Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3216/2022 19.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması barədə iddia ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-508/2022 saylı 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə ondan xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək ananın xeyrinə bir uşağa görə 193 ( bir yüz doxsan üç) manat və X2 3 yaşına çatanadək 40 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarı azaldılaraq, onun aylıq gəlirindən 1/4 hissəsinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə 26 dekabr 2017-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində nikahı rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X3 adlı bir uşaqları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət münasibətləri normal olmuşdur. Daha sonra ailə münasibətləri pozulmağa başlamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-508/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və ondan uşağın yetkinlik yaşına çatanadək ananın xeyrinə bir uşağa görə 193 manat və X2 3 yaşına çatanadək 40 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qeyd edir ki, maddi durumu çətin olduğundan qətnamədə qət edilən məbləği o, ödəyə bilmir. Lakin hazırda onun maddi vəziyyəti dəyişmişdir və hazırda işləyir. O, Marketinq üzrə mütəxəsis işləyir, aylıq əmək haqqı 300 (üç yüz) manat təşkil edir. Onun başqa heç bir gəlir yeri yoxdur. Alimentin “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə 2018-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 154 manat həddində tutulması halında da, onun aliment iddia edilən məbləğdə ödəməsi üçün zəruri qazanca malik olmağı halı sübut edilmir, eyni zamanda uşağın onunla yanaşı iddiaçıdan maddi təminat almaq hüququ vardır. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçı uşaqların əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Bir uşağın saxlanmasına çəkilən xərclə, çox uşağın saxlanmasına çəkilən xərci eyniləşdirmək olmaz. Uşaqların sayı artdıqca hər uşaq başına minimum yaşayış həddində aliment tutulması təcrübəsi özünü doğrulda bilməz. Uşaqların sayı artıqca müəyyən dolanışıq xərclərinə qənaət etmək olur. Ailədə bir uşaq olanda 154 manat minimum yaşayış xərci çəkilirsə, bu o demək deyil ki, üç uşaq olanda minimum dolanışıq xərci 462 manat təşkil etməlidir. Belə riyazi hesablama aparılsa onda əksər ailələrdə gəlir gətirən valideynlərin aylıq gəlirləri ailə üzvlərinin sayına bölünərsə adam başına 154 manat vəsait düşməsi istisnadır. Ailə üzvlərinin sayı artıqca ailə büdcəsini idarə edənlər bu qayğıları qənaət etməklə qarşılayırlar. Məhkəmə hesab edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq hər bir uşağa görə həmin məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyil. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Qətnamə digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçündür. Məhkəmə qətnamə çıxararkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. İddiaçı məhkəmədə iddianı müdafiə edərək,iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, uşağın hələ iki yaşı tamam olmamışdır. O, uşağına baxdığına görə işləmir. Maddi vəziyyəti çətindir. Alimentin miqdarının azaldılmasına etiraz etmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-508/2022 saylı, 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 5 Saylı “Asan Xidmət” Qeydiyyat şöbəsində akt qeydləri kitabında 4354 saylı qeyd ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması, İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193,0 manat məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X2 3 yaşına çatanadək, yəni xx.xx.2023-cü il tarixədək X1 hər ay 40,0 (qırx) manat məbləğində sabit pul şəklində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.2020-ci il təvəllüdlü X3 Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin iş yerinə dair xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 300 manat aylıq əmək haqqı alır. xx.xx.2022-ci il tarixli saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən, mediasiya sessiyasının davam etdirilməsi barədə qərar qəbul edilməmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı məhkəmə iclasında müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə vəziyyətində dəyişiklik olmamışdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə vəziyyətində dəyişiklik olmadığından, iddiaçının mövcud iddia tələbi təmin edilə bilməz. Bundan başqa, iddiaçının maddi vəziyyətində dəyişiklik olsa da, bu onun maddi durumunun pisləşməsi ilə deyil, yaxşılaşması ilə əlaqədardır. Belə ki, məhkəmə qətnaməsi ilə ondan aliment tutularkən o, heç bir yerdə işləməmiş və aylıq qazancı və ya sair gəliri olmamışdır. Hazırda isə, iddiaçı işləyir və maddi vəziyyətində yaxşılığa doğru dəyişikliklər olmuşdur. Ona görə ki, iddiaçının işləməklə əmək haqqı almağa başlaması ilə istər ailə vəziyyətində, istərsə də, maddi vəziyyətində iddiaçının xeyrinə olan dəyişiklik baş vermişdir. Digər tərəfdən, iddiaçının maaşının 300 manat olması onun cavabdehlə birgə nikahlarından olan uşaqlarının saxlanması üçün maddi yardım göstərmək vəziyyətindən azad etmir. Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, onun aylıq əmək haqqı 300 manatdır. Əgər onun əmək haqqının 1/4 hissəsi miqdarında aliment müəyyən edilərsə, bu uşağın saxlanılması üçün cüzi məbləğ, yəni 75 manat (300:4=75 manat) təşkil edir. Göründüyü kimi uşağın saxlanılması üçün iddiaçının əmək haqqının 1/4 hissəsi miqdarında aliment müəyyən edilməsi cavabdehin, eyni zamanda uşağın marağını əhəmiyyətli dərəcədə pozur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir Həmin Qanunun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqdarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Ona görə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edildiyi halda, iddiaçı alimentin miqdarını uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumundan da aşağı məbləğdə azaldılmasını tələb edir. Odur ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-508/2022 saylı 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə ondan xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək ananın xeyrinə bir uşağa görə 193 (bir yüz doxsan üç) manat və X2 3 yaşına çatanadək 40 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarı azaldılaraq, onun aylıq gəlirindən 1/4 hissəsinin tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3216/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3216/2022
19.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver