Məhkəmə qərarları › İş №2(003)-2243/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2243/2021

09.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2243/2021 09.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh “X6” ASC-nin nümayəndəsi Tağısoy Rukiyyə Elşən qızının iştirakı ilə İddiaçı cavabdehlər “X6” ASC, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər cavabdehlər “X6” ASC, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin onun mülkiyyətində olan ünvan 1 ilə bağlı təşkil etdiyi və keçirdiyi hərracın qanunsuz sayılması, hərracın nəticələrinin - "xxxx" MMC-nin 18 mart 2020-ci il tarixli, Y-22 saylı hərracın nəticələri haqqında yekun protokolu və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 109 ilə “X6” ASC arasında bağlanmış 18 mart 2020-ci il tarixli müqavilənin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-347/2017 saylı, qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, X2 və X1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, iddia qismən təmin edilmişdir. Bundan sonra iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, X2 və X1 qarşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət etmişdir. ünvan 1 saylı fərdi yaşayış evi qiymətləndirilmiş və həmin tarixə evin qiyməti 100.000 manat məbləğində təşkil etmişdir. Mülkiyyətində olan həmin ev ona məlumat verilmədən 18.03.2020-ci il tarixdə 75.000 manata cavabdeh "xxxx" MMC tərəfindən satışa çıxarılmışdır. Bu barədə tərəflərə məlumat verməli olsa da, ona məlumat verilməmiş, cavabdeh qismində göstərilməyinə baxmayaraq, ona məktub göndərilməmişdir. Heç bir hərrac keçirilmədiyindən, ev satılmamışdır. Bu barədə tərəflərə məlumat verilməli olsa da, ona məlumat verilməmiş, "xxxx" MMC-nin məktubunda onun da borclu qismində göstərilməyinə baxmayaraq, həmin məktub ona göndərilməmişdir. Yenə də heç bir hərrac keçirilmədiyindən ev satılmamışdır. Sonradan tərəflərə heç bir məlumat vermədən cavabdeh "xxxx" MMC 18.03.2020-ci il tarixli, Y-22 №-li ’’Hərracın nəticələri haqqında” yekun protokol tərtib edilmiş, guya 18.03.2020-ci il tarixdə sifarişçi Bakı şəhəri Cavabdeh2 sifarişi əsasında hərrac keçirilmiş və mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 saylı fərdi yaşayış evi "xxxx" KB ASC tərəfindən 47.813 manata alınmışdır. Protokol 6 nüsxədə tərtib olunmuş, ancaq ona göndərilməmişdir. Həmçinin, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə "xxxx" MMC ilə "xxxx" ASC arasında 18.03.2020-ci il tarixli müqavilə tərtib olunmuşdur. Bu hərəkətlər qanunsuzdur. Belə ki, mülkiyyətçi kimi və borclu qismində onun iştirakı təmin olunmamış, əmlakı qanunsuz yollarla ələ keçirilmişdir. Ona görə də, Bakı şəhəri Cavabdeh2 sifarişi əsasında "xxxx" MMC-nin onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 saylı fərdi yaşayış evi ilə bağlı keçirdiyi hərracın qanunsuz hesab olunması və hərracın nəticələrinin - "xxxx"nin 18.03.2020-ci il tarixli, Y-22 №-li hərracın nəticələri haqqında yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış 18.03.2020-ci il tarixli müqavilənin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X6” ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli əmlaka dair iki dəfə hərrac keçirilib. Hər iki hərracla bağlı tərəflərə məlumat göndərilib. Hətta Bank bildirişlərin tərəflərə çatdırılmasını qarantiyaya almaq üçün özü də bildiriş göndərmişdir. Həmin bildirişlər tərəflərə çatdırılmışdır. İddiaçı hərracın keçirilməsindən məlumatlı olmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" hərracın nəticələri haqqında Y-22 saylı 18 mart 2020-ci il tarixli protokolun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu-, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4, mənzil 45 “X6” ASC tərəfindən 47813 manata alınmışdır. Bununla bağlı "xxxx" MMC ilə “X6” ASC arasında 18 mart 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən əmlaka dair keçiriləcək 05.02.2020 və 19.02.2020-ci il tarixli hərraclarla bağlı sifarişçi Xəzər İŞ, tələbkar "xxxx" ASC və borclular X5, X4 və İddiaçı bildirişlər göndərilmişdir. Həmin bildirişlərin borclulara çatdırılmasına dair qaimələr də iş materiallarına əlavə olunmuşdur. İddianın mahiyyətindən görünür ki, iddiaçı hərracın keçirilməsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasını əsas gətirərək, ona məxsus olan ünvan 1 ilə bağlı keçirilmiş hərracın etibarsız hesab edilməsi, həmin hərracın nəticələri haqqında yekun protokol və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.3-cü və 414.4-cü maddəsinə əsasən, bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.4-cü və 415.5-ci maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, iddiaçıya məxsus olan ünvan 1 18 mart 2020-ci il tarixində keçirilən hərrac vasitəsilə "xxxx" ASC-yə satılmışdır. Hərracın keçirilməsinə dair tərəflərə bildiriş göndərilsə də, bu barədə kütləvi informasiya vasitələrində elan dərc edilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Qeyd olunan hallardan görünür ki, hazırki iş üzrə mübahisələndirilən hərrac qanunvericiliklə müəyyən olunmuş qaydaların pozulması ilə keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qanunvericiliyin qeyd olunan normalarına və işin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin iddiaçının mülkiyyətində olan ünvan 1 ilə bağlı təşkil etdiyi və keçirdiyi hərrac və həmin hərracın nəticələrinə dair 18 mart 2020-ci il tarixli, Y-22 saylı yekun protokol etibarsız sayılmalıdır. Məhkəmə hərracın etibarsız sayılmasını nəzərə alaraq hesab edir ki, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X6” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 18 mart 2020-ci il tarixli müqavilə də etibarsız sayılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337. maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin İddiaçı mülkiyyətində olan ünvan 1 ilə bağlı təşkil etdiyi və keçirdiyi hərrac və həmin hərracın nəticələrinə dair 18 mart 2020-ci il tarixli, Y-22 saylı yekun protokol etibarsız sayılsın. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4, 45 saylı mənzilin alqı-satqısı barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X6” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 18 mart 2020-ci il tarixli müqavilə etibarsız sayılsın. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar