Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3521/2025 05.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun atasından aldığı 2.25 ha torpaq sahəsinə görə verdiyi pulun indiki bazar qiymətinə uyğun olaraq torpağın dəyərini, yəni, 13500 manat manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək, cavabdehdən və onun atası X3 həmin dövrdə bazar qiymətinə uyğun olaraq 2.25 ha torpaq sahəsini 400 “şirvana”satın aldığını, hazırda qeyd olunan torpaqın bazar qiymətinin hektara 6000 manat olduğunu, cavabdehin bu gün onun atasından aldığı torpağı geri almaqla ona 13500 manat ziyan vurduğunu, hal bu ki, həmin vaxt cavabdehin atasına verdiyi pulla daha çox, bəlkə də 3 ha torpaq sahəsi satın ala biləcəyini bildirərək, 13500 manatın cavabdeh tərəfindən ödənilməli olduğunu bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianın əsasız olduğunu, Ağdam Rayon Məhkəməsinin 2(013)-3070/2017 saylı qətnaməsinə əsasən İddiaçı atası X4 məxsus Ağdam rayon Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsinin alınması barədə Ağdam rayon, Üçoğlan ərazi nümayəndəliyində həmin torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin təsdiq edilməsi qət edildiyini, daha sonra onun verdiyi apellyasiya şikayətinə əsasən Ağdam Rayon Məhkəməsinin sözü gedən qətnaməsinin ləğv edildiyini və İddiaçı adına olan torpağa dair çıxarışın ləğv edildiyini, lakin bütün bunlara baxmayaraq, cavabdehin Ağdam rayon Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsini uzun müddət qanunsuz istifadə etdiyini və həmin torpaqdan gəlir əldə etdiyini bildirdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahatında göstərdi ki, İddiaçı onun kəndçisidir, İddiaçı 2.25 ha torpaq sahəsini cavabdehin atası mərhum X1 pulla 400 şirvana (4000000 manat) satın almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahatında göstərdi ki, İddiaçı onun kəndçisidir, İddiaçı 2.25 ha torpaq sahəsini cavabdehin atası mərhum X1 pulla 400 şirvana (4000000 manat) satın almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında göstərdi ki, İddiaçı onun kəndçisidir, İddiaçı 2.25 ha torpaq sahəsini cavabdehin atası mərhum X1 pulla 400 şirvana (4000000 manat) satın almışdır. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2266/2021 saylı 11 iyun 2021-ci il tarixli qətnaməsinin sürətindən görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Ağdam rayon Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-3070/2017 saylı 20 iyun 2017-ci il tarixli qətnaməsi ərizə təmin edilmiş, İddiaçı X4 məxsus Ağdam rayon Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsinin alınması barədə Ağdam Rayon Üçoğlan Ərazi nümayəndəliyində həmin torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin təsdiq olunması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin göstərilən qətnaməsi ilə maraqlı şəxs Cavabdeh apelyasiya şikayəti əsasında Ağdam Rayon Məhkəməsinin 2(013)-3070/2017 saylı 20 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Ali Məhkəmənin 2(102)-6437/2021 saylı 11 noyabr 2021-ci il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2266/2021 saylı 11 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə X6 arasında Ağdam rayon Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsinin alınması barədə Ağdam Rayon Üçoğlan Ərazi nümayəndəliyində həmin torpaq sahəsinin alqı-satqısına dair bağlanmış əqd (müqavilə) qanuna uyğun olmamışdır və həmin əqd üzrə hazır ki iş üzrə Cavabdeh tərəf olmamış və onun apelyasiya şikayəti əsasında Ağdam Rayon Məhkəməsinin 2(013)-3070/2017 saylı 20 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı Ağdam rayon Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin təsdiq edilməsi barədə ərizəsi təmin edilməmişdir. Ona görə də hazırki iş üzrə iddiaçının cavabdehdən X3 aldığı 2.25 ha torpaq sahəsinə görə verdiyi pulun indiki bazar qiymətinə uyğun olaraq 13500 manat pulun tələb etməsi qanuna uyğun deyil və tam əsasızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı Çernobıl AES-də baş vermiş qəzanın iştirakçısı olduğundan məhkəmədə iddia qaldırarkən dövlət rüsumu ödəməmişdir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq q ə t e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehdən, onun atasından aldığı 2.25 ha torpaq sahəsinə görə verdiyi pulun indiki bazar qiymətinə uyğun olaraq torpağın dəyəri, yəni, 13500 manat manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-3521/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3521/2025
05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver