Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-217/2023 25.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək hüquqlarının pozulması səbəbindən ödənilməmiş məbləğin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək hüquqlarının pozulması səbəbindən ona ödənilməmiş məbləğin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək hüquqlarının pozulması səbəbindən ona ödənilməmiş məbləğin ödənilməsini, ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər geçikdirilmiş gün üçün faizlərin Cavabdeh MMC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2012-ci ildən işlədiyi Cavabdeh MMC 3 il 8 ay 135 manat olmaqla, 6500 manat, və 4 il 288 manat olmaqla, 15500 manat pul verməlidir. Cavabdehdən 22000,0 manat bulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1953-cü ildə Bakı şəhərində anadan olmuş 2012-2020-ci ilin avqust ayına kimi Cavabdeh MMC-də sürücü kimi işləmişdir. 2012ci ildən Cavabdeh MMC-də işləsə də, 2019-cu ilin aprel ayına kimi qeyd etdiyi MMC-dən maaş almamışdır. 2019-cu ilin aprel ayında MMC-dən ona "xxxx"-nın maaş kartını verildi. Həmin karta 2019-cu ilin aprel ayından 2020-ci ilin aprel ayına kimi, cəmi 3 dəfə, hər dəfə 135 manat olmaqla pul köçürülmüşdür. 2012-ci ildən 2020-ci ilə kimi Cavabdeh MMC-də sürücü kimi çalışsa da cəmi 3 dəfə maaş almışdır. Bu barədə Cavabdeh MMC-nin rəhbərliyinə müraciət etsə də hər dəfə müraciəti cavabsız qalmışdır. 2021-ci ilin fevral, mart və aprel aylarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinə də müraciət etmişdir. Həmin müraciətləri də cavabsız qaldığından o, məkhəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının qanunlarının tələbləri pozulduğu üçün o, məhkəməyə müraciət etmişdir. MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsində isə qeyd edilir ki, borclu öz öhdəliklərini hər təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət dasıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək iddia müddətinin keçməsi barədə ərizə təqdim etmiş, iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisə tərəfinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsi iddia müddəti keçdiyi üçün məhkəmənin iddianın təmin edilməsindən imtina barədə qərar çıxarması üçün əsasdır. Hazırki iddia tələbi ilə bağlı iddia müddəti keçdiyi üçün iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı sürücü işləyib və sürücülər gündəlik planı ödədikdən sonra qalan pulu maaş kimi götürürlər, yəni maaşları gündəlik gəlirdən ibarətdir. Bundan başqa iddiaçının özünün də qeyd etdiyi kimi o 2012-2020-ci il tarixdə işləyib və gəliri olmayıbsa 9 il ərzində işləməzdi və həmin vaxt ərzində etirazını bildirərdi, hazırki iddiası əsassızdır. Heç kəs 1 ay pulunun ödənilmədiyi halda eyni iş yerində işləməz. Bu məntiqə ziddir. İndi iddiaçı pensiya yaşında gəlib maaş istəyir. İddia müddətinin tədbiq edilməsini xahiş edir. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, o da on ilə yaxındır ki, Cavabdeh MMC-də sürücü işləyir və onların əmək haqqısı gündəlik gəlir ilə hesablanır. Belə ki, gündəlik plan verilən zaman gəlir ən azı 25-30 manat olur. Aylıq mənfəəti 500 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, o da Cavabdeh MMCdə sürücü işləyir və onların əmək haqqısı gündəlik gəlir ilə hesablanır. Gündəlik plan ödənildikdən sonra qalan pul onların maaşıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx"-nın maaş kartından görünür ki, Ayşən LTD MMC İddiaçı işəgötürənidir və ona maaş ödəyir. İş materiallarında olan Cavabdeh MMC-nin yol vərəqəsinin surətindən görünür ki, İddiaçı 144 nömrəli avtobusun sürücü olmuş və o qeyd edilən marşrut üzrə “İsuzi” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edib. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanlandığı məktubdan görünür ki, əmək haqqının alınması ilə bağlı MMC-yə müraciət etmişdir. İş materiallarında olan X7 Xidmətinin rəisi tərəfindən İddiaçı göndərdiyi xx.xx.2020ci il tarixli müraciətə cavab məktubunun surətindən görünür ki, araşdırma zamanı İddiaçı təqdim etdiyi bank çıxarışından Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən ona çatası əmək haqqının ödənilmədiyi məlum olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məhkəməyə ünvanlanmış məktubundan görünür ki, xx.xx.2018-xx.xx.2020-ci il tarixləri üzrə "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə əsasən İddiaçı (FİN: xxxxxxx) üçün hesablanmış əmək haqqı məbləği 1861,22 manat müəyyən olunmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1xx.xx.2023-cü il tarixli məhkəməyə ünvanladığı məktubdan görünür ki, İddiaçı sürücu işlədiyi müddətdə əmək haqqının hansı məbləğdə olması barədə məlumatlar X7 Xidmətinə göndərilmişdir. İş materiallarında olan İddiaçı əmək fəaliyyəti ilə bağlı məlumatlarından görünür ki, xx.xx.2012-ci il tarixdə Cavabdeh MMC ilə müddətsiz əmək müqaviləsi bağlamışdır və xx.xx.2020-ci il tarixdə işdən azad edilmişdir. İş materiallarında olan Ayşən LTD” MMC-nin xx.xx.2020-ci il tarixli, 604 №-li əmrindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən xx.xx.2020-ci il tarixdə işinə xitam verilmişdir. İş materiallarında olan sığortaolunanın hesabından görünür ki, İddiaçı sığorta hesabı 2012-2020-ci ilin avqust ayınadək 13452,86 manat təşkil edir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Ayşən LTD” MMC-də 8 ildən artıq işləmişdir. İşdən çıxdıqdan 2 il sonra “əmək hüquqlarının pozulması səbəbindən ona ödənilməmiş məbləğin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, sürücü işləyərək gündəlik gəlir əldə edərək həmin gəlirdən gündəlik plan məbləğini ödəmiş, qalıq pul məbləğ isə onun mənfəətini təşkil etmişdir. Bundan əlavə sürücüyə aylıq maaş verilməməsinə baxmayaraq sürücünün gündəlik mənfəətinin 1 ay üzrə cəminin sürücünün aylıq maaşından çox olduğu məlum olmuşdur. Məhkəmə iclasında cavabdeh tərəf iddia müddətinin tətbiq edilməməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işin materiallarından da aşkar surətdə göründüyü kimi, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəlləsinin 288-ci maddəsinə əsasən bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi məsələlərinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia müddəti fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən başlandığından, İddiaçı əmək haqqı almadığını bildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli idi. Lakin iddiaçının 10 ilə yaxın müddətdə eyni iş yerində işləyib pul almaması və bundan şikayət etməməsi ağlabatan deyil. Belə ki, iddiaçı hüqununun pozulmasını əmək haqqının ödənilmədiyi vaxt ərzində, ən son isə əmək müqaviləsinə xitam verilərkən, yəni xx.xx.2020-ci il tarixdə bildiyi halda, xx.xx.2022-ci il tarixdə, yəni 2 il keçdikdən sonra mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci, 3-cü və 4cü bəndlərinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddia müddəti işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən başlandığından, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan Cavabdeh MMC-nin nümayəndəsi isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan Cavabdeh MMC-nin nümayəndəsi isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən iş üzrə iddia müddəti tətbiq edilərək mövcud iddia tələbi təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının 2020-ci il tarixli əmrə əsasən işdən azad olunmasından sonra keçən 2 ildən artıq, maaşının ödənilmədiyi vaxtdan isə 10 ildən artıq vaxt ərzində bundan xəbərsiz olması ağlabatan hesab olunmur. Yəni iddiaçı işə qəbul edildiyi vaxtdan maaşının verilmədiyi barədə xəbərdar olmuşdur, lakin məhkəməyə 10 il sonra müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iş üzrə iddia müddəti buraxıldığından iddia rədd edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək hüquqlarının pozulması səbəbindən ödənilməmiş məbləğin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-217/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-217/2023
25.06.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver