Məhkəmə qərarları › İş №2(003)-3009/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3009/2020

29.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3009/2020 29.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx xxxxxxx 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində alimentin və əvvəlki 3 illik dövr üçün birdəfəlik alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 1993cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx xxxxxx 1994-cü il təvəllüdlü Emil, xx xxxxxx 1998-ci ildə Aytac və xx xxxxxxx 2004-cü il təvəllüdlü X2 doğulmuşdur. Ailə qurduqdan sonra aralarında narazılıqlar olmuş, şiddətlərə məruz qalmışdır. 2012-ci ildə Fransa Respublikasına getmişlər və orada da cavabdeh ona qarşı şiddət göstərmiş və bunun nəticəsi olaraq polis orqanlarına şikayət edilmişdir. Sonra isə 2014-cü ildə cavabdeh Azərbaycana qayıtmışdır. O, üç uşaqla Fransada yaşamağa davam etmişdir. Cavabdeh 2014-cü ildə qayıtdıqdan sonra ailəsi ilə maraqlanmamış, onların dolanışığı üçün maddi dəstək göstərməmişdir. Yaxın günlərdə məlum olmuşdur ki, onun xəbəri olmadan və məhkəməyə dəvət edilmədən, xx xxxxxx 2014-cü il tarixli Bakı şəhəri Xəzər rayon məhkəməsinin qətnaməsi ilə pozulmuş, uşaqların analarının himayəsinə verilməsi qət edilmişdir. Ancaq qətnamə qəbul edilərkən aliment məsələsi həll edilməmişdir. Cavabdeh xəlvəti yolla nikahı məhkəmə qaydasında pozmuş və nəticədə alimentin ödənilməsindən boyun qaçırmışdır. 6 ildir ki, cavabdeh uşaqlarının saxlanması üçün maddi dəstək göstərməmişdir. Qeyd olunanlara əsasən, cavabdehdən xx xxxxxxx 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində alimentin və əvvəlki 3 illik dövr üçün birdəfəlik alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(003)-2432/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah qeydi pozulmuş, birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqların anaları İddiaçı yanında qalması qərara alınmışdır. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx xxxxxx 1998-ci il təvəllüdlü X3, xx xxxxxx 1994-cü il təvəllüdlü X4 və xx xxxxxxx 2004-cü il tarixdə X2 anadan olmuşdur. İşin məhkəmə iclasında tədqiq olunan hallarından məlum olur ki, iddiaçı cavabdehlə birgə nikahından olan və onun yanında qalan uşağın saxlanması üçün cavabdehlə aralarında razılıq olmadığından, sonuncudan hər ay sabit pul məbləğində aliment tutulmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddia tələbindən görünür ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə, qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilərək, cavabdehdən xx xxxxxxx 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində aliment tutulmalıdır. Bununla yanaşı, iddia tələbindən görünür ki, iddiaçı əvvəlki 3 illik dövr üçün birdəfəlik alimentin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmiş, lakin məhkəmə işin hallarını nəzərə alaraq onun bu tələbini əsaslı hesab etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Qanunun tələbindən görünür ki, aliment almaq üçün məhkəməyə müraciət etmədən iddiaçının tədbirlər görməsini, lakin alimenti ödəməli olan şəxsin onu verməkdən boyun qaçırmasını məhkəmə müəyyən etdikdə, əvvəlki dövr üçün də aliment tutula bilər. Aliment almaq üçün iddiaçının tədbirlər görməsi dedikdə, aliment ödəməli şəxsə dəfələrlə müraciət edilməsi, saziş əldə etmək, onun yaşayış, iş və təhsil yerini aşkar etmək üçün cəhdlər göstərilməsi, onun axtarışı və s. nəzərdə tutulur. Aliment verməkdən boyun qaçırma dedikdə, iş, təhsil, yaşayış yerinin, gəlirin gizlədilməsi, aliment ödəmək barədə saziş bağlamaqdan imtina edilməsi, aliment ödənişlərinin müntəzəm gecikdirilməsi və s. başa düşülməlidir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən bu halları təsdiq edən əsaslı və mötəbər sübutlar təqdim edilməmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarından və iddiaçı tərəfin izahatından görünür ki, iddiaçı cavabdehlə nikahın pozulduğunu yeni öyrənmiş, bu müddət ərzində uşaqlarına özü baxmış, aliment almaq hüququndan istifadə etməmiş, keçən üç illik dövr ərzində iddiaçı tərəfindən alimentin alınmasına dair hər hansı tədbirlər görülməsi, lakin cavabdehin alimenti ödəməkdən boyun qaçırmasını sübuta yetirən hər hansı hal məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 150.2. maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. «X8» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə xx xxxxxxx 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalı, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxxx 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar