Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2706/2020 01.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmməd oğluna qarşı doğum akt qeydinə dəyişiklik edilməsinə və sair tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmməd oğluna qarşı doğum akt qeydinə dəyişiklik edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə doğulmuş qız uşağının X1 atası olmasının müəyyən edilməsi və X2 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmasına dair 4 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə 1421 nömrəli doğum akt qeydində dəyişiklik edilərək, ata adı Əli, soyadı Hümbətova, atası qrafasında Cavabdeh1 kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi doğum akt qeydinə dəyişiklik edilməsinə aid hissədə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, qalan hissədə isə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı həmçinin qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş aktda dəyişiklərin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxxx 2015-ci il tarixli qərarının 9.1-ci bəndində göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin doğum akt qeydinə dəyişiklik edilməsinə dair hissəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də həmin hissədə iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 X1 atası olmasının müəyyən edilməsinə dair hissədə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Belə ki, iddiaçı məsələnin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədi, yəni Cavabdeh1 X1 atası olmasının qeyd edilməsindən imtina haqqında müvafiq qeydiyyat orqanının imtinasını iddia ərizəsinə əlavə etmədiyindən, nəticədə iddia ərizəsi Azərbaycan Respublikası MPM-in tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, hazırkı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin bir hissəsi mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, doğum akt qeydinə dəyişiklərin edilməsi hissəsində iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və həmin hissədə iddia ərizəsi ilə aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olması izah olunmalı, Cavabdeh1 X1 atası olmasının müəyyən edilməsinə dair hissədə isə iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmməd oğluna qarşı doğum akt qeydinə dəyişiklik edilməsinə dair hissədə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı doğum akt qeydinə dəyişiklərin edilməsi dair hissədə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olması izah olunsun. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmməd oğluna qarşı Cavabdeh1 X1 atası olmasının müəyyən edilməsinə dair hissədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2706/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2706/2020
01.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver