Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2018/2022 04.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2020-ci ildə rəsmi nikah qeydə aldırmadan ailə qurub birgə yaşamağa başlamış, 17 avqust 2021-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərkəzində 3550 saylı nikah qeydə aldırmışlar. Birgə yaşayışlarından 19 iyul 2021ci il tarixdə Fərahim adlı uşaqları anadan olmuş və uşağın atasının Cavabdeh hesab edilməsinə dair atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilməklə müvafiq akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 460 saylı qeyd aparılmışdır. İlk vaxtlar cavabdehlə münasibətləri nisbətən normal olmuş, lakin sonradan münasibətləri qeyri-normal hal almış və biz faktiki olaraq ayrılmışlar. Həmin vaxtdan uşaq da ayrıca olaraq iddiaçının himayəsində qalmışdır. Ayrıldıqları vaxtdan bu barədə müraciət etməyinə baxmayaraq cavabdeh onun himayəsində qalmış südəmər körpə uşağın saxlanması üçün könüllü şəkildə heç bir maddi vəsaitlə köməklik göstərməmiş, aliment ödəməmiş, mediasiya qaydasında da mübahisəni qarşılıqlı razılaşma əsasında həll etməkdən yayınmışdır. Ona görə də xx.xx.2021 il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi cavabdehdən hər ay 250,0 manat sabit pul məbləğində alimentin, uşaq 3 yaşına çatanadək hər ay 210,0 manat sabit pul məbləğinin tutulub ona verilməsinə, həmçinin mediasiya xərci kimi ödədiyi 50,0 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirdi ki, o hal-hazırda iddiaçı ilə ayrı yaşayır. Həmçinin cavabdeh bildirdi ki, o işsizdir, lakin övladını saxlamaq onun atalıq borcudur və o, övladı üçün əlindən gələni edəcək. Hal-hazırda işsiz olduğundan 150,0 manat məbləğində aliment ödəyə biləcək. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 atası hesab edilmişdir və bu barədə 5 saylı Bakı “Asan Xidmət” mərkəzi Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə 460 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh ilə nikahdan kənar xx.xx.2021 il təvəllüdlü X2 adlı övladları olmuşdur. Tərəflərin faktiki nikahından anadan olmuş uşaqları X2 hal-hazırda iddiaçının himayəsindədir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağrın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, uşağın saxlanmaları üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193,0 manat məbləğində müəyyən edilmişdir. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün 250,0 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, göstərilənlər ümumilikdə cavabdehin uşağın saxlanılmasında, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, bütün işin qeyd edilən hallarına əsasən və ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193,0 manat məbləğində müəyyən edilməsini nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehdən hər ay uşağının saxlanılması üçün 193,0 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Məhkəmə eyni zamanda iddia tələbinin “uşağın 3 yaşına çatanadək cavabdehdən hər ay 210,0 manat məbləğində pul vəsaitinin tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Buna görə də iddianın həmin hissəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası AM-nin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin həqiqətən də zəruri vəsaitə malik olmasına dair hər hansı sübut təqdim etmədiyindən, bununla da cavabdehin zəruri vəsaitə malik olması müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə qismən təmin edilərək, cavabdehdən hər ay 40 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Bundan başqa, məhkəmə alimentin və uşağın 3 yaşına çatanadək cavabdehdən tutulan alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin və uşağın 3 yaşına çatanadək cavabdehdən tutulan alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentin və uşağın 3 yaşına çatanadək alimentin tutulmasına dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə verilərkən mediatora ödənilmiş 50,0 manat xərcin Cavabdeh tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddianın dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Məhkəmə habelə hesab edir ki, mediasiya sessiyası üçün ödənilmiş 50,0 (əlli) manat pul cavabdehdən tutularaq iddiaçının xeyrinə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəməyə nikahın pozulması tələbi ilə müraciət edərkən dövlət rüsumu ödəmədiyindən, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 48,0 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda - iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır (maddə 217.1). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır” (maddə 218.3). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021 il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193,0 manat sabit pul məbləğində alimentin və X1 3 yaşına çatanadək hər ay 40,0 manat məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021 il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193,0 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021 il təvəllüdlü X1 3 yaşına çatanadək yəni xx.xx.2024-cü il tarixədək saxlanması üçün hər ay 40,0 (qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya sessiyası üçün ödənilmiş 50,0 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 48,0 manat tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissədə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2018/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2018/2022
04.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver