Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2778/2025 17.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi və aliment öhdəliyindən azad edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi, İşin halları İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi və aliment öhdəliyindən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2013-cü il tarixdə nikahı pozulmuşdur. Lakin nikahdan 27 iyul 2007-ci il təvəllüdlü X1 doğulmuşdur. Halhazırda o, müddətsiz olaraq birinci qrup əlildir (orqanizmin funksiyalarının pozulması 90%). Bu səbəbdən də məhkəmə tərəfindən təyin edilmiş alimenti ödəyə bilmir və səhhətinin vəziyyətinə görə də aliment öhdəliyini vaxtında və lazımınca yerinə yetirə bilmədiyi üçün hazırda 1413 manat məbləğində borc yaranmışdır. Səhhəti ilə əlaqədar olaraq aliment öhdəliyini yerinə yetirə bilmir. Qeyd olunan əsaslı səbəbləri nəzərə alaraq aliment borcun silinməsini və aliment ödəməkdən azad olunmağımı məhkəmədən xahiş edir. 1413 manat məbləğində alimentin borcunun silinməsi və aliment öhdəliyindən azad edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 724,0 manat məbləğində alimentin borcunun silinməsi və aliment öhdəliyindən azad edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin əmək qabiliyyəti yoxdur. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi. Bildir ki, iddiaçı tərəf torpaq sahələrini satıblar və ordan pul əldə edilib. Ayda cəmi 190,0 mant aliment ödəyirdi. Qalan borcun ödənilməsini tələb edir. İş materiallarına əlavə olunmuş sənədlər -nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan rəsmi nikah pozulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi TSEK sonuncu müayinəyə dair məlumatların verilməsinə dair məlumat vərəqəsindən görünür ki, İddiaçı 1-ci dərəcəli əlildir və əmək qabiliyyətsizdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmənin mövqeyi Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında rəsmi nikah xx.xx.2013-cü il tarixdə pozulmuşdur. Birgə nikahdan övladı – X1 doğulmuşdur və iddiaçının aliment öhdəliyi əmələ gəlmişdir. Hazırda iddiaçı tərəfindən göstərilir ki, o, müddətsiz birinci qrup əlildir (orqanizmin funksiyalarının pozulması 90%), buna görə də məhkəmə tərəfindən müəyyən olunmuş alimenti ödəyə bilmir. Onun cari sağlamlıq vəziyyəti və əmək qabiliyyətsizliyi aliment öhdəliyini yerinə yetirməyə mane olur. İddiaçı, iddia tələbini əlil olması və və əmək qabiliyyətsizliyi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən əsaslar aliment öhdəliyindən azad edilməsi üçün əsasdır. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin qərarın 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının xəstə olması, 1-ci dərəcəli əlil olmaqla əmək qabiliyyətinin olmaması aliment öhdəliyindən azad edilməsi üçün əsas kimi qiymətləndirilməlidir. Məhkəmənin gəldiyi nəticəyə əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdən etibarən 1-ci dərəcəli əlillik statusuna malikdir. Bu hal Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) rəsmi sənədi ilə təsdiq olunmuşdur. Həmin sənəddən aydın şəkildə görünür ki, İddiaçı sağlamlıq vəziyyətinin qiymətləndirilməsi 30 noyabr 2024-cü il tarixində aparılmış və nəticədə onun əmək qabiliyyətinin tam itirildiyi müəyyən edilmişdir. Bu hal iddiaçının həmin tarixdən etibarən gəlir əldə etmək imkanlarının məhdudlaşdığını və dolayısıyla mövcud aliment öhdəliyinin real olaraq icra olunmasının qeyri-mümkünlüyünü sübuta yetirir. Yuxarıda göstərilən faktlar və normativ hüquqi aktların müddəalarına əsaslanaraq, məhkəmə iddiaçının əlillik və əmək qabiliyyətsizliyini təsdiq edən sənədləri, onun maddi imkanlarının məhdudluğunu, aliment borcunun yaranmasının əsaslı səbəblərini, həmçinin cavabdehin iddialarının sübut olunmamasını nəzərə alaraq, hesab edir ki, aliment borcunun silinməsi və aliment öhdəliyindən azad olunması barədə iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı 724,0 manat məbləğində alimentin borcu silinsin və İddiaçı aliment öhdəliyindən azad edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2778/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2778/2025
17.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver