Məhkəmə qərarları › İş №2(003)-1928/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1928/2021

05.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1928/2021 05.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh Haşımov Bəxtiyar Əlibəndə oğlunun iştirakı ilə İddiaçı Haşımova Şəhla Eyub qızının cavabdeh Haşımov Bəxtiyar Əlibəndə oğluna qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Haşımova Şəhla Eyub qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş uşaqları 26 iyul 2007-ci il təvəllüdlü Haşımova Aliyə Bəxtiyar qızı, 05 fevral 2009-cu il təvəllüdlü Haşımova Məryəm Bəxtiyar qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər bir uşağa görə hər ay 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdeh Haşımov Bəxtiyar Əlibəndə oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, o, cavabdeh Haşımov Bəxtiyar Əlibəndə oğlu ilə 03 mart 2009-cu il tarixdə rəsmi nigaha daxil olaraq, ailə qurmuşdur. Birgə nigahlarından Haşımova Aliyə Bəxtiyar qızı 26.07.2007-ci il təvəllüdlü və Haşımova Məryəm Bəxtiyar qızı 05.02.2009-cu il təvəllüdlü doğulmudur. Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət ailədə normal münasibətdə yaşamışlar. Lakin sonradan cavabdeh ilə ailədə münasibətləri pozulmuşdur. Onunla xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Cavabdeh uşaqların saxlanılmasında ona heç bir köməklik göstərmir. Hazırda uzun müddətdir ki, valideynlərinin yanında qalır və heç bir yerdə işləmir. Onun və uşaqlarının tələbatlarını qardaşı ödəyir. Cavabdeh isə heç onlarla maraqlanmır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Həmçinin məhkəməyə ərizə ünvanlayaraq işə onun iştiakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edirək, ondan uşaqların saxlanılması üçün aliment tutulmasına etiraz etmədiyini bildirdi, həmçinin təyin ediləcək alimentin 100-120 manat olmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən 03.03.2009-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Haşımov Bəxtiyar Əlibəndə oğlu ilə Babayeva Şəhla Eyub qızı nikah adaxil olmuşlar, nikahdan sonra arvada Haşımova soyadı verilmişdir. Bu barədə nikah qeydləri kitabında 91 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Haşımova Aliyə Bəxtiyar qızı 26.07.2007-ci il tarixdə doğulmuşdur. Onun atası Haşımov Bəxtiyar Əlibəndə oğlu, anası Haşımova Şəhla Eyub qızıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Haşımova Məryəm Bəxtiyar qızı 05.02.2009-cu il tarixdə doğulmuşdur. Onun atası Haşımov Bəxtiyar Əlibəndə oğlu, anası Haşımova Şəhla Eyub qızıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Cavabdehdən uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, ananın hazırda işləməməsini, həmçinin cavadehin maddi imkanın olmaması, daimi iş yerinin olmamasını nəzərə alaraq hesab edir ki, 26 iyul 2007-ci il təvəllüdlü Haşımova Aliyə Bəxtiyar qızı, 05 fevral 2009-cu il təvəllüdlü Haşımova Məryəm Bəxtiyar qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 145 manat miqdarında alimentin məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti baxımından ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə 06.04.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 06.04.2021-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 26 iyul 2007-ci il təvəllüdlü Haşımova Aliyə Bəxtiyar qızı, 05 fevral 2009-cu il təvəllüdlü Haşımova Məryəm Bəxtiyar qızının yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 06.04.2021-ci il tarixdən hesablanmaqla cavabdeh Haşımov Bəxtiyar Əlibəndə oğlundan hər ay hər uşağa görə 145 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Haşımova Şəhla Eyub qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 26 iyul 2007-ci il təvəllüdlü Haşımova Aliyə Bəxtiyar qızı və 05 fevral 2009-cu il təvəllüdlü Haşımova Məryəm Bəxtiyar qızının yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 06.04.2021-ci il tarixdən hesablanmaqla cavabdeh Haşımov Bəxtiyar Əlibəndə oğlundan hər ay hər uşağa görə 145 (bir yüz qırx beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Haşımova Şəhla Eyub qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Haşımov Bəxtiyar Əlibəndə oğlundan 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar