Məhkəmə qərarları › İş №2(003)-2681/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2681/2025

11.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2681/2025 11.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (anası) X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən birgə münasibətdən doğulmuş xx.xx.2025-ci il təvəllüdlü Ağa-zadə Hüseyn Nəsimi oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatanadək hər ay 50 manat əlavə alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, cavabdehlə xx.xx.2024-cü il tarixdə faktiki nikaha daxil olmuşlar. Rəsmi nikahları olmayıb. Faktiki nikahdan Ağa-zadə Hüseyn Nəsimi oğlu dünyaya gəlmişdir. Cavabdehlə 2024-cü ilin sentyabr ayından ayrı yaşayırlar. Halhazırda yetkinlik yaşına çatmayan Ağa-zadə Hüseyn Nəsimi oğlu onunla qalır. Özü heç yerdə işləmir. Cavabdehin avtobusları var və özü də qeyri-rəsmi olaraq sürücü kimi işləyir. Cavabdehin aylıq təxminən 1000-1500 manat gəliri olur. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi (anası) X2 məhkəmə iclasında göstərdi ki, cavabdeh sürücüdür və Binə qəsəbəsində fəhlə aparır, aylıq təxminən 500-600 manat gəliri olur. Buna görə də ayda 246 manat ödəyə bilməz və uşağın 3 yaşına çatanadək hər ay 50 manat əlavə aliment tələbini də qəbul etmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-V seriyalı, 115185 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ağa-zadə Hüseyn Nəsimi oğlu xx.xx.2025-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 483589 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixində İddiaçı doğulmuş Ağa-zadə Hüseyn Nəsimi oğlunun atası hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Eyni zamanda, bu Məcəllənin 100.2-ci maddəsinə əsasən “aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur”. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci maddəsinə əsasən “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. İş materiallarına əlavə edilən EMİS portalından çıxarışdan görünür ki, Cavabdeh rəsmi iş yeri yoxdur. Məhkəmədə müəyyən olundu ki, yetkinlik yaşına çatmayan Ağa-zadə Hüseyn Nəsimi oğlu anası İddiaçı ilə qalır. İddiaçı uşağın saxlanması üçün hər ay 246 AZN məbləğində alimentin tutulmasını tələb etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin (anasının) iclasda 246 manat alimentə razı olmadığını, cavabdehin rəsmi iş yerinin olmamasını və hər iki valideynin uşaqlarını saxlamağa borclu olduqlarını nəzərə alaraq hesab edir ki, Cavabdeh məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının (2025-ci il üzrə 400 AZN məbləğində müəyyən edilmişdir) 0,5 (200 AZN:400 AZN=0,5) mislində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. İddiaçı Ağa-zadə Hüseyn Nəsimi oğlunun 3 yaşına çatanadək hər ay 50 manat əlavə alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi tələbi qoymuşdur. Məhkəmə cavabdehin nümayəndəsinin (anasının) iclasda 50 manat əlavə alimentə razı olmadığını, cavabdehin rəsmi iş yerinin olmamasını, cavabdehin zəruri vəsaitə malik olmamasını, cavabdehdən alimentin tutulmasını və hər iki valideynin uşaqlarını saxlamağa borclu olduqlarını nəzərə alaraq hesab edir ki, bu tələb əsassızdır və təmin olunmamalıdır. İddia qalan hissədə əsassız olduğundan rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2025-ci il təvəllüdlü Ağa-zadə Hüseyn Nəsimi oğlunun saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonraki artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar