Məhkəmə qərarları › İş №2(003)-347/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-347/2023

17.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-347/2023 17.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixli 2(003)-1915/2019 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin miqdarının dəyişdirilərək Cavabdeh onun xeyrinə hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh ilə arasında olan nikah Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3377/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 onun himayəsinə verilmişdir və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilmişdir. Daha sonra 2019-cu ildə alimentin atırılması tələbinə dair iddia ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1915/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması qət edilmişdir. Qeyd etmişdir ki, cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 böyüdükcə onun tələbatları artır və o, bir ana kimi bunun öhdəsindən tək gələ bilmir. Hesab edir ki, cavabdeh də bir ata kimi uşağına maddi və mənəvi dəstək olmalıdır. O, uşağın ata qayğısından məhrum böyüməsini istəmir. Tənha ana kimi uşağın cəmiyyətə yararlı bir övlad kimi böyüməsi üçün əlindən gələni edir, onun tərbiyyəsi və sağlamlığı ilə ciddi məşğul olur. Uşaq hal-hazırda “İntellek Tədris mərkəzinə” gedir, onun nitqində ləngimə olduğundan bir müddət loqopedə aparmışdır. Uşaq ilə bağlı bütün xərcləri o qarşılayır. Cavabdeh tərəfindən uşağın saxlanılmasına görə ödənilən 160 manat sabit pul məbləğində aliment onun saxlanılması üçün kifayət etmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Əlavə olaraq bildirdi ki, cavabdeh Dövət Vergi Xidmətinin İdxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin İdxal və ixrac əməliyyatlarına nəzarət bölməsinin baş dövlət vergi müfəttişi vəzifəsində işləyir və aylıq 1170 manat məbləğində əmək haqqı alır. İş üzrə Cavabdeh teleqram vasitəsilə məhkəməyə müraciət edərək işin baxılmasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixli 2(003)-1915/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə Cavabdeh İddiaçı xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 4 saylı Mediasiya təşkilatının xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və bu barədə müvafiq arayış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin ünvan ünvanladığı xx.xx.2022-ci il tarixli məlumatın təqdim edilməsi haqqında məktubdan görünür ki, Dövət Vergi Xidmətinin İdxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin İdxal və ixrac əməliyyatlarına nəzarət bölməsinin baş dövlət vergi müfəttişi Cavabdeh aylıq əmək haqqı 1170 manat təşkil edir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və.s dəyişmişdir. Həmçinin, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1915/2019 saylı iş üzrə xx.xx.2019-cu tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1915/2019 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1915/2019 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar