Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1829/2020 27.07.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin dəqiqləşdirilməsi və alimentin 2014-cü ilin aprel ayından hər ay 300 manat sabit pul məbləğində tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən xx xxxx 2013-cü il tarixdən başlayaraq, xx xxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsində alimentin onun xeyrinə tutulmuşdur. Oğlu onunla qalır və bütün ehtiyaclarını özü ödəyir. Cavabdeh rəsmi işlədiyi Səbail Rayon Polis İdarəsindən işdən azad olunduğundan, 2014-cü ilin aprel ayından ona aliment ödəmir və uşağın saxlanılması üçün heç bir maddi yardım göstərmir. Bu fakt Bakı şəhər X8 Xəzər Rayon İcra Şöbəsinə ünvanladığı məktubla təsdiqlənir. Bu səbəbdən də əvvəlki dövr üçün, yəni 2014-cü ilin aprel ayından alimentin sabit pul məbləğində tutulmasını istəyir. Qeyd olunanlara əsasən, xx xxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin dəqiqləşdirilməsi və alimentin 2014-cü ilin aprel ayından hər ay 300 manat sabit pul məbləğində tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, İddiaçı ilə Cavabdeh xx xxxxx 2001-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan bir uşaqları – xx xxxxxx 2012-ci il tarixdə X4 doğulmuşdur. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(003)-957/2013 №-li qətnaməsi ilə X5 və Cavabdeh arasında xx.xx.2011-ci ildə bağlanmış və Yasamal Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 445 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından olan uşağın anasının yanında qalması, xx.xx.2013-cü il tarixdən başlayaraq xx xxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(003)-957/2013 №-li qətnaməsinə əsasən iddiaçıya ödəməli olduğu vəsait yetkinlik yaşına çatmayan uşağın, xx xxxxxx 2012-ci il təvəllüdlü X1 üçün onun minimum xərclərini ödəmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(003)-957/2013 №-li qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən uşağın saxlanması üçün ayda 300 manat sabit pul məbləğində alimentin tutulması məhkəmədən xahiş olunmuş, lakin iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz iddia tələbini əsaslandıran, yəni cavabdehin tələb edilən məbləğdə alimenti ödəmək imkanının olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan X2 mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx xxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(003)-957/2013 №-li qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda, iddia tələbindən görünür ki, dəyişdirilmiş aliment məbləğinin 2014cü ilin aprel ayından tutulması xahiş olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh rəsmi işlədiyi Səbail Rayon Polis İdarəsindən işdən azad olunduğundan, 2014-cü ilin aprel ayından ona aliment ödəmir. İş materiallarına əlavə edilmiş Bakı şəhər X8 xx.xx.2014-cü il tarixli məktubunun surətindən görünür ki, Səbail RPİ-nin müvafiq əmrinə əsasən borclu Cavabdeh DİO-dan xidmətdən xaric edilmişdir, bununla əlaqədar alimentin tutulması dayandırılaraq icra vərəqi geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Xəzər rayon icra şöbəsinə ünvanlanmış məktubun surətindən görünür ki, ərizəçi icra şöbəsinə müraciət edərək 4 illik alimentin ödənilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Qanunun tələbindən görünür ki, aliment almaq üçün məhkəməyə müraciət etmədən iddiaçının tədbirlər görməsini, lakin alimenti ödəməli olan şəxsin onu verməkdən boyun qaçırmasını məhkəmə müəyyən etdikdə, əvvəlki dövr üçün də aliment tutula bilər. Qanunda bu müddət 3 illik müddətlə məhdudlaşdırılıb. Səbəbindən asılı olmayaraq, keçmiş müddət üçün 3 ildən artıq ödənişə yol verilmir. Aliment almaq üçün iddiaçının tədbirlər görməsi dedikdə, aliment ödəməli şəxsə dəfələrlə müraciət edilməsi, saziş əldə etmək, onun yaşayış, iş və təhsil yerini aşkar etmək üçün cəhdlər göstərilməsi, onun axtarışı və s. nəzərdə tutulur. Aliment verməkdən boyun qaçırma dedikdə, iş, təhsil, yaşayış yerinin, gəlirin gizlədilməsi, aliment ödəmək barədə saziş bağlamaqdan imtina edilməsi, aliment ödənişlərinin müntəzəm gecikdirilməsi və s. başa düşülməlidir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən bu halları təsdiq edən əsaslı və mötəbər sübutlar təqdim edilməmişdir. Bundan əlavə, həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən, bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Aliment üzrə borc dedikdə məhkəmə qətnaməsi və yaxud aliment ödənilməsi barədə sazişlə faktiki ödənilmədiyi üçün yığılıb qalan borc başa düşülür. Borcun müəyyən edilməsi müddətinin 2 növü fərqləndirilir: 3 il müddət həddində aliment üzrə borcların müəyyən edilməsi; 3 illik müddətdən asılı olmayaraq aliment üzrə borcların müəyyən edilməsi. Birinci halda aliment ödəməli olan şəxsin işləməməsi, xəstələnməsi, başqa yerdə olması və s. nəzərdə tutulur. İkinci halda isə alimentin ödənilməməsi onu ödəməli olan şəxsin təqsiri ilə əlaqədar olur, məsələn, aliment ödəməkdən yayınmaq üçün qaçıb gizlənmək, gəlirləri barədə məlumat verməmək və s. Aliment üzrə borcların hesablanmasını icra məmuru həyata keçirir. Bu zaman aliment borcları alimentin ödənilməsi qaydasından asılı olaraq (gəlirdən hissə ilə ödəmə, sabit məbləğdə ödəmə, naturada ödəmə və s.) hesablanıb verilir. Aliment məbləğinin indeksləşdirilməsi də tələb olunursa, bu qayda tətbiq edilir. Beləliklə yığılan borcun tutulması ilə bağlı iddiaçı icra məmuruna müraciət etməli, tələbi təmin edilmədikdə, icra məmurunun hərəkətindən şikayət etmək hüququna da malikdir. İş materiallarından da görünür ki, cavabdeh 2014-cü ildə işdən xaric edilmişdir. Həmin vaxtdan 6 il keçməsinə baxmayaraq, iddiaçı bir dəfə icra şöbəsinə müraciət etmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi dəyişdirilmiş aliment məbləğinin 2014-cü ildən tutulması hissəsində rədd edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «X7» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatadan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(003)- 957/2013 №-li qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx xxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalı, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(003)- 957/2013 №-li qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək artırılsın və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx xxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə rəddedilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1829/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1829/2020
27.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver