Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2041/2023 19.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək kitabçasının qaytarılması, əmək haqqının ödənilməsi, gecikdirilmiş dövr üçün əmək haqqının ödənilməsi və əldən çıxmış fayda olaraq orta əmək haqqının ödənilməsi” tələblərinə dair mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən 2022-ci ilin oktyabr və noyabr ayları üçün ödənilməmiş hər ay üçün 300 manat əməkhaqqının cavabdehdən alınaraq ona ödənilməsinə, cavabdehin təqsiri nəticəsində əməkhaqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əməkhaqqının 1 faizi məbləğində ödənişin hesablanaraq cavabdehdən alınaraq onun xeyrinə tutulmasına, cavabdehin təqsiri ucbatından cavabdehlə arasında bağlanan əmək müqaviləsinə xitam verilmədiyi səbəbindən işsiz qaldığı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 4 ay üçün hər ay minium əməkhaqqı hesablanaraq cavabdehdən alınaraq onun xeyrinə tutulmasına, mediasiya üçün ödədiyi 50 manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əmək kitabçasının özünə qaytarılması öhdəliyinin Cavabdeh MMC-yə həvalə edilməsinə, Cavabdeh MMC tərəfindən 2022-ci ilin oktyabr və noyabr ayları üçün ödənilməmiş hər ay üçün 300 manat əməkhaqqının cavabdehdən alınaraq ona ödənilməsinə, cavabdehin təqsiri nəticəsində əməkhaqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əməkhaqqının 1 faizi məbləğində, yəni oktyabr ayının əmək haqqının gecikdirilmiş müddəti üçün 549 manat, noyabr ayının əmək haqqının gecikdirilmiş müddəti üçün 459 manat olmaqla, cəmi 1008 manat məbləğində pulun cavabdehdən alınaraq onun xeyrinə tutulmasına, cavabdehin təqsiri ucbatından cavabdehlə arasında bağlanan əmək müqaviləsinə xitam verilmədiyi səbəbindən işsiz qaldığı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 4 ay üçün hər ay minimum əməkhaqqı hesablanaraq cavabdehdən alınaraq onun xeyrinə tutulmasına, mediasiya üçün ödədiyi 50 manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə cavabdeh cəmiyyət ilə rəsmi əmək müqaviləsi bağlayaraq həmin mərkəzin Bakıxanov filialında “psixopedaqoq” vəzifəsində işləməyə başlamışdır. Dərhal vəzifələrinin icrasına başlamış və üzərinə qoyulan vəzifələri lazımınca ivra etmişdir. Bir müddət işlədikdən sonra həmin cəmiyyətin işçilərinin əmək haqqlarının verilmədiyinin şahidi olmuş, həmçinin onunla kobud rəftar olunduğu üçün işdən azad olunmaq üçün ərizə yazmışdır. Onun aylıq əmək haqqı 300 manat olmuşdur. xx.xx.2022-ci il tarixə kimi həmin cəmiyyətin Bakıxanov filialında işləmişdir. xx.xx.2022-ci il tarixində cəmiyyətin rəhbərliyi onu çağıraraq artıq xx.xx.2022-ci il tarixdən işə gəlməməsini bildirmiş və öz xahişi ilə işdən azad olunduğunu demişlər. O, həmin cəmiyyətdə 2 ay müddətinə işləməsinə baxmayaraq rəhbərlik onun əmək haqqlarını ödəməmişdir. Halbuki əmək müqaviləsinin tələbinə əsasən əmək haqqı hər ay üçün növbəti ayın 5dən gec olmayaraq ödənilməli idi. Eyni zamanda, onu işdən azad etmələrinə baxmayaraq onunla bağlanan əmək müqaviləsinə xitam verməmişlər. Yalnız xx.xx.2023-cü il tarixdə bu baş vermişdir. O, dəfələrlə həm 2 ayın maaşının ödənilməsini, həm də əmək müqaviləsinə xitam verilməsini tələb etmişdir. Lakin bütün bunlar nəticəsiz qalmışdır. O, işdən azad olunduqdan sonra özünə daha münasib bir iş tapsa da, cavabdeh cəmiyyətin onunla bağladığı əmək müqaviləsinə xitam verməməsi səbəbindən yeni iş yeri ilə əmək müqaviləsi bağlaya bilməmişdir. O, cavabdehin bu özbaşınalığı barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etmişdir. Lakin, cavabdehin lazım olan sənədləri həmin müəssisəyə təqdim etməməsi səbəbindən onun şikayətinə mahiyyəti üzrə baxılmamışdır. Cavabdeh tərəfindən ona 2022-ci ilin oktyabr və noyabr aylarının əmək haqqısı verilməmişdir. Hal-hazırda bütün bu dediklərini təsdiq edəcək əvvəllər cavabdeh cəmiyyətdə birlikdə işlədiyi iş yoldaşları da təsdiq edirlər. Onun əmək kitabçası da hal-hazırda cavabdeh cəmiyyətdədir və əmək müqaviləsinə xitam verilməsinin üzərindən xeyli müddət keçsə də kitabça ona təqdim edilməmişdir. 2022-ci ilin oktyabr ayı üçün ödənilməmiş əmək haqqına görə gecikmə iddia verdiyi günədək 183 gün (xx.xx.2022-xx.xx.2023) olmaqla 3 (əmək haqqının 1%-i) manatdan 549 manat, 2022-ci ilin noyabr ayı üçün ödənilməmiş əmək haqqına görə gecikmə iddia verdiyi günədək 153 gün (xx.xx.2022-xx.xx.2023) olmaqla 3 (əmək haqqının 1%-i) manatdan 459 manat edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, o, əvvəllər cavabdeh cəmiyyətin Bakıxanov filialının müdiri olmuş və iddiaçı ilə birlikdə işləmişlər. Onunla rəsmi müddətli əmək müqaviləsi sentyabr ayından noyabr ayına kimi imzalanmışdır. İddiaçı çalışqan işçi olmuş, işə vaxtlı-vaxtında gəlmişdir. Bir gün belə işdən qalmamışdır. Əmək haqqının verilməsinə Səxavət adlı şəxs məsul idi. Əmək haqqlarının verilməsi ilə bağlı ciddi problemlər olmuşdur. Hazırda da bir çox eks işçilər öz əmək haqqlarını ala bilməmişlər.. İddiaçıya da işlədiyi dövrdə həmçinin heç bir əmək haqqı verilməmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, o, əvvəllər cavabdeh cəmiyyətin Bakıxanov filialında dayə olmuş və iddiaçı ilə birlikdə işləmişlər. O, işə qəbul olunan zaman həmin filial yeni istifadəyə verilmişdi. İddiaçı çalışqan işçi olmuş, işə vaxtlı-vaxtında gəlmişdir. Bir gün belə işdən qalmamışdır. Heç bir işçiyə əmək haqqı verilmirdi. Eyni zamanda, işçilərin sənədləri də özlərinə verilmirdi. İddiaçıya da işlədiyi dövrdə həmçinin heç bir əmək haqqı verilməmiş, sənədləri özünə qaytarılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MMC-nin baş direktoru X2 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, müqavilə 03 oktyabr 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək bağlanmışdır. İddiaçı aylıq əmək haqqı 300 manat müəyyən edilmişdir. Əmək haqqı ayın 5-də olmaqla ödənməsi razılaşdırılmışdır. - Əmək müqaviləsinin 9.1-ci bəndindən görünür ki, bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. - Sosial arayışın surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür. - 04 may 2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh MMC xx.xx.2023-cü il tarixə təyin edilmiş mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə iştirak edərək 50 manat məbləğində mediasia sessiyası üçün və 5 manat mediasiya xərcini ödəmişdir. (Mediator: R.N.Muxtarova). - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı öz tələbi barədə cavabdehi məlumatlandıraraq tələbin danışıqlar yolu ilə həll edilməsini təklif etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciəti ilə əlaqədar olaraq Cavabdeh MMC-yə sorğu verilmiş, lakin zəruri sənədlər cəmiyyət tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən müraciət təmin edilməmişdir. - İddiaçı Foirdovsi qızına məxsus elektron sistemdən çıxarışdan görünür ki, sığortaedən Cavabdeh MMC olmaqla İddiaçı görə gəlir - 0, hesablanmış – 0, ödənilmiş – 0-dır. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə-Əmək Məcəlləsi) 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 9-cu maddəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək münasibətləri sahəsində işçinin əsas hüquqlarındandır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilə bilər. İşin mübahisəsiz və şahid ifadələri ilə də təsdiq edilən hallarından göründüyü kimi İddiaçı ilə -Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Psixo-pedaqoq vəzifəsində işləmiş və iddiaçının təşəbbüsü əsasında əmək müqaviləsinə xitam verilmişdir. Lakin, iddiaçı işdən azad edildikdən sonra onunla bağlanmış əmək müqaviləsinə təxminən 4 ay sonra xitam verilmişdir. Halbuki, işçi işdən azad olunduğu son gün onunla son haqq hesab işləri görülməli, işlədiyi dövr üçün əmək haqqı ona son iş günü verilməli idi. Lakin, cavabdeh tərəfindən iddiaçıya işlədiyi dövr üçün (oktyabr və noyabr ayları) əmək haqqısı verilməmiş, onun əmək kitabçası da müəssisədə saxlanmışdır. Əmək Məcəlləsinin 69.1 və 69.2-ci maddələrinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə iddiaçının cavabdehin təqsiri üzündən əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə işə başlamışdır. Əmək haqqı isə ona ayın 5-dı ödənilməli idi. İddiaçı işəgötürənin təqsiri ucbatından əmək haqqı verilməmişdir. Hazırkı günədək əmək haqqı məbləği iddiaçıya ödənilməmişdir. Bu səbəbdən, xx.xx.2023-cü il tarixədək oktyabr ayının əmək haqqının gecikdirilmiş müddəti üçün əmək haqqının bir faizi hesablanmaqla 549 manat (183*3=549) və noyabr ayının əmək haqqının gecikdirilmiş müddəti üçün 459 manat (153*3=459 manat) cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçıya məxsus əmək kitabçası cavabdehdən alınaraq ona qaytarılmalıdır. Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda olaraq orta əmək haqqının ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin bu hissəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı həmin hissədə tələb etdiyi məbləği ona münasibətdə əldən çıxmış fayda kimi qiymətləndirməklə işin bu halını təsdiq edəcək hər hansı sübutu ( yəni boşdayanma müddətində hər hansı müəssisəyə işə qəbul edilməsi və qüvvədə olan əmək müqaviləsinə görə imtina alması barədə sənədi və sair ) məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh müəssisənin hər hansı bir formal mülahizə əsasında iddiaçıya orta aylıq əmək haqqı qismində pul ödəməsi ağlabatan deyildir. Yuxarıda qeyd olunanlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı əmək kitabçasının özünə qaytarılması Cavabdeh MMC-yə həvalə edilməklə Cavabdeh MMC-dən 2022-ci ilin oktyabr və noyabr ayları üçün iddiaçıya ödənilməmiş olan 600 manat əmək haqqı məbləğində pul tutularaq İddiaçı ödənilməli, xx.xx.2023-cü il tarixədək oktyabr ayının əmək haqqının gecikdirilmiş müddəti üçün əmək haqqının bir faizi hesablanmaqla 549 manat və noyabr ayının əmək haqqının gecikdirilmiş müddəti üçün 459 manat olmaqla, cəmi 1008 manat məbləğində pul Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməli, mediasiya xərcinə görə 50 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı əmək kitabçasının özünə qaytarılması Cavabdeh MMC-yə həvalə edilməklə, Cavabdeh MMC-dən 2022-ci ilin oktyabr və noyabr ayları üçün iddiaçıya ödənilməmiş olan əmək haqqı 600 (altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. xx.xx.2023-cü il tarixədək hesablanmaqla 2022-ci ilin oktyabr ayının əmək haqqının gecikdirilmiş müddəti üçün 549 manat, noyabr ayının əmək haqqının gecikdirilmiş müddəti üçün 459 manat olmaqla, cəmi 1008 manat məbləğində pul Cavabdeh MMC tərəfindən İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş mediasiya xərcinə görə 50 (əlli) manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-2041/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2041/2023
19.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver