Məhkəmə qərarları › İş №2(003)-2822/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2822/2021

12.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2822/2021 12.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh oğlu ilə 09 oktyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan 26 avqust 2011-ci il təvəllüdlü X5 və 04 dekabr 2016-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra onlar qısa müddət ailədə normal münasibətdə yaşamışlar. Lakin sonradan cavabdeh ilə ailədə münasibətləri pozulmuşdur. Onunla xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Cavabdeh uşaqların saxlanılmasında iddiaçıya heç bir köməklik göstərmir. Ona görə də cavabdehdən iki azyaşlı uşaqlarının saxlanması üçün onun xeyrinə hər ay sabit pul məbləğində hər ay sabit pul məbləğində hər uşağa görə 250,0 manat olmaqla cəmi 500,0 manat alimentin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirib ki, iddiaçı ona qarşı tələlər qurur, o evdən çıxıb gedib. İşsiz olmağına baxmayaraq o, uşaqlarına maddi köməklik edir, bir ata kimi gücü çatdiğı köməkliyi edir. Vaxtında uşaqlarını xarici ölkələrə gəzməyə aparıb. Lakin indi işsizdir. Boşanmaqlarına baxmayaraq iddiaçı onun evində yaşayır. İddiaçı isə 2000,0 manat maaş alır. Uşaqlara baxmaq hər iki valideyinin borcudur tək atanın yox. İddiaçı onun evində yaşayır. Hal hazırda işsiz olduğunnan iddia tələbini qəbul etmir. Hər uşağa görə hər ay 100,0 manat ödəyə biləcəyini bildirib. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh oğlu X4 ilə 09 oktyabr 2010-cu il tarixdə Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsində rəsmi nikah daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1025 nömrəli qeydiyyat aparılmış, ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, atası Cavabdeh oğlu və anası İddiaçı olan 04 dekabr 2016-ci il təvəllüdlü X6 və 26 avqust 2011-ci il təvəllüdlü X7 oğlu doğulmuşdur. İş materiallarında olan MAPS arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 09 oktyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan 26 avqust 2011-ci il təvəllüdlü X5 və 04 dekabr 2016-ci il təvəllüdlü X6 doğulmuşdur. İddiaçının cavabdehlə ailə münasibətləri faktiki olaraq kəsilmişdir. Hazırda uşaqlar iddiaçının himayəsindədir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldıqlarından, uşaqların saxlanmaları üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin tələb edilən alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı bir uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 250,0 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.Məhkəmə qeyd edir ki, qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçı uşaqların əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Bir uşağın saxlanmasına çəkilən xərclə, çox uşağın saxlanmasına çəkilən xərci eyniləşdirmək olmaz. Uşaqların sayı artdıqca hər uşaq başına minimum yaşayış həddində aliment tutulması təcrübəsi özünü doğrulda bilməz. Ailə üzvlərinin sayı artıqca ailə büdcəsini idarə edənlər bu qayğıları qənaət etməklə qarşılayırlar. Məhkəmə hesab edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq hər bir uşağa görə həmin məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyil. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Qətnamə digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçündür. Məhkəmə qətnamə çıxararkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 140,0 manat müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 14.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 14 iyun 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 26 avqust 2011-ci il təvəllüdlü X1 və 04 dekabr 2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 140,0 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçına ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal icra edilsin. İddia qalan hisədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar