Məhkəmə qərarları › İş №2(003)-2825/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2825/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2825/2021 07.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 522 manat sığorta ödənişi məbləğinin, 1500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 2052 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə X4 arasında 08.05.2018-ci il tarixdə PAA ********** saylı sığorta müqaviləsi bağlanmış və “Chevrolet Cruze” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 31.07.2018-ci il tarixdə “Chevrolet Cruze” markalı 90 VB 834 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Sabunçu rayonunda yol nəqliyyat hadisəsi törətmiş və “VAZ 21063” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 522 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ DYPŞ-dən iddiaçının ünvanına 01.08.2018-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar daxil olmuş, həmin Qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. Həmçinin qeyd olunan Qərarda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Chevrolet Cruze” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etdiyi qeyd olunmuşdur. Sabunçu RPİ DYPŞ-nin “xxxx” ASC-yə təqdim etdiyi 04.08.2018-ci il tarixli 07324099-1218 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Bildirmək istəyir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta - ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına 28.11.2018-ci il tarixli, AS-18/3028 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək iddiaçıya ödənilməmişdir. İddiaçı “xxxx” ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məktubla məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarında olan “xxxx” ASC tərəfindən Cavabdeh ünvanlanmış 28.11.2018-ci il tarixli, AS-18/3028 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, iddiaçı 522,0 manat sığorta ödənişini cavabdehdən tələb etmişdir. İş materiallarından görünür ki, X1 məxsus “Chevrolet Cruze” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobil 08.05.2018-ci il tarixdən 08.05.2019-cu il tarixədək “xxxx” ASC-də sığortalanmışdır. İş materiallarında olan 17.08.2018-ci il tarixli sığorta aktının surətindən görünür ki, “Chevrolet Cruze” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı maddi ziyanın ümumi məbləği olan 522,0 manat məbləğində təşkil etmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib olunmuş 17 avqust 2018–ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 522,0 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün zərərçəkənin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, 522,0 manat məbləğində pul vəsaiti 17.08.2018-ci il tarixdə X5 hesabına köçürülmüşdür. İş materiallarında olan Sabunçu RPİ DYPŞ-nin AP seriyalı, ******* saylı protokolunun surətindən görünür ki, Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində hərəkətdə olduğu zaman ara məsafəsi saxlamamış, qarşıdakı “VAZ 21063” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən yayınmışdır. İş materiallarında olan Sabunçu RPİ DYPŞ-nin 04.08.2018-ci il tarixli 07324099-1218 saylı arayışından görünür ki, Cavabdeh 31.07.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21063” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cruze” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. Göründüyü kimi, iddiaçı “xxxx” ASC-nin iddiasının əsası kimi istinad etdiyi sığortalanmış “Chevrolet Cruze” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş “VAZ 21063” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə sübut olunur. Qeyd olunan avtomobil etibarnamə əsasında Cavabdeh istifadəsində və sahibliyində olmuş və yol nəqliyyat hadisəsi onun tərəfindən törədilmişdir. Məhkəmə hesab edir ki, sığortalanmış “VAZ 21063” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan iddiaçı “xxxx” ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı “xxxx” ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.2-ci maddəsinə əsasən, sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdeh hadisə yerindən yayındığından, bununla da “xxxx” ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yarandığından, sığorta ödənişi cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi cavabdeh tərəfindən idarə edilərkən törədildiyindən, cavabdeh isə hadisə yerindən yayındığından, zərərin ödənilməsi ilə bağlı məsuliyyət cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iddia tələbinin "1500 manat işlərin görülməsi xərcinin" cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı hansı işlərin görülməsi üçün 1500 manat pulun cavabdehdən tutulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddianın bu hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hazırki iddia üzrə sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən hal sübuta yetirilmədiyindən "1500 manat işlərin görülməsi xərci" cavabdehdən tutula bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 522,0 (beş yüz iyirmi iki) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq “xxxx” ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində BakıŞəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar