Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1935/2021 19.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yanlış məlumatların təkzib edilməsi və cavabdeh tərəfindən yeni ərizə verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən barəsində qeyd edilmiş yanlış məlumatların təkzib edilməsi və ərizəsində qeyd edilən tarixdə onun tərəfindən ödənilən alimentlərin miqdarının düzgün göstərilərək borcunun olmaması barədə yeni ərizənin şöbəyə təqdim edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, 27.02.2021-ci il tarixində Xəzər Rayon İcra şöbəsinin (bundan sonra- “şöbə”) icraatında olan icra işi ilə əlaqədar tərəfindən 07.01.2020-07.03.2021-ci il müddət ərzində (14 ay üzrə - cəmi 4760 manat) alimentlərin ödənilməsini təsdiqləyən məlumatın (arayışın) ona göndərilməsini xahiş etmiş və bu barədə müvafiq bank sənədlərini ərizəsinə əlavə etmişdir. Bundan xəbər tutan cavabdeh şöbəyə öz 09.03.2021-ci il tarixli ərizəsi ilə müraciət edərək burada qeyd edir ki, guya ondan 05.03.2021-ci il tarixində 3060 manat aliment alıb, həmin tarixə guya onun cavabdehə 340 manat aliment borcu var və bu borcun ödənilməsi üçün hətta ona qarşı tədbirlərin görülməsini xahiş edir. Bu ərizəni cavabdehdən şöbə rəisinin müavini Ələddin Paşayev qəbul edib, ərizəsinə cavab məktubu məhkəmə icraçısı Rauf Ələsgərov tərtib edib və şöbə rəisi İdris Həsənquliyev imzalayıb. Yəni cavabdehin ərizəsindəki məlumatlar şöbənin ən azı 3 nəfər əməkdaşı arasında yayılıb. Ərizədəki cavabdeh tərəfindən yazılan məlumatlara gəldikdə isə, onlar həqiqətə uyğun olmayan və təhrif olunmuş şəkildə yazılıb. Belə ki, ərizədə yazılır ki, guya 05.03.2021-ci il tarixdə cavabdeh ondan 3060 manat miqdarında aliment pulu alıb, halbuki müvafiq bank sənədlərindən də müəyyən olunduğu kimi, göstərilən tarixdə cavabdeh ondan əslində 4760 manat miqdarında aliment vəsaiti alıb. Guya həmin vaxt onun cavabdehə 340 manat borcu olmasına dair ərizədə yazılanlara gəldikdə isə,hamıya məlum olduğu kimi vaxtaşırı mütləq vəsaitlərin (əmək haqqı, təqaüd,aliment və digər sosial müavinətlər və s.) ödənilməsi qanunvericiliklə həmin dövrün bitməsindən sonra həyata keçirilir, buna baxmayaraq, 07.03.2021 - 07.04.2021-ci il dövr üzrə 340 manat tərəfindən vaxtından əvvəl 01.04.2020 tarixdə ödənilib. Göründüyü kimi, cavabdehin ərizəsində, təhrif olunmuş və həqiqətə uyğun olmayan şəkildə yazılanlardan məlum olunur ki, guya cavabdeh ondan 3.060 manat aliment alıb və guya onun hələ 340 manat borcu var və buna görə də şöbənin əməkdaşlarından ona qarşı tədbirlərin görülməsini xahiş edir - bununla da ətrafdakılarda mənfi rəy yaradaraq ona qarşı qanunsuz hərəkətlərin edilməsini xahiş edir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh Xəzər rayon icra şöbəsinə 09 mart 2021-ci il tarixdə ərizə ilə müraciət etmiş, ərizəsində “İddiaçı mənə borcundan 05.03.2021 tarixində 3060 manat məbləğində aliment ödəmişdir. İddiaçı bugünkü tarixdə 340 manat məbləğində aliment borcu vardır. Aliment borcunun ödənilməsi üçün qanuni tədbirlər görülməsini xahiş edirəm” kimi ifadələr qeyd etmişdir. İddiaçı həmin ərizədə işlədilən yuxarıda göstərilən ifadələrin onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatlar olduğunu əsas gətirərək şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair hazırkı iddianı qaldırmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 05.04.2021-ci il tarixli məktubundan görünür ki, Rəcəbov X3 Bankın 02.04.2021-ci il tarixli hesabdan çıxarışına əsasən, X1 bank hesabına 04.03.2021-ci il tarixinədək 4760 manat məbləğində aliment ödəmişdir. Mart ayı üçün 340 manat məbləğində aliment borcu vardır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 21.04.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı Xəzər Rayon Məhkəməsinin 2(003)-571/2020 saylı, 13.08.2020-ci il tarixli icra vərəqəsinə əsasən X2 ödənilməli olan aylıq aliment ödənişlərini 07.04.2021-ci il tarixədək tam olaraq ödəmişdir. Növbəti aylıq aliment ödənişi 07.05.2021-ci il tarixədək təşkil edəcəkdir. Göründüyü kimi, iddiaçı tərəfindən irəli sürülən faktlar sübutlarla, iş materialları və işin məhkəmə iclasında müəyyən edilən halları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 14 may 1999cu il tarixli qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatların vətəndaşların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarının məzmunundan göründüyü kimi, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən araşdırılmalı olan birinci hal məlumatların vətəndaşların şərəf və ləyaqətini ləkələyib-ləkələməməsi məsələsidir. Məhkəmə iddiaçının öz uşaqlarının saxlanılması üçün aliment ödəməkdən yayınması və bununla bağlı tədbirlər görülməsi barədə cavabdehin səsləndirdiyi fikirlərin iddiaçının nüfuzunu ləkələyən ifadələr olmasına dair iddianı ağlabatan hesab edir. «De Xaess və Qiysels Belçikaya qarşı» işi üzrə qərarında Avropa Məhkəməsi müəyyən etmişdir ki, iki jurnalistin işi üzrə ittiham hökmü demokratik cəmiyyətdə zəruri olmamaqla Konvenisyanın 10-cu maddəsinin pozuntusunu təşkil etmişdir. Bu qərarın əsasını təşkil edən dəlillərdən biri ondan ibarət idi ki, jurnalistlərə irəli sürülmüş ittihamlar “onların fikirlər”indən ibarətdir, fikir isə mahiyyətinə görə sübut oluna bilməz. Avropa Məhkəməsi qeyd etmişdir ki, “Məsələyə bu işin kontekstində yanaşdıqda, sözügedən ittihamlar jurnalistlərin “fikirlərindən” başqa bir şey olmamaqla, adından da göründüyü kimi onların doğruluğunu müəyyən etmək qeyri-mümkündür. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı onun şərəf və ləyaqətini ləkələdiyini iddia etdiyi söz və ifadələrin «qiymətləndirici fikir», yaxud «fakt» xarakterli olması müəyyən edilməlidr. İş üzrə Cavabdeh şikayət ərizəsində onun ünvanına səsləndirdiyi iddiaçının aliment borcunu ödəməməsi ilə bağlı ifadələr barəsində tədbir görülməli olan qanun pozuntusunu ehtiva edir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, bu məlumatlar əslində fakt xarakterlidir. Həmin faktın doğruluğu isə iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı aliment borcunu ödəmişdir. MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda göstərilən fakt xarakterli məlumatların doğruluğu sübuta yetirilməmişdir. Əksinə iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının aliment öhdəliyini yerinə yetirməməsi aşkar edilməmişdir. Şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən araşdırılmalı sonuncu məsələ olan məlumatların yayılması məsələsinə gəldikdə, məhkəmə İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən yuxarıda göstərilən məlumatların Xəzər rayon icra şöbəsinə rəsmi şəkildə təqdim edilmiş ərizəsini nəzərə alaraq həmin halı təsdiq edilmiş hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə Xəzər rayon icra şöbəsinə əlavə ərizə göndərərək həmin məlumatları təkzib etmək və ödənilən alimentlərin miqdarını düzgün göstərmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən Xəzər rayon icra şöbəsinə 09 mart 2021-ci il tarixdə ünvanlanmış ərizədə qeyd edilmiş, İddiaçı mənə borcundan 05.03.2021 tarixində 3060 manat məbləğində aliment ödəməsi, İddiaçı həmin tarixdə 340 manat məbləğində aliment borcunun olmasına dair məlumatların düzgün olmadığı müəyyən edilməklə, cavabdehin üzərinə Xəzər rayon icra şöbəsinə əlavə ərizə göndərərək həmin məlumatları təkzib etmək və ödənilən alimentlərin miqdarını düzgün göstərmək vəzifəsi qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən:Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1935/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1935/2021
19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver