Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2072/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mövcud borcun etirafı müqaviləsinin ləğvi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, iddiaçının atasıdır. Mövcud borcun etirafı haqqında “mücərrəd müqavilənin ləğvi və bu müqavilə üzrə saxta” borcun silinməsi barədə “Etirazda” yazılana görə X1 aralarında olan un alverindən Adilə 19300 dollar borcu olub və Adil bu borcu qaytarmağı Mütəllikdən tələb edib. Belədə - Mütəllik 19300 dollardan 9300 dolları Adilə qaytarıb. Qalan 10000 dollar borcu Adil Mütəllikdən qaytarmağı tələb etdikdə, həmin vaxt Mütəllik bu borcu Samirin üzərinə ötürüb və 2002-ci ildən başlayaraq, bu 10000 dollar “saxta borcu” Samirdən alacağını və sonra Adilə verəcəyinə söz verib. X7 heç bir borcu olmayıb. Adilin Bakı Baş Polis İdarəsində yaxın tanışı olan Ziya adında müstəntiqdən istifadə edərək Samirə zorakılıq, hədə-qorxu edərək, bu 10000 dollar “saxta” borcu boynuna qoyublar. Həmin vaxtlarda Samir narkotik istifadəçisi olmaqla “ruhi xəstə” idi və o, bir ata kimi məsuliyyəti öz üzərimə götürmüş və Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunanda Samir özünə məxsus torpaq sahəsini bu borc əvəzinə Adilə verib. Adil də Samirə və ona qarşı heç bir şikayəti olmadığını elan etdikdən sonra Adilin etirafına görə iş bağlanmışdır. Samirlə Adilin arasında heç bir alver olmayıb. 10000 dollar borc Mütəllikin Adil arasında un alverindən əmələ gəlib və Adilin Samirə un satması haqda heç bir şahid və sənəd yoxdur. Samirə yalnız hədə qorxu gəlinərək aldatma olu ilə “borcun etirafı haqqında mücərrəd müqavilə” imzalatmışlar. Bu müqavilədən ailəsinin xəbəri olmayıb və 2022-ci ildə Adilin oğlu bir neçə adamla və polislə onların yaşadıqları evə gəliblər və zorakılıqla 10000 dollar borcu ondan və ailəsindən ödəməyi tələb etmişdir. Bu halda o, məhkəmə icraçısının yanına getmiş və onda olan işin içindən 5 ədəd ödəmə qəbzlərini, “mücərrəd müqavilənin” surətlərini almışdır. 5 ədəd qəbzlərlə 4500 manat ödəniş “Mücərrəd müqavilənin” saxta olduğunu aydınlaşdırır. Bu barədə Adilə məktub yazmış və Samirin 10000 dollar pulu tam ödədiyini və borcu olmadığını bildirmişdir. Adil də öz “cavab məktubunda” bunu təsdiq etmişdir. Adil iddia ərizəsinə “etiraz”ında bu “saxta” borcun necə yarandığına açıq, düzgün təhlil edib, məhkəməyə təqdim edib. Bu “etiraz”da Adil göstərir ki, bu 10000 dollar borc Mütəllikə aiddir və Samirin heç vaxt Adilə borcu olmayıb. Mütəllikin 10000 dollar borcunu almaq üçün Samirin “etiraf”ı lazım olub. Samirin Mütəllikə 2003-cü ildə guya borcu olub və bu borcu “etiraf” 11 ildən sonra 2014 —cü ildə “mücərrəd müqavilə” təşkil olunub. Bu “saxta etiraf”la Mütəllik Adili aldadıb və boş torpaq sahəsini Adilə verməklə bu borcun altından Mütəllik çıxır. Belədə Adil 10000 dolları Mütəllikdən tələb etməlidir və haqsız olaraq, Samirdən aldığı 10000 dolları Samirə qaytarmalıdır. Adil Samirdən 4500 manat və 3500 manat pul aldığını Adil məhkəmə iclasında da bəyan edib və bu 8000 manat pulu və “müqavilə” bağlandığı vaxt 3000 manat aldığını ümumi 11000 manat pulu Adil Samirə qaytarmalıdır. Eyni zamanda Samirin banka ödədiyi 92 manat - (30 m:50m:-50mz 50 m) “180 manat dövlət rüsumunu Adil ümumi: 272 manat miqdarda Samirə ödəməlidir. Dövlət rüsumunu ödədiyi barədə 5 ədəd qəbzləri məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, uzun zamandır un satmış, bu gün də un satışı ilə məşğuldur. 2001-2003-cü illərdə X3 topdan satış qiymətlərlə un satmışdır. O da aldığı unu müştərilərinə satmış, pul qazanmışdır. X4 unu Samirin atası Nümayəndə satmış, o isə onu tanımamışdır. X2 dediyinə görə iddiaçının atası Aleksandrın çörək bişirmə sexi olub. Həmin dövrlərdə X4 iddiaçının atası Nümayəndə böyük məbləğdə olan pullarını (19 min 300 ABŞ dolları) ala bilmədiyindən və onun borcumu həmin 19300 (on doqquz min üç yüz) dolları ona qaytara bilmədiyindən onun barəsində polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı şəhər Baş Polis İdarəsində CM-nin 178-ci maddəsi ilə Nümayəndə barəsində cinayət işi başlanıldı və Aleksandr istintaqa cəlb edildi. Bakı Ağır Cinayətlər Məhkəməsində Nümayəndə cinayəti işi üzrə məhkəmə iclası keçirildi. İki dəfə məhkəmə iclası oldu. Bu cinayət işi ilə bağlı o da iki dəfə cinayət işini aparan polis müstəntiqinə yazılı ifadə vermişdir. O zaman Mütalik öz cibindən ona borcundan 9300 ABŞ dollarını qaytardı və ona 10 min ABŞ dolları məbləğində pul borclu qaldı və dedi ki, qarşı tərəfdən 10 min dolları alan kimi ona qaytaracaqdır. İddiaçı dedi ki, pulu əldə etmək üçün onun malik olduğu torpaq sahələrini satacaqdı. Müqavilədə yazılıb ki, onun şəxsiyyəti müəyyən edilib və fəaliyyət qabiliyyəti yoxlanılıb. Samir atasının borcunu öz üzərinə götürmüş və bununla bağlı olaraq borcun etirafı barədə mücərrəds müqavilə bağlanılmışdır. Borclu müqaviləni 2014-cü ildə imzalamasına baxmayaraq müqavilə üzrə öhdəliklərini xx.xx.2017-ci ildən ödəməyə başlamışdır. Bu barədə Xəzər rayon icra şöbəsində məlumatlar vardır. Bu hüquqi faktın özü göstəri ki, iddiaçı hansı müqaviləyə və nəyə görə imza atdığını çox gözəl bilirdi. Əks halda 2017-ci ildə nəyə görə ona pul qaytarırdı? İddiaçının nümayəndəsinin düdikləri həqiqəti əks etdirmir. İddiaçı borcundan ödəniş edən zaman bu barədə qəbz yazılmış və bütüen qəbzlər icra məmurunda olan icra işinə əlavə olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlkarını, iddia ərizəsini, iş materiallarını və məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2014-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən görünür ki, İddiaçı 2003-cü il tarixdə Cavabdeh 7830 manat pul aldığını və həmin məbləği xx.xx.2016-cı il tarixdə tam olaraq geri qaytaracağını etiraf etmişdir. -İddiaçı Cavabdeh: xx.xx.2017-ci il tarixli qəbzə əsasən 1000 manat, xx.xx.2018-ci il tarixli qəbzə əsasən 1000 manat, xx.xx.2018-ci il tarixli qəbzə əsasən 500 manat, xx.xx.2018-ci il tarixli qəbzə əsasən 500 manat ödəniş etmişdir. xx.xx.2018-ci il tarixli Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, 1500 manat pul İddiaçı tərəfindən ona ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Cavabdeh ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli borcun etirafı haqqında müqavilə ilə borclu borcverənə 7830 manat borcunun yarandığını tam etiraf edir. Müqavilənin 1-ci bəndindən görünür ki, borclu etiraf etdiyi 7830 manat məbləğində borcu xx.xx.2016-cı il tarixdə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki qanunvericiliyin normalarından göründüyü kimi müqavilənin dəyişdirilməsinin və ləğvinin yalnız iki növü- tərəflərin razılaşması və ya müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar müqavilənin ləğv edilməsi əsasları kimi qəbul edilə bilməz. Belə ki, şəxsin iradəsindən zidd olaraq hər hansı bir zorakılıq, hədə təsiri altında, onun xəstəliyindən istifadə edərək əqdin bağlanması müqavilənin ləğv edilməsi deyil, etibarsız hesab olunması əsaslarından biridir. Qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin ləğvi üçün əsas olmadığından iddia ərizəsi təmin oluna bilməz. İddia tələbinin mücərrəd müqavilənin icrası üzrə cavabdehin aldığı artıq məbləğin iddiaçıya qaytarılması, cavabdehin aldığı pulları vaxtında qaytarmamasına görə öhdəlikdən irəli gələn məsuliyyəti, əldən çıxmış faydanın cavabdehdən alınması hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı göstərilən hallarla bağlı heç bir sübut təqdim edə bilmədiyindən göstərilən iddia tələbləri də təmin edilməməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin ləğvi barədə razılaşma olmadığına görə hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı “mövcud borcun etirafı müqaviləsinin ləğvi və sair” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-2072/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2072/2023
12.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver