Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1962/2025 16.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahlarından olan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 125 manat, cəmi 250 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 27 saylı nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5230/2022 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X5 onun himayəsində saxlanılmışdır. Həmin vaxtdan etibarən uşaqlar onun yanında qalırlar. Onların bütün tələbatları iddiaçı təmin etməyə çalışır. Lakin uşaqlar getdikcə böyüyür, qida, geyim və digər tələbatlarını ödəməkdə çox çətinlik çəkir. Cavabdehin uşaqların saxlanılmasında iştirak etməsini, eləcə də az da olsa aliment ödənilməsini istəyir. Bu müddət ərzində Cavabdeh uşaqları ilə maraqlanmamış və onların saxlanılması üçün könüllü olaraq hər hansı bir maddi köməklik etməmişdir.Məlumat üçün bildirmişdir ki, Cavabdeh cinayət törətdiyinə görə həbsdə olmuş və 2024-cü ilin sonlarında azad olunmuşdur. Bu günə kimi heç bir işlə məşğul olmur və gəliri də yoxdur. Lakin o da uşaqları saxlamaqda çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələblərin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak etmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5230/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli, 27 saylı akt qeydi ilə bağlanmış nikahın pozulmuş və birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5 anası X4 himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 010184 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X7 02 avqust 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 28 oktyabr 2013-cü il tarixdə 327 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 187352 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X5 04 sentyabr 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 18 sentyabr 2017-ci il tarixdə 5202 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 435432 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5230/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli, 27 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş və nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 561 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələyinin xx.xx.2025-ci il tarixli, 674 saylı arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ramana ərazisi, 209-cü Binə küçəsində qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsinin 630 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Hüseynov X6 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarında olan AA 167555 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X1 rayonundan məcburi köçkündür və həmin vəsiqə Dövlətqaçqınkomun xx.xx.2007-ci il tarixli qərarına əsasən verilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli, MŞB/3/2025-00144 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə, saat 11:00-dan 11:30-dək təyin olunmuş mediasiya sessiyalarında iştirak etməmiş, İddiaçı isə iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: B.Y.Yusifov). Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər, 2012-ci ildə rəsmi nikaha daxil olmuş və 2022-ci il tarixdə rəsmi olaraq boşanıblar. Onların nikahından xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X5 doğulmuşdur. Hal-hazırda uşaqlar iddiaçının himayəsindədir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmayan uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının yanında qaldığından, uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə bildirir ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Məhkəmə iddia tələbinə qiymət verərək qeyd edir ki, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu, uşağın yaş həddi, onların getdikcə artan tələbatları, cavabdehin razılığı nəzərə alınmalı və birgə nikahdan olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 125, ümumilikdə 250 manat sabit pul məbləğində aliment tutulmalıdır. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: Həmin yarımbəndə qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə iddia tələbinin alimentin tutulması məsələsinə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarını rəhbər tutaraq hesab edir ki, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu, uşağın yaş həddi, onların getdikcə artan tələbatları, cavabdehin razılığı nəzərə alınmalı və birgə nikahdan olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,31 misli miqdarında aliment tutulmalıdır. Belə ki, hazırki iddia xx.xx.2025-ci il tarixdə məhkəməyə verilmişdir və həmin iddiaya əsasən cavabdehdən hər ay hər uşaq üçün 125 manat sabit pul məbləğində alimentin tutulması xahiş edilmişdir. Eyni zamanda məhkəmə bildirir ki, 2025-ci il üçün ölkə üzrə minimum əmək haqqı 400 manat təşkil etmişdir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə 125 manat məbləğində aliment təyin etmişdir. Bu isə 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,31 misli məbləğində alimentin tutulması deməkdir(125:400 = 0,31). Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti aliment tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,31 mislində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,31 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 01 aprel 2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-1962/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1962/2025
16.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver