Məhkəmə qərarları › İş №2(003)-3238/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3238/2022

19.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3238/2022 19.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları 24 iyun 2008-ci il tarixdə bağlanmış və cavabdehlə birgə nikahlarından iki uşaqları dünyaya gəlmişdir: xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X10. Onlar ailə qurduqdan sonra bir müddət normal yaşalar da, sonradan münasibətləri pozulmuşdur. Aralarında yaranan soyuq münasibətlərdən sonra onlar rəsmi şəkildə ayrılmasalar da, o, cavabdehlə faktiki olaraq birlikdə yaşamır. Cavabdeh artıq uzun müddətdir ki, onlarla yaşamır və nə onunla, nə də uşaqlarla maraqlanmır. Uşaqlarını tək başına saxlayır və bu da ona ciddi sosial problemlər yaradır. Həmçinin övladlarının səhhətində ciddi problemlər var və onların müalicəsi üçün əlavə pul vəsaitinə ehtiyac var. Hal-hazırda övladlarının saxlanması üçün alimentin təyin edilməsi ilə əlaqədar məhkəməyə müraciət edir. Ona görə də Cavabdeh ilə birgə nikahlarından olan övladları xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat məbləğində pulun aliment şəklində tutulmasına və hər uşağa onların müalicəsi ilə əlaqədar hər ay 50 manat olmaqla, ümumilikdə 100 manat əlavə pul vəsaitinin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, ailədaxili kiçik münaqişələri olsa da 15 il normal ailə kimi yaşamışlar. Valideynlərinin təkidi ilə 8 avqust 2022-ci il tarixdə ona hələ tam aydın olmayan səbəblərdən iddiaçı evi tərk edib. Uşaqları da özü ilə aparıb. Həmin tarixdən birlikdə yaşamırlar. İddiaçı iddia ərizəsində qeyd edib ki, cavabdeh onunla, nə də uşaqlarla maraqlanmır. Uşaqlarını tək başına saxlayır və bu da ona ciddi sosial problem yaradır. Evdən getdiyi gün 360 AZN pul və aylıq 132 AZN çörəkpulu aldığı kartı özü ilə aparıb. Mütəmadi olaraq uşaqları ilə əlaqə saxlamışdır. İki dəfə uşaqların görüşünə getmişdir. Uşaqlara 30 AZN pul vermiş, 30 AZN dəyərində uşaqlara bazarlıq etmişdir. İddiaçı uşaqların qış paltarlarını aparmağa gələndə 40 AZN uşağının cibinə qoymuşdur. Əlavə olaraq uşaqların dərs vəsaiti almaqları üçün 60 AZN pulu İddiaçı əmisi oğlu ilə göndərmişdir. 8 avqust 2022-ci il tarixindən bu günkü günə qədər toplam (360+132+132+30+30+40+60) 784 AZN pul vermişdir. İddiaçı həmçinin övladlarının səhhətində ciddi problemlər olduğunu iddia edir və onların müalicəsi üçün əlavə pul vəsaiti istəyir. Övladlarının səhhəttində heç bir ciddi problem yoxdur. İddiaçı X3 iddia ərizəsi həqiqəti əks etdirmir. O, iddiaçı ilə faktiki ayrı yaşadığını, iddiaçının uşaqlarla birlikdə qaldığını, əvvəl uşaqlara maddi köməklik etdiyini bildirmiş, lakin hazırda işsiz olduğundan və işləmədiyindən aliment ödəyə bilməyəcək. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X1 ilə 24 iyun 2008-ci il tarixdə Füzuli rayonu Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 284 nömrəli qeydiyyat aparılmış, arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X10 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə sektorunun 160/1 saylı, xx.xx.2022-ci il tarixli arayışından aydın olur ki, İddiaçı Füzuli rayonundan məcburi köçkün düşməklə Xəzər rayonu, Şüvəlanan qəsəbəsi, “Arzu” düşərgəsində məskunlaşmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 24 iyun 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X10 doğulmuşdur. İddiaçının cavabdehlə ailə münasibətləri faktiki olaraq kəsilmişdir. Hazırda uşaqlar iddiaçının himayəsindədir. Tərəflər hazırda ayrı yaşayırlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldıqlarından, uşaqların saxlanmaları üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları, cavabdehin hal-hazırda işləməməsini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 150,0 manat olmaqla, ümumilikdə 300,0 manat müəyyən edilməlidir. Məhkəmə iddianın “cavabdehin əlavə xərclərə cəlb edilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlara əlavə xərc çəkilməsinə, bununla da, cavabdehin əlavə xərclərin ödənilməsinə cəlb olunmasına zərurətin yaranmasına dair hər hansı sənəd təqdim edilmədiyindən və bu işin materialları ilə müəyyən edilmədiyindən, iddia tələbi əsassızdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinin tələbinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad olunduğundan, Cavabdeh dövlət rüsumuna görə ödənilməli olan 56,0 manat məbləğində pul tutularaq dövlət gəlirlərinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 150,0 manat olmaqla, cəmi 300,0 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 56,0 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal icra edilsin. İddia qalan hisədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar