Məhkəmə qərarları › İş №2(003)-2295/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2295/2025

02.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2295/2025 02.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 5000,0 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, cavabdeh 21 noyabr 2024-cü il tarixdə xuliqanlıq niyyəti ilə özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirib, birgə davranış qaydalarını və əxlaq normalarını kobud surətdə pozub, onun ənsə, təpə, sifət və bədəninin digər nahiyələrinədən bir neçə zərbə vurub yerə yıxmaqla döymüş burun sümüyünün yerdəyişən sınığı kimi sağlamlığına az ağır dərəcəli zərərvurmaya səbəb olan xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə sağlamlığına az ağır zərər vurmudur. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildidi ki, cavabdehin ona vurduğu xəsarətlər nəticəsində əməliyyat olunub. Bundan başqa hadisə zamanı 2 ədəd mobil telefonu sınıb. Dəymiş zərərin məbləğini özü hesablayıb. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçının tələbinin tamamilə əsassız olduğunu, həqiqətə, məntiqə, qanuna uyğun olmadığını əsas gətirərək rədd olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o 5000,0 manat məbləğində ziyan vurmayıb, iddiaçıya ümumiyyətlə heç bir ziyan vurmayıb. Özü ayağından əməliyyat olunub, işləyə bilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(003)-227/2025 saylı hökmünün surətindən aydın olur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini – xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərərvurma hərəkətini – törətməkdə təqsirli bilinmiş və ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Həmin qərardan görünür ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il bundan qabaq Şüvəlan parkında idman edən zaman Aygün adlı qız ilə tanış olmuşdur. Onlar Aygün ilə “İnstaqram” və “Tik-Tok” sosial şəbəkələri vasitəsi ilə danışmışlar. Aygünün 16 yaşının olduğunu bilmişdir. Aygünlə evlənmək istəmiş, lakin onun valideynləri razı olmamışlar. xx.xx.2024-cü il tarixdə saat təxminən 17:30 radələrində Aygün ilə görüşüb parkta söhbət etmişlər. Bu zaman Aygünün atası Əlizadə gəlib onu tutmuşdur. Onun ayağı əməliyyat olduğuna görə qaça bilməmişdir. Əlizadə onu tuta-tuta arvadına zəng edib gəlməsini demişdir. Həmin vaxt həyacanlı olduğundan və qorxduğundan Əlizadəni vurub qaçmaq istəmişdir. Aygün onlardan bir qədər aralıda durmuşdur. Əlizadə ona bir dəfə şillə atmışdır. O, əli ilə bir dəfə Əlizadəyə zərbə endirmişdir. Lakin Əlizadə onu buraxmamışdır. Bu səbəbdən onun sifət nahiyyəsinə daha bir neçə dəfə zərbə endirmişdir. Nəhayət Əlizadə bu zərbələrin təsirindən yerə yıxılmışdır. O, idman çantasını götürərək oradan qaçıb evlərinə getmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı iddiasını əsaslandırarkən bildirib ki, həmin xəsarətlər nəticəsində əməliyyat olunmuş, hadisə zamanı ona məxsus iki ədəd mobil telefon sınıb, eyni zamanda, aldığı zərbələr ona ciddi mənəvi sarsıntı yaşatmışdır. Lakin o, bu zərərin məbləğini hesablayarkən hər hansı maddi sübut, tibbi arayış, psixoloji ekspertiza rəyi və ya müstəqil qiymətləndirmə təqdim etməmişdir. İddiaçının yalnız subyektiv qiymətləndirməsinə əsaslanaraq 5000 manat məbləğində mənəvi zərərin kompensasiya edilməsi tələbi məhkəmə tərəfindən şişirdilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Digər tərəfdən, məhkəmə təcrübəsində formalaşmış yanaşmaya uyğun olaraq, mənəvi zərərin kompensasiyası zərərin xarakteri, cavabdehin əməlinin ağırlıq dərəcəsi, iddiaçının keçirdiyi iztirablar və tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla məhkəmənin mülahizəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin 3-cü abzasında izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bənində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Lakin iş materiallarında olan cinayət işində təsdiqlənmiş və qanuni qüvvəyə minmiş hökmdəki hallar mülki iş üzrə sübut kimi qəbul edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, mənəvi zərərin müəyyən hissəsi iddiaçının xeyrinə ödənilməlidir. Cavabdehin cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, iddiaçıya yetirilmiş az ağır bədən xəsarəti, və onun keçirdiyi mənəvi iztirablar nəzərə alınaraq, mənəvi zərərin kompensasiyası kimi 500 (beş yüz) manat məbləğin ödənilməsi ədalətli hesab olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi halı müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır” (maddə 218.3). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 500,0 manat məbləğində mənəvi zərərə görə kompensasiya İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar