573/2025

09.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1573/2025 09.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 2302/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ miqdarında alimentin dəyişdirilərək ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli 2(003)-4690/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh qətnamənin qanuni qüvvələ mindiyi tarixdən başlayaraq iddiaçının xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və ya başqa gəlirinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Lakin uşaq böyüdükçə və tələbatları artıqca iddiaçı onun tələbatlarını tək ödəyə bilmir, uşaq orta məktəbdə təhsil alır, iddiaçı heç bir yerdə işləmir. İddiaçı maddi olaraq anası dəstək olur. Ailə Məcəlləsinin 12.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa,məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxstərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment özəməkdən azad edilə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa 1-ci maddəsinə əsasən əhalinin əsas sosial-demokratik qrupları üzrə yaşayış minimum məbləği 2025-ci il üçün yaşayış mimimumu ölkə üzrə 285 manat, əmək abiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğidə müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlara dəyişiklik edilməsi” barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarı ilə Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifarə edildiyi hallarda,indeksasiya maraqlı tərəfin ərizəsi əsasmdas icraya nəzarət edən məhkəmə tərəfindən AR MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2302/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ miqdarında alimentin dəyişdirilərək ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh aylıq qazancının 500 manat təşkiil etdiyini və iddiaçıya hər ay 200 manat məbləğində aliment verməyə maddi imkanının çatdığını qeyd edərək, iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. .Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 2302/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli, 2(003)-4690/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh qətnamənin qanuni qüvvələ mindiyi tarixdən başlayaraq iddiaçı X1 xeyrinə 21 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və ya başqa gəlirinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İ 235073 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah xx.xx.2016-cı il tarixli, 32 saylı akt qeydi ilə Xəzər rayonu Qeydiyyat Şöbəsində pozulmuş, nikah pozulduqdan sonra qadına Mustafayeva soyadı verilmişdir. İş materiallarında olan Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ 313182 saylı doğum haqqında şəhadətnamədən görünür ki, atası Cavabdeh, anası X3 olan X4 21 may 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 27 may 2014-cü il tarixdə 1086 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-00993 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə, saat 11:20-yə təyin olunmuş mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə iştirak edərək kargüzarlıq xərci də daxil olmaqla 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: G.P.İsmayılov). Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludur; uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır; digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqa malikdir; uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludur; uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsinin və təhsil formasını seçmək hüququna malikdirlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları 21 may 2014-cü il təvəllüdlü X4 iddiaçı X1 qızının himayəsindədirlər. İddiaçı bildirir ki, uşağın saxlanması üçün artan tələbat Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2302/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği ilə ödənilə bilmir. Ona görə də, alimentin dəyişdirilərək ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, 2025-ci il üçün ölkə üzrə minimum əmək haqqı 400 manat təşkil etmişdir. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: Həmin yarımbəndə qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə iddiaçının alimentin artırılması tələbinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır: 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir; 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2302/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay uşağın saxlanılması üçün əmək haqqının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Məhkəmə tərəflərin birgə nikahından olan uşaqları 21 may 2014-cü il təvəllüdlü X2 ananın himayəsində olmasını, azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2302/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh 21 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment dəyişdirilərək, hər ay 200 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iddia xx.xx.2025-ci il tarixdə məhkəməyə verilmişdir. 2025-ci il üçün ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat təşkil etmişdir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə uşağa 200 manat məbləğində aliment təyin etmişdir. Bu isə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,50 mislində alimentin tutulması deməkdir(200:400=0,50). Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Cavabdeh 21 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2302/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 21 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar