Məhkəmə qərarları › İş №2(003)-2069/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2069/2022

01.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2069/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla ümumilikdə 386 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017 ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahlarındadan xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Əvvəllər cavabdehlə münasibətləri normal olsa da, son dövrlərdə münasibətləri pozulmuş və cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Hazırda o uşaqlarla birlikdə atasının evində yaşayır. Belə ki, Cavabdeh son vaxtlar ani olaraq heç kimə heçnə demədən 15-20 gün evdən xəbərsiz getmiş, harada olduğunu, kiminlə olduğunu və nə işlə məşğul olduğunu demədən evi tərk etmişdir. Bu hal artıq ikinci dəfədir baş verir. Hər dəfə Xəzər Polis idarəsinə müraciət etmişdir. Münasibətləri pozulduğu vaxtdan etibarən cavabdeh uşaqların saxlanması üçün ona maddi köməklik göstərmir, ailəsinə qarşı biganədir, ailənin bütün yükünü o özü təkbaşına daşıyır. Lakin uşaqlar böyüdükcə onların tələbatları da artdığından hazırki iqtisadi şəraitdə o, onları saxlamaqda, ehtiyaclarını ödəməkdə çox çətinlik çəkir. Belə ki, cavabdeh də ata kimi öz vəzifələrini yerinə yetirməli, uşaqların saxlanmasında iştirak etməlidir və ona görə də ondan aliment tutulmasını tələb edir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-3582/2020 saylı qətnaməsini ilə tutulmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla ümumilikdə 386 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etməklə izahatında bildirdi ki, qətnamə ilə aliment tutulan zaman cavabdeh 2 nömrəli Neft emalı zavodunda sahə rəisinin müavini vəzifəsində işləmiş, 1500 manat məbləğində əmək haqqı almışdır. Hazırda isə o, işdən azad olunmuş, bundan sonra ona uşaqların saxlanılması üçün heç bir yardım etmir və cavabdehin nə işlə məşğul olması barədə məlumatı yoxdur. Özü heç yerdə işləmir və uşaqların tələbatlarının ödənilməsində valideynləri köməklik edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-T 007137 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə tərəflər arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan AZ-İV 212654 və AZ-İV 513436 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iş üzrə tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunan məlumatdan görünür ki, Cavabdeh barəsində əmək müqaviləsi mövcüd deyil. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3582/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə, 10 avqust 2018-ci il təvəllüdlü X2 və 25 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 26 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment cavabdehin iş yeri olması əsasında müəyyən edilməsini, hazırda isə cavabdehin işdən azad olunması və ona heç bir maddi yardım göstərməməsi halları ilə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Belə ki, əvvəl təyin edilmiş aliment cavabdehin işin yerinin olması səbəbindən onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsində müəyyən olunmuş, eyni zamanda həmin tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddində tutulan aliment heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Eyni zamanda qeyd edilməlidir ki, uşağın valideynlərdən birinin himayəsinə olması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Hətta aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Eyni zamanda cavabdeh ananın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşaqlar böyüməkdə davam etməklə hər keçən müddətdə onların müvafiq olaraq tələbatlarının artmasını, həmçinin cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ədalətlədir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3582/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yekinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdehdən hər uşağa görə 170 manat, cəmi 340 manat aliment tutulduğundan və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 4080 manat (340x12=4080) müəyyən edildilməklə iddianın qiyməti 10000 manatadək olduğundan cavabdehdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına 60,8 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3582/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 60,8 manat dövlət rüsumu alınaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar