Məhkəmə qərarları › İş №2(003)-1682/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1682/2020

06.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1682/2020 06.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxx 2010-cu il təvəllüdlü X2 onun yanında qalmaları və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən onun xeyrinə hər uşağa görə hər ayda 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2006-cı ildə qeyri-rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx xxxxxxxx 2008-ci il təvəllüdlü X4 və xx xxxx 2010-cu il təvəllüdlü X5 adlı iki övladları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamış, lakin sonradan münasibətləri kəskinləşmiş, xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Aralarında dəfələrlə mübahisə yaranmışdır. Yaranan mübahisələrə görə o, bir evin altında, lakin ayrı otaqdan və yardımçı sahələrdən istifadə etməli olmuşdur. Cavabdeh uşaqlarını ondan alaraq, onun yaşadığı otaqlarda işıq, su, qaz xəttini kəsərək o evdə yaşamağına mane olmuşdur. Artıq onunla bir evdə yaşamaq mümkün olmamış, nəticədə o, anasıgilin evinə sığınmışdır. Bütün bunları görən uşaqlar hazırda onunla qalmağa razılıq vermişlər. Uşaqlarının ataları tərəfindən götürüləcəyi, ona verilməyəcəyindən qorxduğu üçün hesab edir ki, aralarında nikah olmasa da qətnamənin gələcəkdə icrasının mümkün olması üçün onların onun yanında qalmaları müəyyən olunmalıdır. O, bu günə kimi uşağının xatirinə bütün bunlara dözmüşdür. Artıq birgə təsərrüfat aparmırlar, ayrı yaşayırlar. Qızı Rüqəyya əməliyyat olunmuş, əməliyyat xərclərini özü ödəmişdir. Hazırda qızının mütəmadi müalicəyə ehtiyacı vardır. Bundan başqa böyük qızı Məhsumə qan azlığı, sümüklərin tam qidalanmaması və revmatizma, linfa vəzlərinin şişməsindən əziyyət çəkir və buna görə də daima müalicəyə ehtiyacı vardır. Bütün bunlar əlavə xərclər yaradır. Hesab edir ki, uşaqlar onunla qalmalı və onların saxlanılması üçün cavabdeh onun xeyrinə hər uşağa görə hər ayda 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment ödəməlidir. Qeyd olunanlara əsasən, xx xxxxxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxx 2010-cu il təvəllüdlü X2 onun yanında qalmaları və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən onun xeyrinə hər uşağa görə hər ayda 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, iddiaçı ilə xx xxxxxx 2006-cı ildə qeyri-rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx xxxxxxxx 2008-ci il təvəllüdlü X4 və xx xxxx 2010-cu il təvəllüdlü X5 adlı iki övladları doğulmuşdur. Uşaqlarının ikisini də o, müalicə etdirmişdir. Uşaqlar onun yanında qalmışlar və yaxın zamanda analarının yanına getmişlər. Uşaqlar onu istəyir. Hal-hazırda uşaqların ananın yanında qalmasına və hər uşaq üçün 125 manat aliment ödəməyə razıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarına və iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən, İddiaçı ilə Cavabdeh faktiki nikahlarından iki uşaqları – xx xxxxxxxx 2008-ci il təvəllüdlü X4 və xx xxxx 2010-cu il təvəllüdlü X5 doğulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1. və 22.2.2. maddələrinin tələbində göstərilir ki, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və aliment məsələsini həll etməlidir. Məhkəmə uşaqların valideynlərindən hansının yanında qalması məsələsinin ədalətli araşdırılması məqsədilə alınmış Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli 1031 saylı rəyindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından dünyaya gəlmiş xx xxxxxxxx 2008-ci il təvəllüdlü X4 və xx xxxx 2010-cu il təvəllüdlü X2 öz şəxsi istəklərini nəzərə alaraq analarının yanında qalmaları azyaşlıların mənafeyi üçün uyğun hesab edilmişdir. Məhkəmə, tərəflərin birgə nikahından olan uşaqların anaya və bir-birinə bağlılığını, azyaşlı olmalarını, eyni zamanda, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərə alaraq hesab edir ki, uşaqlar anasının (iddiaçının) yanında qalmalıdırlar. İşin məhkəmə iclasında tədqiq olunan hallarından məlum olur ki, iddiaçı cavabdehlə birgə nikahından olan uşaqların saxlanması üçün cavabdehlə aralarında razılıq olmadığından sonuncudan hər ay sabit pul məbləğində aliment tutulmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İddia tələbindən görünür ki, cavabdehdən uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması məhkəmədən xahiş olunmuş, lakin iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz iddia tələbini aliment ödəməli olan şəxsin maddi vəziyyətinin tələb olunan aliment məbləğini ödəməyə uyğun olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «X9» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə, qanunvericiliyinqeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşaqların mənafeyini, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «X9» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, birgə nikahdan doğulmuş xx xxxxxxxx 2008-ci il təvəllüdlü X4 və xx xxxx 2010-cu il təvəllüdlü X5 anası İddiaçı yanında qalmalı, Cavabdeh İddiaçı xeyrinə, xx xxxxxxxx 2008-ci il təvəllüdlü X4 və xx xxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxx 2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutulmalı, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Birgə nikahdan doğulmuş xx xxxxxxxx 2008-ci il təvəllüdlü X4 və xx xxxx 2010-cu il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılsın. Cavabdeh İddiaçı xeyrinə, xx xxxxxxxx 2008-ci il təvəllüdlü X4 və xx xxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxx 2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar