Məhkəmə qərarları › İş №2(003)-2279/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2279/2020

20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2279/2020 20.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının azaldılaraq xx.xx.2008-ci il təvəllüdlü Zöhrabova Ədilə Bahadur qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-cı ildə ailə quraraq evlənmişdir. Birgə nikahdan xx.xx.2008-ci ildə Zöhrabova Ədilə Bahadur qızı doğulmuş, nikahları Əzizbəyov Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2008-ci təvəllüdlü Zöhrabova Ədilə Bahadur qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sonradan Cavabdeh alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü Zöhrəbova Ədilə Bahadur qızının yetkinlik yaşma çatanadək saxlanması üçün tutulan alimentin artırılmasına və ondan hər ay sabit pul məbləğində 180 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılmış, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü Zöhrabova Ədilə Bahadur qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan Cavabdeh xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir, hazırda o, fərdi əməklə məşğul olur, fəhləlik edir. xx xxxxxx 2011-ci il tarixdə Cabbarova (Zöhrabova) Rəvanə Şahkərəm qızı ilə nikaha daxil olmuş, bu nikahdan 3 uşaqları var. O və yoldaşı işləmirlər, ünvanlı sosial yardım alırlar. xx.xx.2008-ci il təvəllüdlü Zöhrabova Ədilə Bahadur qızının saxlanılması üçün kəsilmiş, 50 manat pulu, sonradan artırılmış 170 manat pulu vaxtlı vaxtında ödəmişdir, o da onun övladıdır, lakin birdən birə məbləğin bu qədər artırılması alimentin vaxtlı vaxtında ödənilməsinə ona çətinliklər yaradır. O, real olaraq bu məbləği ödəməyə qadir deyildir. O, atalıq vəzifəsini yerinə yetirməyə hazırdır, amma o biri uşaqlarının da dolanışağacı ondan asılıdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasındaİddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək, izahatında bildirdi ki, xəstə olduğu üçün işləyə bilmir. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-999/2020 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(003)-1626/2008 saylı qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü Zöhrabova Adilə Bahadur qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı X1 xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarından görünür ki, iddiaçı yenidən nikah girmiş və birgə nikahlarından 3 övladları vardır. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (azaldılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə hesab edir ki, iddiaçının müəyyən olunmuş alimentin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsas işləməməsi və nikah girməklə 3 övladının olması məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmənin olmasına dəlalət edən hal kimi qəbul edilə bilməz. Həmçinin, iddiaçının qazancının olmaması övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin, o, əmək qabiliyyətlidir və öz bacarığına uyğun müvafiq fəaliyyətlə məşğul olmaq iqtidarındadır. Mübahisə ilə bağlı məhkəmə həmçinin aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Hazırkı işdə müəyyən edilmişdir ki, uşaqların saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarı hər ay hər uşaq üçün 170 manatdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etməklə yalnız minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçının isə iddiasının təmin edilməsi halında isə hər uşaq üçün yaşayış minimumundan çox aşağı bir məbləğdə aliment müəyyən olunmasına gətirib çıxarar ki, bu da uşaqların təminat səviyəsinə pis təsir edə bilər. Halbuki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu belə heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu baxımından da ədalətli və ağlabatandır. Göstərilən bütün halları məcmusu baxımından məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar