Məhkəmə qərarları › İş №2(003)-3399/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3399/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3399/2021 30.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qennadyevnaya və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, mülkiyyət olaraq torpaq sahəsinin qeydiyata alınması və çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iş materiallarında olan şəsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh1 qeydiyyatda olduğu ünvan-Bakı şəhəri, Suraxanı rayonu, F.Bayramov prospekti ev 3, mənzil 12, Cavabdeh2 Qennadyevnanın-Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 7, mənzil 24, Cavabdeh3-Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 7, mənzil 24-dür. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, hazırki iddia tələbi prosessual qanunvericiliyin müstəsna aidiyyəti müəyyən edən normasının təsirinə də düşmür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Qeyd edilən müəddəaların tələblərindən göründüyü kimi, məhkəmədə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməli, mübahlsəli hüquq mtinasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Hazırki iddia tələbinin predmeti dolayısı ilə daşınmaz əmlakla bağlı olsa da, iddiaçının mövcud iddia tələbi müstəsna aidiyyətə görə iddia tələbində qeyd edilən daşınmaz əmlakın Bakı şəhəri Xəzər rayonu ərazində yerləşməsi əsasına görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi olmayıb, cavabdehin rəsmi qeydiyyatda olduğu (ünvanının olduğu) və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə görə ərazi aidiyyəti üzrə baxılmalı olan iddia tələbidir. İddia ərizəsindən də müəyyən edildiyi kimi, iddia tələbinin bir hissəsi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair tələbdən ibarətdir. Eyni zamanda iddia tələbin bir hissəsi də torpaq sahəsinin mülkiyyət olaraq dövlət qeydiyyatına alınması və çıxarışın verilməsindən ibarətdir ki, bu tələbə isə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Belə olan hala iddia ərizəsinin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsidə baxılması üçün əsas olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qennadyevnaya və Cavabdeh3 qarşı torpaq sahəsinin mülkiyyət olaraq qeydiyata alınması və çıxarışın verilməsinə dair hissədə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qennadyevnaya və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair hissədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar