Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-194/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli OPT-757-0340-23 saylı müqavilənin ləğv edilməsi və paltaryuyanın geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixdə 1050 (bir min əlli) manat olmaqla "Samsung" markalı paltaryuyanı bir il zəmanət müddətilə almışdır. Sözügedən paltaryuyan yaşadığı evə quraşdırıldıqdan sonra işləməmişdir. Bu problemi cavabdehə bildirmiş, lakin cavabdeh tərəf müqavilə üzrə götürmüş öhdəliklərinə məsuliyyətsiz yanaşmış və alınan malı nə təmir etməmiş nə də əvəzləməmişdir. Bu səbəbdən o da kredit öhdəliyini yerinə yetirmədi. Eyni zamanda, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Kredex BOKT-la da həmin tarixli kredit müqaviləsi də bağlanmışdır. Yuxarıda qeyd etdiyi kimi təhvil aldığı məhsul nasaz olduğundan hər hansı ödəniş etməkdən imtina etmişdir. Hazırda da paltaryuyan işləmir. Cavabdehdən isə əşyasını götürməyini və müqavilələrin ləğv edilməsini tələb etmək üçün məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq qeyd etdi ki, mağazanın servisinə müraciət etsə də, paltaryuyanı təmir etməmişlər. Ona təmir ustası demişdir ki, paltaryuyana torpaqlama (zazemlenie) qoşulmalıdır. Onun evində “torpaqlama” qurulmamışdır. Lakin digər cihazlar torpaqlama olmadan işləyir və heç bir problem olmur. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Ə.M.Məmmədov iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və etiraz ərizəsinə uyğun izahat verdi. İzahatında qeyd etdi ki, iddiaçı onlara paltaryuyan maşının işlədiyini bildirmişdir. Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq o məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 nümayəndəsi Ə.M.Məmmədov etiraz ərizəsi ünvanlayaraq orada bildirmişdir ki, iddiaçının özü də təsdiq və etiraf edir ki, elektrik məişət avadanlığında torpaqlanma olmadığı üçün elektrik keçirməsi müşahidə olunur. Bu isə “SAMSUNG” markalı paltaryuyanın qüsurlu olması demək deyildir. İddiaçının texniki servisə müraciəti əsasında bütün bunlar ona izah edilmişdir. Buna baxmayaq o, israrlı şəkildə və heç bir əsas olmadan malın qaytarılmasını tələb etmişdir. Hazırkı iddia ərizəsindən də göründüyü kimi, iddaçı “SAMSUNG” markalı paltaryuyanın işləmədiyini iddia edir, lakin məhkəməyə təqdim etdiyi iddiaçının səsyazısından da məlum olduğu kimi, o texniki servisə və cavabdehə müraciətlərində malın işləmədiyini deməmişdir. İddiaçı malın elektrik keçirməsi şikayəti ilə müraciət etmiş və hər dəfə də ona izah olunmuşdur ki, elektrik keçirməsi torpaqlanma olmaması ilə bağlıdır və bu da iddiaçı tərəfindən düzgün istifadə olunmadığından zəmanət şərtlərinin təsir dairəsinə düşmür. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı iddiasına etirazımı bildirir və onun iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarmağınızı Sizdən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, onunla bağlanmış xx.xx.2023cü il tarixli OPT-757-0340-23 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 71 manat əsas, 12 manat cərimə ümumi olaraq 1067 manat borcu yaranmışdır. Borc ödənilmədiyi təqdirdə ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 80037105 saylı qaimədən görünür ki, “SAMSUNG” markalı paltaryuyan maşın İddiaçı tərəfindən malı sağlam vəziyyətdə təhvil aldığını təsdiq etmişdir. Cavabdeh1 tərəfindən verilmiş **********10 saylı zəmanət talonundan görünür ki, alıcı tərəfindən istifadə, daşınma, saxlanılma qaydaları pozulduqda məhsula zəmanət verilmir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Adil Ağalarov xx.xx.2024-cü il tarixli məlumat tərtib edərək orada bildirmişdir ki, ekspert qarşısında qoyulan suallar məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmayıb, həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən cavablandırıla bilər. Göstərilənləri nəzərə alaraq "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında təlimat”ın 3.2.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı “SAMSUNG” markalı paltaryuyan maşını Cavabdeh1ndən almışdır. Həmçinin, təhvil-təslim aktına da imza edərək malın qüsurlarına dair hər hansı irad bildirməmişdir. Bundan başqa Cavabdeh1 tərəfindən verilmiş **********10 saylı zəmanət talonundan görünür ki, alıcı tərəfindən istifadə, daşınma, saxlanılma qaydaları pozulduqda məhsula zəmanət verilmir. İddiaçı tərəfindən alınan paltaryuyan maşının elektrik keçirməsi torpaqlanma olmaması ilə bağlı olmuş və bu da iddiaçı tərəfindən zəmanət qaydalarının şərtlərinin pozulması ilə düzgün istifadə edilməmə nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdehlər Cavabdeh1 və Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar müqavilənin ləğvi” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-194/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-194/2025
28.01.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver