Məhkəmə qərarları › İş №2(042)-1463/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1463/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1463/2025 21.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: borc tələbi, əsassız varlanma) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə mürciət edərək, Cavabdeh 10.000 manat pulun və 120 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Cavabdeh onun qardaşıdır. Qardaşı Cavabdeh və onun ümumi paylı mülkiyyətlərinə JN-480N saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Şəmkir rayonu Posanlı yaşayış massivində 0.4755 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi verilmişdir. Cavabdeh 2015-ci ildə pula ehtiyacı olduğuna görə paylı mülkiyyətlərində olan torpaq sahəsinin özünə aid hissəsini ona 10 000 manata satmışdır. Cavabdehə iki dəfəyə hər dəfə 5000 manat olmaqla ümumilikdə 10.000 manat pul vermişdir. Həmin vaxtdan da torpaq sahəsi onun istifadəsindədir. Lakin, Cavabdeh ona qarşı 2024-cü ildə ümumi mülkiyyətdə olan payların naturada bölünüb təhvil verilməsinə dair iddia qaldırmış, Şəmkir Rayon Məhkəməsinin 2(076)-115/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavadehin iddiası təmin edilərək, hər birinə 1/2 hissədə payları müəyyən edilərək, naturada bölünmüşdür. O torpaq sahəsinin dəyərini ödəmiş olsa da, cavabdeh ondan torpaq sahəsini almışdır. Ona görə də, cavabdehdən torpaq sahəsinə görə verdiyi pulu geri tələb edir. Dəfələrlə müraciət etməyinə baxmayaraq, cavabdeh onun pulunu qaytarmaqdan imtina edir. O cavabdehin hərəkətləri nəticəsində maddi ziyan çəkmişdir. Dəfələrlə cavabdehdən ona ödədiyi 10.000 manat pulu tələb etsə də, o qaytarmaqdan imtina edir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, İddiaçı ilə torpaq sahəsinin alqı-satqısı barədə aralarında hər hansı razılıq olmamış və pul almamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olmadığı üçün təmin edilməməlidir.

7. Belə ki, mülki iş materiallarında olan; - Şəmkir rayon Məhkəməsinin 2(076)-115-2025 saylı qətnaməsinin nəticə hissəsindən görünür ki, **********26 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Cavabdeh və İddiaçı birgə mülkiyyətində olan Şəmkir rayonunda yerləşən 0.4755 ha torpaq sahəsinə Cavabdeh və İddiaçı hər birinin 1/2 hissədə payların müəyyən edilməsi, **********26 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Cavabdeh və İddiaçı birgə mülkiyyətində olan Şəmkir rayonunda yerləşən 0.4755 ha torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüququi Şəxsinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq Cavabdeh payı 1/2 hissədə naturada ayrılması qət edilmişdir.

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 14.2-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; Başqa şəxsə zərər vurulması; Əsassız varlanma; Fiziki və hüquqi şəxslərin digər hərəkətləri; Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə- mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.

9. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

11. Göründüyü kimi, qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə görə, mülki hüquq pozuntusunun (delikt) olması, pozuntu nəticəsində cavabdehin əməli ilə iddiaçıya zərər vurulması, vurulmuş zərərlə pozuntu arasında səbəbli əlaqənin olması tələb olunur.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

13. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

14. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

15. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, iddiaçı X1 cavabdeh tərəfindən ona 10.000 manat maddi ziyan vurulduğunu sübut etməlidir.

16. Məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə aralarında razılaşdırılmış torpaq sahəsinin alqı-satqısı münasibəti üzrə cavabdehə 10.000 manat məbləğində pul vəsaiti verdiyini, cavabdehin isə həmin məbləği əsassız olaraq əldə etməsi nəticəsində iddiaçıya 10.000 manat məbləğində ziyan vurduğunu göstərmişdir.

17. Məhkəmə qeyd edir ki, tərəflər arasında sözügedən əmlakın alqı-atqısı barədə hər hansı notarial müqavilə bağlanmamışdır. Həmçinin İddiaçı tərəfindən torpaq sahəsinin alqı-satqısı barədə cavabeh Cavabdeh 10.000 manat məbləğində pul verməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

20. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan suiistifadədir.

21. Yuxarıda sadalanan Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddəsində qeyd edilən normaların mahiyyətindən görünür ki, hər bir tərəf öz tələbini əsaslandırmalı və məhkəmə isə tərəflərin təqdim etdiyi sübutları araşdırmalıdır.

22. Göründüyü kimi, İddiaçı Cavabdeh qarşı pul tələbi ilə bağlı iddiası təsdqini tapmadığından rədd edilməlidir.

23. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

qət etdi:

İddiaçı Cavabdeh qarşı "pul tələbi barədə” iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar