Məhkəmə qərarları › İş №2(003)-3127/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3127/2020

13.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3127/2020 13.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşaqların ananın himayəsinə verilməsi və alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X6 onun himayəsinə verilməsi və cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X12, xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu ildən etibarən faktiki nikah münasibətlərinə daxil olmuşdur. El-oba adəti ilə toyları olmuşdur. Əfsuslar olsun ki, gəlin köçdüyü Qala kəndində rəsmi nikah bağlamaq mümkün olmamışdır. Həmin faktiki birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X12, xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X10 adlı övladları dünyaya gəlmişdir. Son illər ərzində o, cavabdeh tərəfindən məişət zorakılığına məruz qalmışdır. Daima təhdidlər altında yaşamışdır. Adi insan ehtiyaclarına möhtac olmuşdur. Evdə əlaqə saxlamaq üçün heç bir vasitə olmamışdır. O və uşağı daima yarı ac vəziyyətdə olmuşlar. O, yalnız mal-qaraya baxmaq üçün sanki ailə qurmuşdur. Evdən ana evinə qovulduqdan sonra cavabdeh uşaqlarını ondan almışdır. O, Xəzər Rayon Polis İdarəsinə müraciət etdikdən sonra uşaqları ona qaytarmışdır. Hal-hazırda 3 uşaqla ananın evinə sığınmışdır. Həmin evdə qardaşı, onun həyat yoldaşı və 3 azyaşlı uşağı yaşayır. Heç bir ailə üzvü işləmir. Üç uşağı saxlamaq onun üçün maddi cəhətdən qeyri-mümkündür. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iddiaçının vəkili X3 izahatında bildirdi ki, tərəflər arasında rəsmi nikah olmadığından uşaqların valideynlərindən hansının yanında saxlanılması müəyyən edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X5 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, cavabdeh öz ailəsi ilə barışmaq niyyətində olmaqla ailəni bərpa edib birgə yaşamaq istəyir. Barışıq olmadığı təqdirdə isə uşaq tələbi ilə müraciət edəcəkdir. Odur ki, hazırki mərhələdə uşaqların ananın himayəsinə verilməsi əsassızdır. Teyfur heç bir yerdə işləmir hər ay hər uşağa 170 manat miqdarında aliment ödəmək iqtidarında deyil. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında rəsmi nikah bağlanmamışdır. Tərəflərin faktiki nikah münasibətlərindən üç uşaq doğulmuşdur və hal hazırda müəyyən edilir ki, uşaqlar analarının yanında qalır. Odur ki, uşaqların ananın himayəsinə verilməsi hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinəəsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən qeyd edir ki, iddiaçı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 170 manat alimentin tutulmasını tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin işləməməklə alimentin ödənilməsinə maddi imkanının olmamasına münasibətdə məhkəmə qeyd edir ki, əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Lakin məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, hazırki halda cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutulması ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X12, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmçinin alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X12, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində BakışəhəriXəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar