Məhkəmə qərarları › İş №2(003)-3317/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3317/2025

11.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3317/2025 11.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Dadaşov Elşən Rövşən oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən X8 xx.xx.2015, X7 xx.xx.2017 və X3 xx.xx.2019 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 250 manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasındakı nikah 2025-ci il tarixdə pozulmuş və Xəzər rayonu V.V.A.D.Q tərəfindən nikahın pozulması barədə şəhadətnamə tərəflərə təqdim edilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Cavabdeh ailəsini tərk etmiş, tərk etdiyi müddətdən etibarən uşaqların saxlanılması üçün İddiaçı hər hansı maddi köməklik göstərməmişdir. İddiaçı hazırda uşaqlara baxmaqda maddi çətinlik çəkir.

3. Mülki iş üzrə xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin azladılması barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər birinə 50 manat olmaqla, cəmi 100 manat məbləğində aliment tutulmasını xahiş etmişdir. Digər övladı xx.xx.2015-ci il təvəllüdlü X6 münasibətdə isə dövlət tərəfindən müavinət verildiyinə görə onunla bağlı aliment tələb etmədiyini qeyd etmişdir. Həmin məhkəmə iclasında protokol qaydasında qərar qəbul edilməklə, ərizə icraata qəbul edilmişdir.

4. Mülki iş üzrə xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər birinə 50 manat olmaqla, cəmi 100 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Həmin məhkəmə iclasında protokol qaydasında qərar qəbul edilməklə, ərizə icraata qəbul edilmişdir.

Proses iştirakçılarının izahatları:

5. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişldir. Bununla belə, iddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında təqdim etdiyi ərizədə məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında, Cavabdeh maddi vəziyyətini nəzərə alaraq yalnız iki uşağı – X3 və X2 üçün hər birinə 50 manat olmaqla, ümumilikdə 100 manat aliment tutulmasını, digər övladı X6 isə dövlət tərəfindən müavinət verildiyinə görə onunla bağlı aliment tələb etmədiyini bildirmişdir. Bununla bağlı məhkəməyə yazılı ərizə təqdim etmişdir.

7. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında, maddi vəziyyətinin pis olmasını, ona görə yüksək məbləğdə aliment ödəmək imkanının olmadığını, iddiaçının sonradan verdiyi ərizəyə uyğun olaraq iki uşağın hər birinə 50 manat olmaqla, ümumilikdə 100 manat aliment ödəməyə razı olduğunu bildirmiş və bununla bağlı məhkəməyə yazılı ərizə təqdim etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

9. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-319/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Yardımlı rayon Qeydiyyat şöbəsində 48 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X3 anaları İddiaçı himayəsində saxanılması qət edilmişdir.

10. AZ-İ seriyalı 509446 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikaha xx.xx.2025-ci il tarixində xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 72 nömrəli qeyd edilmişdir.

11. AZ-İİİ seriyalı 472930 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 23 aprel 2015-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

12. AZ-İV seriyalı 021029 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 27 sentyabr 2017-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

13. AZ-İV seriyalı 364898 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11 oktyabr 2019-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

14. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/1/2025-00195 nömrəli mediasiya arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməməsi səbəbindən mediasiya prosesi baş tutmamışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

15. 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

17. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

19. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

21. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

22. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əmək haqqının məbləğinin artırılması barədə” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin:

23. 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

24. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

25. 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

26. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının:

27. 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

28. 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024- cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir)."

Məhkəmənin mövqeyi:

29. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

30. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlanmış, onların birgə nikahında xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuş, Xəzər Rayon Məhkəməsinin 2(003)-319/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaqlar ananın (iddiaçının) yanında saxlanılmışdır.

31. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh uşaqların saxlanılmasında və maddi tələbatlarının ödənilməsinə iştirak etmədiyi üçün uşaqların saxlanılması üçün vəsaitin (alimentin) məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır.

32. İş üzrə məhkəmə icraatının gedişində, iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilərək, X6 münasitətdə aliment tələbindən imtina edilmiş, yalnız iki uşağın – X3 və X1 üçün hər uşağa 50 manat olmaqla, cəmi 100 manat məbləğində aliment tutulması xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin hazırlıq iclasında verilən izahat və yazılı ərizə ilə həmin iddia tələbi tam həcmdə etiraf edilmişdir.

33. Məhkəmə işə tələb həddində baxılmalı olduğunu və MPM-in tələblərinə (§ 23-25) uyğun olaraq, cavabdehin məhkəməyə yazılı ərizə təqdim etməklə ona qarşı verilən hazırki iddianı tam etiraf etdiyini, iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq qeyd edir ki, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,125 misli (50:400=0,125), ümumilikdə 0,25 misli (100:400=0,25) həddində sabit pul məbləğində aliment tutulmalıdır.

34. Məhkəmə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olması ilə bağlı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinin hazırki işə tətbiqi baxımından hesab edir ki, təyin edilən sabit pul məbləğində alimentin tutulmağa başlanılması iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixindən hesablanmalı, habelə qətnamə dərhal icra olunmalıdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

36. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,125 misli, ümumilikdə 0,25 misli həddində sabit pul məbləğində tutularaq İddiaçı ödənilməli və qətnamə dərhal icra edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,125 misli, ümumilikdə 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar