Məhkəmə qərarları › İş №2(003)-2262/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2262/2020

01.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2262/2020 01.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdehqarşıalimentin miqdarınınartırılması tələbinədair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanılmaları üçün cavabdeh X3 aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında deyil, sabit pul məbləğində hər ay, hər uşağa görə 170 manat, cəmi 340 manat alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx.xx.2016-ci il tarixdə nikah qeydiyyatından keçib, ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il tarixində X10 və xx.xx.2018-ci il tarixində X8 anadan olmuşdur. Biz bir müddət yaxşı yaşamış, sonradan cavabdehlə aralarındakı münasibətlər pozulmuşdur. Cavabdeh onu və uşaqları saymamış, ona maddi cəhətdən kömək etməmişdir. Nəticədə o Xəzər Rayon Məhkəməsinə Cavabdeh qarşı boşanma və aliment tələbi ilə bağlı müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah ləğv edilmiş və birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018·ci il təvəllüdlü X8 onun yanında saxlanılmış və xx.xx.2016-c1 il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh onun xeyrinə hər ay qazancının 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Cavabdehin işlədiyi idarəyə sorğu versə də həmin idarə tərəfindən onun aylıq qazancı (başqa gəlirləri) gizlədilmişdir. O, özü dəfələrlə ona yüksək maaş aldığı bildirilmişdir. Hesab edir ki, aliment cavabdehin aylıq qazancından deyil, sabit pul məbləğində, yəni hər uşağa görə hər ay uşaqlar yetkinlik yaşına çatanadək 170 manat, cəmi 340 manat məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək və tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o hərbiçidir, ailəli olduğu üçün onunla dövlət arasında bağlanmış müqaviləyə əsasən ona ailəli olması ilə bağlı kirayə haqqı ödənilirdi. Lakin nikah pozulduqdan sonra ona ailəsi ilə yaşaması ilə bağlı ödənilən kirayə haqqının ödənilməsi ilə bağlı müqavilə ləğv edilmiş və kirayə haqqının ödənilməsi dayandırılmışdır. O hazırda 636 manat əmək haqı alır və başqa gəlirləri yoxudur. Aylıq olaraq ümumilikdə 250-260 manat aliment ödyə bilər Qeyd edilənlərə əsasən iddia tələbinin qismən qəbul edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Neftçala rayonu Qaçaqkənd kənd İƏD üzrə nümayəndəliyində xx.xx.2016-cı il tarixdə 17 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X8 nikah pozulduqdan sonra anaları- İddiaçı yanında saxlanılmış, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmuşdur. İşdə olan olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh N nömrəli hərbi hissədə xidmət edir və onun aylıq əmək haqqı bütün növ gəlirlər çıxıldıqdan sonra 636.71 manat, ilin yekunlarına görə verilən birdəfəlik müavinət 1248 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” xx.xx.1989-cu il tarixli X6 Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır. Məhkəmə müəyyən etdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X8 nikah pozulduqdan sonra anaları İddiaçı yanında saxlanılmış, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir və onun aylıq əmək haqqı bütün növ gəlirlər çıxıldıqdan sonra 636,71 manat, ilin yekunlarına görə verilən birdəfəlik müavinət 1248 manat təşkil edir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən görünüdüyü kimi uşaqların qayğısına qalmaq və onların dolanacaq xərclərinin təmin edilməsi valideynlərin borcudur. Həmçinin qanunvericiliyin tələblərinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Hazırki mülki iş üzrə iş materiallarından görünür ki, iddiaçının əmək haqqı 636,71 manatdır. Həmin məbləğin 1/3 hissəsi isə 212,24 manat təşkil edir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi qətnamə ilə cavabdehdən tutulacaq aliment iki uşağa münasibətdə ayrı-ayrılıqda götürülərsə (212,24:2=106,12 manat) uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğindən aşağı olur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin miqdarı dəyişdirilməli və cavabdehdən tutulan alimentin miqdarı ondan aliment həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi miqdarında müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirlərək, hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında və hər ay hər uşağa görə 30 manat sabit pul məbləğində müəyyən edilməli, iddia qalan hissədə rədd edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2 nömrəli Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçının əmək haqqı və onun ¼ hissəsi üzrə hesablanarkən (636,71 : 3=212,24+30x12=2906,88) iddianın qiyməti 500 manatdan çox olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeydolunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-280/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər ay, hər uşağa görə 30 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar