Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3618/2025 02.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sahiblik və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “sahiblik və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz sahiblik etdiyi (ünvan 5) yerləşən evə onun sahiblik və mülkiyyət hüququnun tanınması və təmin edilməsinə dair qətnamə çıxarılması və məhkəmə xərclərinin cavabdehin üzərinə keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı atası 1993-cü ildə Cavabdeh, X2, X1, X4, X3 və İddiaçı bütün övladları üçün torpaq payı almışdır. Lakin iddiaçı azyaşlı olduğu üçün onun payı bacısı Cavabdeh adına rəsmiləşdirilmişdir. Bu, ailədaxili razılıq əsasında olmuş və məqsəd İddiaçı yetkinlik yaşına çatdıqdan sonra həmin torpaq payının onun adına keçirilməsi idi. İddiaçının atası onun üçün həmin torpaq sahəsində fərdi yaşayış evi tikməyə başlamış, lakin tikintini tamamlaya bilmədən vəfat etmişdir. Bundan sonra iddiaçı öz vəsaiti hesabına tikintini davam etdirmiş, iki mərtəbəli fərdi yaşayış evini tamamlamışdır. İddiaçı tikinti üçün ümumilikdə 45458 (qırx beş min dörd yüz əlli səkkiz) manat şəxsi vəsaitini xərcləmişdir. İddiaçı həmin evdə ailəsilə birlikdə daimi yaşayını təmin etmişdir. Hal-hazırda da həmin evdə yaşayır. Cavabdeh bir müddət sonra iddiaçını aldadaraq guya evin pensiya üçün evi çəkmək lazımdır sənədə görə cavabdeh ilə birlikdə bələdiyyə əməkdaşları gətirmiş, lakin sonradan məlum olmuşdur ki, o, İddiaçı və ailəsinin xəbəri olmadan həmin evə çıxarış almışdır və ardınca məhkəməyə müraciət edərək iddiaçının və ailəsinin evdən çıxarılması barədə iddia qaldırmışdır. Təssüf ki, həmin iddia cavabdehin xeyrinə təmin olunmuşdur. Sonradan iddiaçı tikinti üçün çəkdiyi xərclərin geri qaytarılması üçün məhkəməyə müraciət etmiş, lakin əsassız olaraq təmin edilməmişdir. İddiaçı Apellyasiya şikayəti vermiş, lakin güclü yağışlar və sel səbəbindən məhkəməyə gediş mümkün olmadığından hər iki tərəf iclasa qatıla bilməmişdir. Daha sonra İddiaçı müddətin bərpası üçün müraciət etmiş və həmin müraciət təmin olunmuşdur, lakin bu dəfə də ağır xəstəlik səbəbindən apellyasiya məhkəməsinə qatıla bilməmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsi və ev üzrə sahiblik və mülkiyyət hüququnun tanınması barədə iddia qaldırır. İddiaçı tikintini öz vəsaiti hesabına, ailə razılığı əsasında aparmış və vicdanlı sahibkar kimi həmin əmlak üzərində faktiki sahiblik edir. İddiaçının bu əmlaka çəkdiyi xərclər sənədlərlə sübuta yetirilə bilər (qaimə fakturala, qiymətləndirilmə və şahid ifadələri və s.).
Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında, cavabdehin qanunsuz sənəd düzəldərək evə və torpaq sahəsinə çıxarış əldə etdiyini, özünün hazırda bu səbəbdən ailəsi ilə birlikdə kirayədə yaşadığını, cavabdehin adına rəsmiləşdirilmiş evi özünün öz pulu ilə tikdiyini, torpağın cavabdehin adına olduğunu, 1993-cü ildə yetkinlik yaşına çatmaması səbəbilə mərhum atasının torpaq sahəsini bacısının adına rəsmiləşdirdiyini, özünü daha əvvəl pul tələbi ilə bağlı məhkəmə müraciət etdiyini həmin tələbinin təmin olunmadığını qeyd etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia ərizəsinə etiraz etdiyini, hazırda özünün adına olan torpaq sahəsinin 1993-cü ildə mərhum atası tərəfindən onun üçün alındığını, həmin dövrdə özünün bir uşağına təkbaşına baxdığını, atasının onu işə düzəltdiyini, daha sonra 10 sot özünə, 10 son isə ona olmaqla 20 sot torpaq aldığını, daha sonra mərhum atasının ona məxsus 10 sot torpaqdan 6 sotunu sataraq qalan 4 sotluq ərazidə ona ev tikməyə başladığını, iddiaçının yalnız həmin torpaq sahəsində yerləşən sanitar qovşaqla bağlı təmir işlərini həyata keçirdiyini, qanuna müvafiq olaraq həm torpağa, həm də fərdi yaşayış evinə çıxarış əldə etdiyini, onlar arasında evlə bağlı daha əvvəl də məhkəmə mübahisələri olduğunu və bütün işlərin onun xeyrinə yekunlaşdığını, iddiaçının iddia tələbinin tamamilə əsassız olduğunu, əvvəlki məhkəmə qətnamələri ilə də bu faktın öz təsdiqini tapdığını qeyd etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023cü il tarixli, **********11 qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 48 (Yeni qaydalarla: AZ 1090, ünvan 1 ünvanında yerləşən 96.7 kv.metr fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin “Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsi”nə dair arayışdan görünür ki, arayış Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 48 (Yeni qaydalarla: AZ 1090, ünvan 1 ünvanında yerləşən 96.7 kv.metr fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsinin real bazar dəyərinin müəyyənləşdirilməsi ilə əlaqədar tərtib olunmuşdur. Daşınmaz əmlakın xx.xx.2023-cü il tarixə real bazar dəyəri 90000 (doxsan min manat) manat təşkil edir.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023cü il tərtib edilmə tarixli fərdi yaşayış evinə **********18-10301 nömrəli texniki pasportundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 48 (Yeni qaydalarla: AZ 1090, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ Cavabdeh məxsusdur.
8. “Caspian Valuation” qiymətləndirmə şirkətinin xx.xx.2024-cü il tarixli, CVN/S 14- 081/24 nömrəli tikinti-təmir işlərinə çəkilmiş xərcin müəyyən edilməsi barədə hesabatdan görünür ki, ünvan 2 ünvanında yerləşən 120 kv.m olan fərdi yaşayış evinin tikinti-təmir işlərinə cəmi 45585.54 manat məbləğində vəsait xərclənmişdir.
9. Xəzər Rayon Məhkəməsinin 2(003)-206/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı, X10, X5, X6 və X11 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qarabağ küçəsi 8 (köhnə ünvan 3 ünvanında yerləşən evdən çıxarılması və evin boşaldılaraq iddiaçıya təhvil verilməsi qərara alınmışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5017/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Apellyasiya şikayəti təmin edilməmiş; Xəzər Rayon Məhkəməsinin 2(003)-206/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-320/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, idddiaçı İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə çəkdiyi xərcin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyasının:
12. 13-cü və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra “MM”):
13. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
14. 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
15. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.
16. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
17. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
19. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
20. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
21. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra “MPM” ) 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
24. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçı ünvan 5 ünvanında yerləşən evi ailə razılığı ilə öz vəsaiti hesabına tikdiyini, vicdanlı sahib kimi həmin əmlak üzərində faktiki sahiblik etdiyini, cavabdeh tərəfindən isə yaşayış evinə qanunsuz sahibliyin həyata keçirildiyini bildirərək, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə sahiblik və mülkiyyət hüququnun tanınmasını istəyir. Cavabdeh isə mübahisləndirilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mərhum atası tərəfindən onun üçün alındığını və orada fərdi evin tikintisi ilə bağlı işlərin də mərhum atası tərəfindən həyata keçirildiyini, torpaq sahəsinə və fərdi yaşayış evinə çıxarışının olduğunu, həmin daşınmaz əmlakın onun adına dövlət qeydiyyatına alındığını, iddiaçının dediklərinin yalan olduğunu, qeyd olunan səbəblərlə əlaqədar olaraq iddia tələbinin rədd edilmli olduğunu bildirmişdir.
25. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə" 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
27. Məhkəmə qeyd edir ki, hazırkı mülki işin mübahisələndirilən halları ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik və mülkiyyət hüququnun tanınması ilə bağlıdır. Bununla bağlı əvvəla qeyd olunmaldır ki, fərdi yaşayış evi daşınmaz əşyadır və mülki qanunvericiliyə əsasən daşınmaz əmlaka mülkiyyət, istifadə və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********11 qeydiyyat nömrəli çıxarış əsasında müəyyən edilir ki, Cavabdeh mübahisə obyekti olan ünvan 5 ünavnında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəlləyə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. (MM maddə 140) İddiaçı tərəfindən məhkəməyə reyestrdə qeyd olunan məlumatların qeyri-dəqiqliyini təsdiq edən heç bir sübut təqdim olunmamışdır. Belə olduğu təqdirdə isə reyestrin məzmunun həqiqiliyi və həmçinin tamamlığı prezumpsiyası qüvvədə olmaqla, iddiaçının hazırkı iddia tələbi əsassız hesab edilir.
28. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə qanuni qüvvədə olan qətnamələrlə müəyyən edilmiş işin hallarının yenidən araşdırılmasını və onlara yenidən qiymət verilməsini yolverilməz hesab edir və iş materiallarına əlavə edilmiş qanuni qüvvədə olan qətnamələrlə müəyyən edilmiş halları işin mübahisəsiz halları kimi nəzərə alır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli, Q.Məmmədovun şikayəti üzrə 2020-ci il 11 fevral tarixli Qərarları).
29. Bu baxımdan qeyd olunmalıdır ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-206/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi (İddiaçı digər şəxslərlə birlikdə həmin evdən çıxarılması və evin boşaldılaraq Cavabdeh təhvil verilməsi qət edilmiş) və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-320/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (İddiaçı həmin evinin tikintisinə çəkdiyi xərcin əvəzinin ödənilməsi tələbi rədd edilmişdir) Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qarabağ küçəsi 8 (köhnə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququnun olması, İddiaçı isə mülkiyyət, o cümlədən istifadə hüququnun olmaması faktı öz təsdiqini tapmışdır. Ona görə məhkəmə hesab edir ki, iddiaçının sahiblik və mülkiyyət hüququnun tanınması ilə bağlı iddia tələbi əsassızdır. Ona görə də, iddia tələbi təmin edilməməlidir.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
31. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “sahiblik və mülkiyyət hüququnun tanınması” barədə iddia tələbi təmin edilməməlidir.
32. Məhkəmə qeyd edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyi üçün iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov