Məhkəmə qərarları › İş №2(003)-1595/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1595/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1595/2021 04.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi ilə İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1230 manat sığorta ödənişi məbləğinin, 800 manat işlərin görülməsi və 30 manat dövlət rüsumunun, cəmi 2060 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə X1 arasında 28.01.2016-cı il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21154” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 15.10.2016-cı il tarixdə “VAZ 21 154” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Bilgəh-Buzovııa yolunda yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21074” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 1 230.00 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Xəzər RPİ TŞ-nin “xxxx" ASC-yə təqdim etdiyi 02.11.2016-cı il tarixli, 05524271-1216 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21154” markalı. ** NC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət etməklə, iddia tələbini müdafiə edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 02.11.2016-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh əməlində İnzibati Xətalar Məcəlləsinin 332.2-ci və 335.1-ci maddələrinin tərkib əlamətləri yarandığından barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qərarın surətinin icra olunması üçün Xəzər DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 1701/16/AA-1202/16 saylı sığorta aktının surətindən görünür ki, «VAZ 21074» markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1230 manat X2 ödənilmişdir. İs materiallarında olan nəqliyyat vasitəsinin qeydiyat şəhadətnaməsinin surətindən görünür ki, «VAZ 21074» markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. İs materiallarında olan ƏN-İİİ seriyalı 894315 saylı nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, «VAZ 21074» markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobili 31.08.2026-cı il tarixədək X2 etibar edilmişdir. İş materiallarında olan hesablamadan görünür ki, «VAZ 21074» markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1230 manat təşkil edir. İş materiallarında olan «xxxx» ASC tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, ona 1230 manat məbləğində pulun 10 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmişşəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmişşəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan X3 məxsus “VAZ 21154” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobil qanunsuz əsaslarla Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi «VAZ 21074» markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Qanunun yuxarıda qeyd olunan müddəalarının tələblərinə əsasən cavabdeh yol-nəqliyyat hadisəsi törətməklə sözügedən digər avtomobilə zərər vurması məhkəmə araşdırması zamanı təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq cavabdehdən 1230 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 800 manat çəkilmiş xərclərin tutulması hissəsində münasibətdə qeyd edir ki, həmin məbləğin konkret olaraq nədən ibarət olması və buna dair tələbin qanuni əsası tapılmamaqla tələbin həmin hissəsi ilə bağlı sübut təqdim edilmədiyindən həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1230 manat sığorta ödənişi və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 1260 (bir min iki yüz altmış) manat tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar