Məhkəmə qərarları › İş №2(003)-1586/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1586/2023

01.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1586/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki nikaha girərək ailə həyatı qurmuş, el adəti ilə toyları olsa da rəsmi nikahları olmamışdır. Aralarında olan nikahı xx.xx.2018-ci il tarixldə 178 saylı akt qeydi ilə 1 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzi Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Rəsmi nikahları olmadığından birinci ovladı olan 2016-cı il təvəllüdlü X5 üçün doğum haqqında şəhadətnamə alarkən Cavabdeh uşağın atası olmasını etiraf etmiş və həmin şəhadətnamədə Cavabdeh X1 atası kimi göstərilmişdir. xx.xx.2018-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin 409 saylı nömrə ilə qeydə alınmış AZ-İ Ne 350362 saylı şəhadətnamə verilmişdir. xx.xx.2017-ci il təvəllüdlü X7 adlı bir ovladları da anadan olmuşdur. Lakin bir müddətdən sonra cavabdehlə aralarında münasibətləri korlandı və onlar ayrıldı, cavabdeh onunla və uşaqlarla maraqlanmır, onların maddi ehtiyaclarını ödəmir. Uşaqlar iddiaçının himayəsindədirlər və onların bütün maddi tələbatlarını tək ödəmək onun üçün çox çətindir. Cavabdeh uşaqların atası olduğundan onların saxlanmasında yaxından iştirak etməli, maddi və mənəvi saxlanmasında ona kömək etməlidir. Bu onun valideynlik borcudur. Cavabdeh bu müddət ərzində bir ata kimi uşaqlarına nə maddi cəhətdən, nə də mənəvi cəhətdən hər hansı bir köməklik göstərməmiş, uşaqların maddi tələbatları ilə maraqlanmır, cavabdeh heç ailə kimi birlikdə yaşayarkən də, ailənin maddi tələbatlarını qarşılamırdı. İddiaçı işləmir və heç bir maddi gəliri yoxdur, övladlarının təminatını təmin edə bilmir, bu səbəbdən də övladlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün qanunla müəyyən olunmuş qaydada cavabdehdən aliment tutulması zərurəti yaranmışdır. Ona görə də xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi cavabdehdən hər ay hər uşağa 220,0 manat, cəmi 440,0 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh X2 ilə xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 178 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Xəlilov, arvada Xəlilova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsi tərəfindən verilmiş 9068 saylı xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış sahəsində qeydiyyatsız yaşayırlar. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X7 adlı övladları olmuşdur. Tərəflərin nikahından anadan olmuş uşaqları hal-hazırda iddiaçının himayəsindədir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, uşağın saxlanmaları üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220,0 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur ki, bu vəzifələr alimentin müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq digər halların nəzərə alınmasıdır. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin tələb edilən alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün 220,0 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, göstərilənlər ümumilikdə cavabdehin uşağın saxlanılmasında, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, cavabdehin başqa nikahından olan uşağına görə aliment ödəməsinin, işin yuxarıda qeyd edilən hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşağın saxlanılması üçün 180,0 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Məhkəmə, uşaqların sayını, onların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, iddiaçının uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia aliment hissəsində qismən təmin edilməli, iddiaçıdan tutulmalı olan alimentin miqdarı hər ay hər bir uşağa görə 180,0 (yüz səksən) manat olmaqla, cəmi 360,0 (üç yüz altmış) manat miqdarında müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının alimentin tutulması barədə ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissədə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar