Məhkəmə qərarları › İş №2(003)-3267/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3267/2024

21.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3267/2024 21.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mənzilinin təmirinə görə yaranmış 2300 manat məbləğində pul vəsaitinin və ödədiyi 43 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində 92 saylı nikah qeydə alınmışdır. Birgə nikahdan övladı olmamışdır. Hal-hazır ki, iş üzrə cavabdeh Rəsul-Zadə (Hacıyeva) Aytəkin Rza qızı nikahın pozulması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, iş hal hazirda Abşeron Rayon Məhkəməsinin icraatındadır. Nişanlı vaxtında cavabdehin Masazır qəsəbəsində yerləşən mənzilinə köçməyi planlaşdırmış və toydan bir ay əvvəl həmən mənzildə müəyyən təmir işlərinə ehtiyac var idi. O, öz şəxsi vəsaiti hesabına sözügedən mənzilin təmir işlərinə ümumi dəyəri 2300 manat pul xərcləmişdir. Mənzilin eyvan üçün cam balkona, 1400 manat mənzilin giriş seyf qapısına 600 manat və cam balkon quraşdırılan eyvana usta əl haqqısı ilə birlikdə metlaxa görə 300 manat məbləğində onun tərəfindən pul ödənilmişdir. O, cavabdehdən mənzildə aparılmış təmir işlərinə görə ödədiyi 2300 manatın geri qaytarılmasını tələb etsə də, cavabdeh ödənilmiş pulu geri qaytarmayacağını istəyirsənsə, mənzilə quraşdırılan cam balkon, seyf qapı və metlaxları söküb apara bilərsən deyə belə bir cavab vermişdir. İlkin olaraq cavabdehə onun tərəfindən mediasiya prosessinin tətbiqi barədə təklif göndərilmiş, təklifinə cavabdeh tərəfindən münasibət bildirilməmişdir. Bundan sonra ərizlə 13 saylı mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2024-cü il tarixdə 13 saylı mediasiya təşkilatında prosess keçirilmiş, prosessin vaxtı və saatı barəsində cavabdeh lazımı qaydada məlumatlandırılsada o, prosessə gəlməmişdir. Bu səbəbdən sözügedən mediasiya təşkilatı tərəfindən xx.xx.2024cü il tarixdə MŞB/13/2024-00840 nömrəli mediassiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Proses iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddia tələbinə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, işləri gördürdüyünü, ümumilikdə 2300 manat xərc çəkildiyini bildirdi. Həmçinin bildirdi ki, eyvana quraşdırılmış cam balkonu və seyf qapını çıxarılıb aparılmasının mümkündür. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, həqiqətən onun evidə nikahdan əvvəl iddiaçı tərəfində seyf qapı, eyvanda cam balkon və eyvanda az bir qisim metlax vurulmuşdur. Hazırda iddiaçı ilə ailə münasibətləri pozulduğundan həmin cam balkonun, seyf qapının onun mənzilində qalmasına zərurətin olmadığını, həmin cam balkonun, seyf qapının sökülüb aparılmasının mümkün olmasını qeyd etmişdir. Bildirdi ki, ona onun evində quraşdırılmı qapı və cam balkon lazım deyil. İddiaçı onları söküb apara bilər. Həmçinin bildirdi ki, onun evinin eyvanında iddiaçı tərəfində metlax vurulsa da iddiaçı həmin işin görülməsinə cəmi 100,0 manat xərcləyib. Belə ki həmi eyvanda onun tərəfindən balaca hissəyə metlax vurulmuşdur. İş materiallarına əlavə olunmuş sənədlər - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində 92 saylı nikah akt qeydi üzrə qeydə alınmışdır. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsilə müraciət edən zaman 44 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı iddia ərizəsilə məhkəməyə müraciət etməmişdən öncə, ilk olaraq Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdehin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən iddiaçıya məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəllə Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.[232] Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, tərəflər birgə nikaha daxil olmadan razılığa gəlmişdirlər ki, cavabdehin atasına məxsus evdə yaşasınlar. İddiaçı şəxsi vəsaiti hesabına, yəni nikaha daxil olmadığı müddətdə öz gəlirləri hesabına həmin evin eyvanına cam balkon, giriş qapısına seyf qapı, cam balkon quraşdırılan eyvana metlax quraşdırmışdır. Tərəflər xx.xx.2023-cü il tarixdə nikahlarını Sumqayıt şəhər Qeydiyyat Şöbəsində 92 saylı nikah akt qeydi üzrə qeydə aldırmışdırlar. Sonradan ailə münasibətləri sonlanmış, cavabdehin iddiası əsasında nikahları pozulmuşdur. Hazırda iddiaçı cavabdehə qarşı iddia ilə müraciət edərək, cavabdeh məxsus 2300 manat pulun tutularaq ona ödənilməsini tələb edir. Göründüyü kimi, tərəflər birgə nikaha daxil olmadan cavabdehə məxsus evdə iddiaçı cam balkonun, seyf qapının və evin eyvanında yerləşən metlaqlar quraşdırımışdır. İddiaçının cavabdehin razılığı ilə mənzilin eyvanında cam balkon, seyf qapı və həmin eyvanda metlaq işləri görməsi işin mübahisəsiz hallarıdır. Belə ki, iddiaçı məhkəmə iclasında izahatında həmin işləri gördürdüyünü, ümumilikdə 2300 manat xərc çəkildiyini, həmin cam balkonu və seyf qapını çıxarılıb aparılmasının mümkün olduğunu bildirmişdir. Cavabdeh isə məhkəmə iclasında izahatında həmin işlərin görülməsini, lakin hazırda iddiaçı ilə ailə münasibətləri pozulduğundan həmin cam balkonun, seyf qapının onun mənzilində qalmasına zərurətin olmadığını, həmin cam balkonun, seyf qapının sökülüb aparılmasının mümkün olmasını qeyd etmişdir. İşin hallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, cavabdehə məxsus evdə iddiaçının quraşdırdığı cam balkonun və seyf qapının çıxarılması mümkündür. Məhkəmə bununla bağlı qeyd edtməyi zəruri hesab edir ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər (Mülki Məcəllənin 157.7-ci maddəsi). Belə ki, qanun əmlakın vicdanlı və ya vicdansız yolla əldə olunmasını fərqləndirir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyu və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Söhbət o gəlirdən gedə bilər ki, o qanunsuz sahiblikdə olan əmlakdan əmələ gəlsin. Bundan başqa məhkəmə qeyd edir ki, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə, öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Qanun burada əmlakın vicdanlı və ya vicdansız yolla əldə olunmasını fərqləndirir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyu və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir k, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə məxsus evin eyvanına cam balkon, giriş qapısına seyf qapı və cam balkon eyvana quraşdırılan metlaqlar onların nikaha daxil olanadək quraşdırıldığından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verilməlidir. Belə ki, sözügedən cam balkon, seyf qapı və metlaqlar tərəflərin nikaha daxil olanadək iddiaçı tərəfindən cavabdehə məxsus evə quraşdırıldığından, iddiaçının cavabdehlə birgə nikah daxil müddətində əldə etdikləri əmlak kimi qiymətləndirilməməlidir və iddiaçıya məxsusdur. Həmin hal, cavabdeh tərəfindən təsdiq edilmişdir. Məhkəmə, iddiaçının cam balkon və seyf qapının dəyərinin cavabdeh alınaraq ona verilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı həmin cam balkon və seyf qapını çıxarılaraq aparmaq imkanı vardır. Belə ki, tərəflər izahatlarında cam balkon və seyf qapını çıxarılaraq aparılmasını mümkün olduğunu qeyd etmişdirlər. Məhkəmə hesab edir ki, iddiaçı vicdanlı sahib olaraq həmin əmlaklarını əmlaka zərər yetirmədən evdən ayrıb aparmaq imkanı olduğundan tələbin təmin olunması, yəni cam balkon və seyf qapının dəyərinin cavabdeh alınaraq ona verilməsi əsaslı hesab edilə bilməz. Bu səbəbdən də, tələb bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddiaçıya izah edir ki, iddiaçı vicdanlı sahib olaraq cam balkon və seyf qapını cavabdehə məxsus evdən çıxararaq aparmaq hüquqları vardır. Məhkəmə iddiaçının evin cam balkonun yerləşdiyi eyvanına quraşdırdığı metlaqların dəyərini cavabdehdən tələb etməkdə qismən haqlıdır. Ona görə ki, həmin metlaqlar hamıya məlum olduğu kimi, metlaqların müxtəlif texniki vasitələrlə bərkidilməsi (altının semetlənməsi və sair) mümkün olduğundan, onun iddiaçı tərəfindən çıxarılıb aparılması zamanı məhv olması, yəni çıxarılan zaman qırılması və sair real ehtimallardan biridir. Belə olan halda, iddiaçının vicdanlı sahib kimi, həmin metlaqların çıxarılıb aparılması mümkünsüz olduğundan, həmin metlaqların dəyərini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, iddiaçının tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iddiaçı sözügedən tələbini əsaslandırdığı faktları tam şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. İddiaçı həmin metlaqların alınması və usta haqqı ilə birlikdə 300 manat xərc çəkdiyini bildirsə də, bu barədə məhkəmə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh isə izahatında həmin metlaqlara görə iddiaçının 100 manat xərc çəkdiyini bildirmişdir. Göründüyü kimi, iddia cavabdeh tərəfindən bir hissədə, yəni 100 manat hissəsində qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə məxsus evdə quraşdırdığı metlaqların çıxarılıb aparılması mümkünsüz olduğundan, iddiaçı həmin metlaqların dəyərini tələb etməkdə haqlıdır. Lakin həmin metlaqlarla bağlı hər hansı sübut təqdim etməsə də, cavabdeh tərəfindən 100 manat hissədə etiraf olunduğundan, iddia tələbi bu hissədə qismən təmin edilərək, 100 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 44 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Buna görə də, ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 100,0 manat pul məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, dövlət rüsumunun 14 manat hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 100,0 manat pul məbləğində pul və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 130,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 44 manat dövlət rüsumunun 14,0 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar