Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-275/2022 11.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı bağ sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Xəzər rayonu, Ləhic bağları ərazisində yerləşən, 9 saylı 15 iyul 1989-cu il tarixli order əsasında verilmiş 74 nömrəli bağ sahəsinə və üzərində olan tikililərə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Xəzər rayonu Ləhic bağları deyilən ərazidə X1 adlı şəxsdən 9 saylı bağ sahəsini 15 iyul 1989-cu il tarixli order əsasında 74 saylı bağ sahəsinə 1995-ci ildə 5000 manata almış və həmin vaxtdan da onun istifadəsindədir. O vaxt tikintiyə icazə verilmədiyindən taxtadan hazırlanmış vaqon tipli otaqdan istifadə edirdi və hər il yay mövsümündə həmin müvəqqəti tikilidə istirahət edirdi. Həyətdə üzüm ağacları var idi və hal-hazırda da qalmaqdadır və onun istifadəsindədir, bağ sahəsini aldığı həmin tarixdən bağdan vicdanla istifadə edir və hal-hazırda da istifadə etməkdə davam edir. Bağ sahəsində müxtəlif növ ağaclar əkmiş, hər il müxtəlif növdə bağbostan bitkiləri əkib-becərir. Hər il yay mövsümündə ailə üzvlərilə bağa köçərək orada yaşayırlar. Son dövrdə məlum vəziyyətlə əlaqədar bağdan hər ildəki kimi istifadə çətinləşib, bağda tikinti işləri yerinə yetirilməsini adına sənəd olmadığından icra edə bilmir və sənədləşməni başa çatdırmaq üçün Kazakov Semyonu və ya ailə üzvlərini tapa bilməmişdir. Göründüyü kimi, 20 ildən artıq bir müddədir ki, bağ sahəsindən mülkiyyətçi kimi istifadə edir, lakin adına sənədləşmə aparılmasında böyük bir çətinliklə üzləşmişdir. Bağ-torpaq sahəsinin adına özəlləşdirilməsi ilə bağlı müvafiq sənədlərin maraqlı şəxslərə 27.07.2021-ci il tarixli ərizə ilə verilməsinə baxmayaraq, 06.09. 2021-ci il tarixli məktubla ona sənədləşmədən imtina etmişlər və bildirmişlər ki, yalnız məhkəmə qətnaməsi əsasında məsələ həll oluna bilər. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən belə bağ-torpaq sahələri qeyri-şərtsiz həmin torpaq sahələri istifadəçilərinin adlarına rəsmləşdirilərək mülkiyyətinə verilməlidir. Hesab edir ki, X1 ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli və həmin bağ sahəsinə mülkiyyət hüququ tanınmaqla adına çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən, Xəzər rayonu, Ləhic bağları ərazisində yerləşən, 9 saylı 15 iyul 1989-cu il tarixli order əsasında verilmiş 74 nömrəli bağ sahəsinə və üzərində olan tikililərə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, o cümlədən, qanunvericiliyin aşağıda göstərilən tələblərini nəzərə alaraq belə hesab edir ki, iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2. maddəsindən görünür ki, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə görə, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarının 5.1-ci bəndində göstərilir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia tələbindən görünür ki, iddianın əsasını inzibati orqanın hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi təşkil edir. İddia tələbindən görünür ki, iddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmiş, iddianın predmeti isə inzibati orqanın yalnız ona xas olan, həyata keçirdiyi fəaliyyəti və hərəkəti ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarının 15.4-cü maddəsinə əsasən, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan tələblərini rəhbər tutub, hesab edir ki, hazırki iş inzibati orqanın hərəkətsizliyinin mübahisələndirilməsi ilə bağlı olduğundan, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı bağ sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün inzibati məhkəməyə müraciət etməli olduğu izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.3. maddəsinə əsasən, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı bağ sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, eyni tələb ilə ümumi qaydada yenidən inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-275/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-275/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver