Məhkəmə qərarları › İş №2(003)-2478/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2478/2023

21.06.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2478/2023 21.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək mübahisəsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək mübahisəsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, cavabdeh Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Xətai rayonu Babək prospekti 16 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, cavabdeh Bakı şəhəri Xəzər rayonu ərazisində qeydiyyatda deyildir. Cavabdeh Bakı şəhəri Xəzər rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı deyildir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehə qarşı mövcud iddia ərizəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan başqa, həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən, ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. İddiaçı öz ərizəsinə tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutları əlavə etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.3-cü maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın tətbiqi dairəsinə aid edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Lakin iddiaçı hazırkı əmək mübahisəsinə dair iddia ilə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etməmişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152, 263-264, 268ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək mübahisəsi üzrə pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar