Məhkəmə qərarları › İş №2(003)-1866/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1866/2021

29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1866/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.04.2009-cu il təvəllüdlü X1 və 30.05.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3170/2018 saylı 27.12.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək, 19.04.2009-cu il təvəllüdlü X1 və 30.05.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(003)-3170/2018 saylı qətnaməsi əsasında Cavabdeh ilə aralarında olan nikah pozulmuş və övladları 19.04.2009-cu il təvəllüdlü X1 və 30.05.2012ci il təvəllüdlü X2 onun yanında qalması və hər uşaq üçün onun xeyrinə 154 manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. Lakin cavabdehlə münasibətləri normallaşdığından və uşağın saxlanması üçün kömək edəcəyini bildirdiyindən almentdən imtina etmişdir. Hazırda övladlarının saxlanılması cavabdehin ödədiyi pul xərcləri qarşılamır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış miqimumu da dəyişdirilmiş və 2021-ci ildə hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf etməyərək, izahatında bildirdi ki, hərbiçi olmaqla əmək haqqı 1000 manat təşkil edir. İkinci dəfə ailə qurmaqla ailə həyatı qurmuşdur. Valideynləri onun öhdəliyindədir. Uşaqlara alimenti vaxtlı vaxtında ödəyir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27.12.2018-ci tarixli 2(003)-3170/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikahın pozulması, 19.04.2009-cu il təvəllüdlü X4 və 30.05.2012-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması, Cavabdeh 10.04.2018-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə 19.04.2009-cu il təvəllüdlü X4 və 30.05.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi (artırılmasını) əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək istehlak qiymətləri və.s dəyişmiş, həmçinin, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3170/2018 saylı iş üzrə 27.12.2018-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşaqların böyüdükcə artan tələbatları nəzərə alınmaqla üçdə bir hissədə tutulmalıdır. Cavabdehin hazırda ikinci dəfə nikaha girməsi və ata-anasının öhdəsində olması dəlilinə münasibətdə isə nəzərə almaq lazımdır ki, bu hal onu övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Eyni zamanda məhkəmə qeyd edir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin daha az məbləğdə müəyyən edilməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27.12.2018-ci il tarixli 2(003)-3170/2018 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19.04.2009-cu il təvəllüdlü X3 və 30.05.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27.12.2018-ci il tarixli 2(003)-3170/2018 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19.04.2009-cu il təvəllüdlü X1 və 30.05.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar