Məhkəmə qərarları › İş №2(003)-2190/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2190/2020

14.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2190/2020 14.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh faktiki ailə qurub, lakin artıq bir yerdə yaşamırlar. Həmin nikah 8 il davam etmişdir. Lakin aralarındakı nikah rəsmiləşdirilməmişdir. Nikahdan kənar xx xxxxxx 2013-cü il təvəllüdlü X8 və xx xxxxxx 2018-ci il təvəllüdlü X6 doğulmuşdur. Son illərdə cavabdehin ona qarşı zor tətbiq etməklə amansız davranışlarından, cavabdehdən ayrılmağa məcbur olmuşdur. Bu səbəbdən ayrı ünvanlarda yaşayırlar və azyaşlı uşaqlar onun yanında qalır. Cavabdeh razılıqla aliment ödəməyi və azyaşlı övladların saxlanma xərclərində iştirak etməyi qəti rədd edir. Uşağın normal təhsil alması və sağlam böyüməsi, ehtiyaclarını qarşılamaq üçün çalışır, lakin ikinci övladı balaca olduğundan işləmək imkanı yoxdur. Bu səbəbdən də maddi cəhətdən uşağın saxlanması üçün vacib xərcləri tək çatdıra bilmir. Azyaşlı uşaqların saxlanması vəzifəsi valideynlərin birinə deyil, hər ikisinə aiddir. Cavabdeh isə uşaqların saxlanılması üçün xərclərdən imtina edir. Cavabdeh fərdi qaydada taksi xidməti ilə məşğul olur və rəsmi stabil iş yeri yoxdur. Ona görə də cavabdehdən xx xxxxxx 2013cü il təvəllüdlü X3 və xx xxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, 340 manat sabit pul məbləğində aliment və xx.xx.2018-ci il təvəllüdlü X2 3 yaşı tamam olana qədər 100 manat məbləğində əlavə aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən tələb edilən alimentin miqdarı çoxdur. Cavabdeh "xxxxxxxxxxxxxxxxxx" MMC-də xidməti müqavilə əsasında günlük 7 manat xidmət haqqı olmaqla, sürücülük fəaliyyəti ilə məşğuldur. Cavabdeh uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay əmək haqqının 1/3 hissəsi miqdarında aliment ödəməyə razıdır. İddia tələbinin "xx.xx.2018-ci il təvəllüdlü X2 3 yaşı tamam olana qədər 100 manat məbləğində əlavə alimentin tutularaq iddiaçıya ödənilməsi" hissəsini qəbul etməyərək bildirmişdir ki, tərəflər arasında rəsmi nikah olmadığından iddianın bu hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək vəiş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan notarius tərəfindən təsdiq olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh və anası İddiaçı olan xx xxxxxx 2013-cü il təvəllüdlü X8 və xx xxxxxx 2018-ci il təvəllüdlü X6 doğulmuşdur. iş materiallarında olan notarius tərəfindən təsdiq olunmuş Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2013-cü ildə İddiaçı doğulmuş X7 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan notarius tərəfindən təsdiq olunmuş 5 saylı Bakı “ASAN xidmət” mərkəzində “Ədliyyə” Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2018-ci ildə İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 91 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan portal çıxarışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər faktiki nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx xxxxxx 2013-cü il təvəllüdlü X8 vəxx xxxxxx 2018-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. İddiaçının cavabdehlə ailə münasibətləri faktiki olaraq kəsilmişdir. Hazırda uşaqlar iddiaçının himayəsindədir. Tərəflər hazırda ayrı yaşayır. İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən hər iki uşaöının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, 340 manat sabit pul məbləğində aliment və xx.xx.2018-ci il təvəllüdlü X2 3 yaşı tamam olana qədər 100 manat məbləğində əlavə alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur ki, bu vəzifələr alimentin müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər halların nəzərə alınmasıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, "Valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər (maddə 85.1.1). “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçı uşaqların əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Bir uşağın saxlanmasına çəkilən xərclə, çox uşağın saxlanmasına çəkilən xərci eyniləşdirmək olmaz. Uşaqların sayı artdıqca hər uşaq başına minimum yaşayış həddində aliment tutulması təcrübəsi özünü doğrulda bilməz. Uşaqların sayı artıqca müəyyən dolanışıq xərclərinə qənaət etmək olur. Ailədə bir uşaq olanda 170 manat minimum yaşayış xərci çəkilirsə, bu o demək deyil ki, iki uşaq olanda minimum dolanışıq xərci 340 manat təşkil etməlidir. Belə riyazi hesablama aparılsa onda əksər ailələrdə gəlir gətirən valideynlərin aylıq gəlirləri ailə üzvlərinin sayına bölünərsə adam başına 170 manat vəsait düşməsi istisnadır. Ailə üzvlərinin sayı artıqca ailə büdcəsini idarə edənlər bu qayğıları qənaət etməklə qarşılayırlar. Məhkəmə hesab edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq hər bir uşağa görə həmin məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyil. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Qətnamə digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçündür. Məhkəmə qətnamə çıxararkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. İddiaçıya izah edilir ki, cavabdehin daha artıq məbləğdə aliment ödəmək qabiliyyətinə malik olmasına dair sübutlar təqdim edərsə gələcəkdə alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay hər bir uşağa 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat miqdarında müəyyən edilməlidir İddiaçıya izah edilir ki, cavabdehin daha artıq məbləğdə aliment ödəmək qabiliyyətinə malik olmasına dair sübutlar təqdim edərsə gələcəkdə alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2019-cu il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbayca Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. İddiaçı cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X2 3 yaşı tamam olana qədər 100 manat məbləğində əlavə alimentin tutularaq ona ödənilməsini də tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən, nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Qeyd edilən Məcəllənin 9.4-cü maddəsinə əsasən, ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 297 saylı, xx.xx.2000-ci il tarixli Fərmanına əsasən, həmin Məcəllənin 1.4, 2.3 və 9.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri həyata keçirirlər. Göründüyü kimi, qanunvericilik yalnız müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri)bağlanmış nikah tanıyır və ərarvadın bir-biri qarşısında hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. İddiaçı ilə cavabdeh arasında rəsmi nikah bağlanmamış və buna dair hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bu səbəbən iddia tələbi bu hissədə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30,0 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə habelə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinəəsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır (maddə 217.1). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır” (maddə 218.3). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx xxxx 2020ci il tarixdən başlayaraq xx xxxxxx 2013-cü il təvəllüdlü X3 və xx xxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx xxxxxx 2013-cü il təvəllüdlü X3 və xx xxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 130,0 manat olmaqla, cəmi 260 (ik yüz altmış) manat sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30(otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal icra edilsin. İddia qalan hisədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar