Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3434/2020 19.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Şağan bələdiyyəsinin nümayəndəsi X1 və vəkil X2 iştirakı ilə, İddiaçı cavabdehlər Şağan bələdiyyəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə qarşı əmək haqqı və mənəvi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Şağan bələdiyyəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 921,97 manat əmək haqqı üzrə, 5000 manat mənəvi zərər əvəzi olaraq, vəkil xidmətləri üçün 101 manat olmaqla, cəmi 6022,97 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci ildən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri, Şağan Bələdiyyəsində işləmişdir. xx.xx.2020-ci il tarixində işdən çıxmışdır. O işdən çıxdığı zaman ona 2019-cu ilin əmək haqqı üzrə 921 manat 97 qəpik əmək haqqı ödənilməyib. Bununla əlaqədar o, xx.xx.2020-ci il tarixində Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət etmişdir. Onun şikayətini əmək müfəttişi Kənan Yusifli araşdırsa da, o, qəbul edilmiş qərarı ona verməkdən imtina edir. Bu günədək onun pozulmuş əmək hüquqları bərpa edilməyib. Kənan Yusifli, əvvəllcə ona narahat olmamağı, onun əmək haqqının ödənilməsini təmin edəcəyini bildirsə də, son günlərdə onun telefonlarına da cavab vermir. Ona məlum olub ki, o, Şağan bələdiyyəsinin sədrinin təsiri altında, hansısa maraqlar naminə onun şikayətini süründürməçiliyə salır. İşəgötürən tərəf ona olan əmək haqqı borcunu bu günədək ödəməmişdir. Onun bu barədə şikayət etməyinə baxmayaraq Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürən barədə hər hansı tədbir gördüyü barədə ona məlumat verməmiş, bununla da işəgötürənin maraqlarını müdafiə etmişdir. O, hüquqlarım pozulduğuna görə, stress keçirir hələ də, ona mənəvi zərər dəyir. Ona dəymiş mənəvi zərərin pul ilə ifadə edilməsi qeyri-mümkündür, çünki cavabdeh işəgötürən və Dövlət Əmək müfəttişliyi ona bir vətəndaş kimi açıqca hörmətsizlik nümayiş etdirmişlər. Güman edir ki, simvolik olaraq cavabdehlərdən 5000 manat pul ona əmək hüquqularımın pozulmasına görə dəymiş mənəvi zərərin əvəzi olaraq tutulmuş olsa, bu ona dəymiş mənəvi zərəri yüngülləşdirə bilər. İddiaçı məhkəmə baxışında ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin Şağan bələdiyyəsinin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı Şağan Bələdiyyəsində işlədiyi dövrdə dəfələrlə işə gecikmiş, nizam intizam, subordinasiya qaydalarını pozmuş, bələdiyyə üzvlərinə qarşı kobud və kinayəli davranış nümayiş etdirmişdir. X4 kadrlar üzrə mütəxəssis və kargüzar vəzifəsində çalışmış İddiaçı qarşı heç bir intizam tənbeh tədbiri tətbiq etməmiş, ona şifahi xəbərdarlıqla kifayətlənmişdir. İddiaçı öz ərizəsinə əsasən xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra İddiaçı 2019-cu il üzrə əmək haqqı almadığını və həmin əmək haqqının ödənilməsini də tələb etmişdir. Lakin bələdiyyənin hesabında vəsait olmadığından, bələdiyyə gəlirlə işləmədiyi üçün həmin əmək haqqını ödəyə bilməmişdir. Bundan sonra Günel Şürürova işdən azad edildiyi gündən 4 gün sonra, xx.xx.2020-ci il tarixdə əmək haqqının ödənilməsinin təmin edilməsi üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. İddiaçı işdən azad edildiyi gündən (xx.xx.2020-ci il tarixdən) 3 ay 20 gün sonra xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iddia tələbi iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddia ərizəsindən də görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə əmək hüququnun pozulduğunu bildirdi, ona görə də hüquqnun bərpası, əmək haqqının ödənilməsinin təmini üçün Dövrət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Lakin iddiaçı qanunla nəzərdə tutulmuş 1 ay müddətində məhkməyə müraciət etməmişdir. O, məhkəməyə 3 ay 20 gün keçdikdən sonra müraciət etmişdir. Mənəvi zərərlə bağlı qeyd edirik ki, iddiaçı özü işdən azad olunması üçün xx.xx.2020-ci il tarixdə ərizə verib, 2020-ci ilin 6 ayı ərzində işləyib, almadığı əmək haqqı tələbi irəli sürməyib. Onun işdən azad ediləndən sonra əmək haqqı almamasına görə stres keçirməsi uydurmadır, bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Vəkilin xərcləri ilə bağlı da çəkilmiş xərclər iddiaçının özünə aid edilməlidir. Odur ki, iddia müddəti tətbiq edilməkə İddiaçı iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə digər cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyiliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işə əlavə edilmiş materialları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə Xəzər rayon Şüvəlan bələdiyyəsinə kadrlar üzrə mütəxəssis və kərgüzar vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2012-ci il tarixdə Xəzər rayon Şüvəlan bələdiyyəsinə kadrlar üzrə mütəxəssis və kərgüzar vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Tərəflərin vermiş olduğu izahatlar nəticəsində İddiaçı xx.xx.2020-ci il tarixdə işdən azad edilməsinə baxmayaraq ona son haqq-hesab ödənilməmişdir. Hazırda iddiaçı cavabdehlərdən birgə qaydada 921,97 manat əmək haqqı üzrə, 5000 manat mənəvi zərər əvəzi olaraq, vəkil xidmətləri üçün 101 manat olmaqla, cəmi 6022,97 manat pulun tutularaq ona ödənilməsini xahiş edir. İddiaçının idda tələbinin 921,97 manat əmək haqqı üzrə ödənişin ödənilməsi hissəsinə münasibət məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Görünüdüyü kimi tərəflər arasında mövcud olan münasibətlə əmək qanun vericiliyi ilə tənzimlənir və qanunverici işəgötürənin üzərəinə qoymuş olduğu vəzifələrdən biri də işdən çıxmış işçinin işdən çıxması ilə bağlı əmrin surəti, işçinin əmək kitabçası və son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə araşdırması zamanı qeyd edilən son haqq-hesabın işçiyə ödənilmədiyi aşkar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı son haqq-hesabın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuişdur və iddia qeyd edilən hissədə təmin edilməlidir. İddiaçının iddia tələbinin mənəvi zərər əvəzi olaraq 5000 manat pulun ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, «mənəvi zərər» anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, işçiyə işdən çıxama ilə bağlı sn haqq-hesabın ödənilməməsi (işçinin öz ərzəsi ilə işdən azad edilmişdir) nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi nədə ifadə edilməsi müəyyən olunmadığından iddia tələbi qeyd olunan hissədə də iddia rədd edilməlidir. İddiaçının iddia tələbinin vəkil xidmətləri üçün 101 manat ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 14032 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 101 manat Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Vəkil bank hesabına ödənilmişdir. İddiaçının iddia tələbinin son haqq hesabın, vəkil xərcinin və mənəvi zərərin cavabdehlərdən birgə qaydada tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə tələb işəgötürən tərəfindən işçiyə ödənilməli olan son haqq-hesabın ödənilməməsi ilə bağlıdır. Hazırkı halda isə işəgötürən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişli yox, Şağan bələdiyyəsidir. Eyni zamanda iddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişli tərəfindən iddiaçının məhz hansı hüquqlarının pozulmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respulikası Əmək Məcəlləsinin 289-cu maddəsinə əsasən fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsnin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə cavabdeh Şağan bələdiyyəsinin iddia müddəti tətbiq edilməkə İddiaçı iddia tələbinin rədd edilməsinə məhkəmə qiymət verərək, hesab edir ki, hazırkı iddia ilə müraciət edərəkən iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi əmək qanunvericiliyinin tələblərinə əsasən tərəfin hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçıya məxsus olan əmək kitabçasından görünür ki, iddiaçı ilə cavabdeh Şağan bələdiyyəsi arasında bağlanmış olan əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəmə müraciət etmişdir. İddiaçı (hüququnun pozulduğu gündən xx.xx.2020-ci il tarixdən) 3 ay 23 gün sonra müraciət etmişdir. Hazırkı tələb üzrə tərəfin hüququnun pozulduğunun aşkar edildiyi gündən 1 il ərzində məhkəməyə müraciət etməsi nəzərədə tutulduğundan İddiaçı məhkəmə müraciət etmək üçün müddətin ötürülmədiyi aşkar edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, son haqq hesab üzrə ödənilməli olan 921,97 manat əmək haqqı və vəkil xidmətləri üçün 101 manat olmaqla, cəmi 1022,97 manat pul cavabdeh Şağan bələdiyyəsindən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödənilməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan cavabdeh Şağan bələdiyyəsindən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. İddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı son haqq hesab üzrə ödənilməli olan 921,97 manat əmək haqqı və vəkil xidmətləri üçün 101 manat olmaqla, cəmi 1022,97 manat pul cavabdeh Şağan bələdiyyəsindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Şağan bələdiyyəsindən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3434/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3434/2020
19.11.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver