Məhkəmə qərarları › İş №2(003)-3611/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3611/2024

15.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3611/2024 15.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mənzilin bağışlanması müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, Cavabdeh ilə xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 doğulmuşdur. Tərəflərin ailə münasibətləri əvvəllər yaxşı olmasına baxmayaraq sonradan pisləşmiş və məhkəmənin xx.xx.2021-ci il qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Bundan başqa, ünvan 1 ünvanında yerləşən mənzil atası tərəfindən ona verilmiş və cavabdehlə ailə qurduqdan sonra həmin evə köçmüşlər. Vüqar isə bildirmişdir ki, o, arvadının adına olan evdə yaşaya bilməz, buna görə də evin onun adına keçirilməsini istəmişdir. Bundan sonra, ev xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsi ilə əvəzsiz olaraq Vüqarın adına keçmişdir. Nikah pozulduqdan sonra Vüqar yenidən onu dağlıq evə qaçırmış və ailəsindən gizlətmişdir. Bakıya qayıtdıqdan sonra isə barışıb uzun müddət ailə kimi yaşamışlar. Sonradan münasibətləri yenidən pisləşmiş, ayrılmışlar və Vüqar onu evə buraxmamışdır, baxmayaraq ki, həmin evi Vüqara özü bağışlamışdır. Əlavə olaraq qeyd etdi ki, ev bankda olub. Hazırda bu evdə cavabdeh yaşayır, halbuki həmin evdə onun cehizləri qalmaqdadır. İddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildirdi ki, iddianı qəbul etmir və iddiaçı sözügedən bağışlama müqaviləsinin ləğv edilməsi barədə təklif göndərməmişdir. Eyni zamanda iddia müddətinin tətbiq edilməsi haqqında ərizə təqdim etmişdir. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş iddiaçının şahidi X4 bildirdi ki, iddiaçı 2000-ci ildən onun qonşusudur. O vaxtı bu torpaqlar alınıb və tikinti işləri aparılıb. Səbinə yetkinlik yaşına çatanda nişanlanıb və bu torpaq ona verilib. Səbinə bu evə gəlin gəlib. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan X2 ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzil bağışlanma müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X1 hədiyyə verilmişdir. İş materiallarında olan X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil cavabdehə hədiyyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Həmin məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmədə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə xx.xx.2015-ci il tarixli mənzil bağışlanma müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən mənzil cavabdehə bağışlanmışdır. Sonralar cavabdehlə iddiaçı arasında münasibətlər korlanmış, nikahlarına xitam verilmişdir. Həmçinin iddiaçı bağışlama müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə xx.xx.2024-cü il tarixdə, bağışlama müqaviləsi bağlandıqdan sonra daşınmaz əmlakın cavabdehin adına rəsmi qeydiyyata alındığı tarixdən, yəni xx.xx.2015-ci il tarixdən 9 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mübahisə edilən mənzilin bağışlama müqaviləsinin ləğv edilməsi üçün heç bir əsas olmadığı üçün iddiaçının tələbi təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı "mənzilin bağışlanması müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar