Məhkəmə qərarları › İş №2(010)-5777/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5777/2025

18.02.2026 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5777/2025 18.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyət hüququnun tanınması, çıxarışın ləğvi, yaşayış hüququnun bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi ünvan 1 ünvanında yerləşən yaşayış evi üzərində mülkiyyət hüququnun iddiaçıya və ailəsinə məxsus olması, "xxxx" firmasının (indiki "xxxx" MMC) adına olan RX0011398 seriyalı çıxarışın ləğv edilməsi, iddiaçının və ailəsinin yaşayış hüququnun bərpasının təmin edilməsi. İddia tələbinin dəlilləri İddiaçı, ailəsi ilə birlikdə 2004cü ildə Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə -10 A ünvanında yerləşən qeyri-yaşayış sahəsindən 2 otaqlı mənzili X11 almışdır. Mənzilin dəyəri alqı-satqı aktı ilə tərəflər arasında tərtib edilmiş qeyri- rəsmi alqı-satqı aktına əsasən Babayev Y.Ə. oğluna tam miqdarda ödənilmişdir. xx.xx.2004-cü ildən etibarən iddiaçı və ailə üzvləri bu ünvanda daimi və fasiləsiz olaraq yaşayırlar. Bu qeyri yaşayış sahəsində iddiaçıdan başqa digər 5 ailə də eyni formada mənzillər alıblar. Aldığı müddətdən indiyə qədər burada yaşamaqları yerli icra hakimiyyəti orqanının arayışları ilə təsdiq olunubdur. Evin bütün kommunal xərcləri iddiaçının və ailə üzvlərinin adına rəsmiləşdirilmiş (digər ailələrdə də həmçinin) ödənişlər iddiaçı tərəfindən həyata keçirilmişdir. Bütün bu illər ərzində 6 ailə öz sahəsində əmlakın faktiki sahibləri olmuşlar. Lakin 2012-ci ildə yəni, məskunlaşmadan 8 il sonra cavabdehin təmsilçisi Nümayəndə "xxxx" firmasının adına Daşınmaz Əmlakın Dövlət Reyyestr Xidmətindən RX0011398 seriyalı çıxarış əldə edibdir ki, bu "DƏDRX haqqında" Qanunun 1.0.3 maddəsinə tamamilə ziddir. Belə ki, 1.0.3-cü maddəyə görə faktiki istifadə vəziyyətində olan qeyri-yaşayış sahəsinə o çıxarış verilə bilməzdi. Obyektin yüklülüyü çıxarışın verilməsinə məhdudiyyət yaradır. Beləliklə cavabdeh DƏDRX-in əməkdaşları ilə cinayət əlaqəsinə girərək məskunlaşdığı əmlakı "xxxx" fırmasının adına rəsmiləşdirilmiş, bununla da həm iddiaçının, həm də digər 5 ailənin yaşayış hüququnu pozmuşdur. AR Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ dövlət tərəfindən qorunur. Nümayəndə bu qeyri yaşayış sahəsini dələduzluq yolu ilə iddiaçıdan əvvəl də başqa-başqa adamlara satmışdır. Nümayəndə tərəfindən aldadılmış adamların şikayətləri əsasında o, 2004-cü ildə 6 il azadlıqdan məhrum edilmişdir. Babayev Y.Ə. küllü miqdarda icarə borcu olduğundan Nümayəndə Babayev Y.Ə. borc qarşılığında çörək sexi adlanan sahəni onun satmağına (şahidlərin iştirakı ilə) qeyri-rəsmi yazılı bildirişlə icazə vermişdir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək bildirmişdir ki, çıxarışın saxta olduğunu düşünür, ona görə də ləğv edilməsini istəyir. Qeyri yaşayış sahəsini 2004-cü ildə almış, 2005-ci ildə qeydiyyata düşmüşlər. Bir onların ailəsi qaçqın kimi qeydiyyata alınmışdır. Qeyri yaşayış sahəsinin yüklülüyü çıxarış verilməsinə maneədir. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi X22 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı X12 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhkəmə qətnamələrinin hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Əvvəllər də iddiaçının iddia tələblərinə məhkəmədə baxılmış, məhkəmə qətnamələri çıxarılmışdır. Məhkəmə tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və tərəflərin hansı vəziyyətdə yaşadıqları müəyyən olunmuşdur. Odur ki, iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İş materialları RX seriyalı ******* saylı xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 10A qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə "xxxx" firmasının adına hüquqi qeydiyyatdan keçmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)- 128/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh MMC-nin ("xxxx" firmasının hüquqi varisi) cavabdehlər X8, X16, X29, X13, X9, X2, X3, X1, İddiaçı, X14, X5, X17 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4739/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı "Murad Camal” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı “Murad Camal" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X18 və başqalarına qarşı irəli sürdüyü “qeyri-yaşayış sahəsindən çıxarılma tələbi barədə" iddiası təmin edilmiş, iş üzrə cavabdehlər X19, X26, X34, X23, X20, X6, X10, X4, İddiaçı, X24, X15, X27 və cavabdehlərin yetkinlik yaşına çatmamış uşaqlarının iddiaçı “Murad Camal" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("xxxx" Firmasının hüquqi varisi) mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2025-ci il tarixli 2(102)- 1059/2025 saylı qərarından görünür ki, cavabdehlər X34, X27, X26 və X4, X20, X15 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4739/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr; 139-1.1.13. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.6. Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.1 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.2 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)- 128/2024 saylı qətnaməsindən əsasən iddiaçı Cavabdeh MMC-nin ("xxxx" firmasının hüquqi varisi) cavabdehlər X8, X16, X29, X13, X9, X2, X3, X1, İddiaçı, X14, X5, X17 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4739/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "Murad Camal” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı “Murad Camal" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X18 və başqalarına qarşı irəli sürdüyü “qeyri-yaşayış sahəsindən çıxarılma tələbi barədə" iddiası təmin edilmiş, iş üzrə cavabdehlər X19, X26, X34, X23, X20, X6, X10, X4, İddiaçı, X24, X15, X27 və cavabdehlərin yetkinlik yaşına çatmamış uşaqlarının iddiaçı “Murad Camal" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("xxxx" Firmasının hüquqi varisi) mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Sözügedən qətnamə ilə məhkəmə müəyyən etmişdir ki, rayon məhkəməsi əsas meyar kimi iddiaçı MMC-nin (Lalə firmasının) qeyri yaşayış sahəsi üzərindəki mülkiyyət hüququna müdaxiləyə əsasən MMC-nin diektorunun qeyri-qanuni hərəkətlərinin səbəb olmasına istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə əsassızdır. Çünki iddiaçı MMC-nin mülkiyyətində olan mübahisəli qeyri-yaşayış sahəsi cavabdehlərin qeyri qanuni sahibliyindədir, cavabdehlərin mübahisəli sahəyə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyil. MMC-nin (Lalə Firmasının) direktorunun qeyri-qanuni hərəkətlərə yol verməsi MMC-nin mülkiyyət hüququndan məhrum olması üçün əsas ola bilməz. Məhkəmə hesab etmişdir ki, iddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsi cavabdehlərin qeyriqanuni sahibliyində olduğundan MMC-nin cavabdehlərin sahədən çıxarılmasını tələb etməyə haqqı çatır. Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2025-ci il tarixli 2(102)- 1059/2025 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4739/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evi üzərində mülkiyyət hüququnun iddiaçıya və ailəsinə məxsus olması, "xxxx" MMC-nin adına olan RX0011398 seriyalı çıxarışın ləğv edilməsi, iddiaçının və ailəsinin yaşayış hüququnun bərpasının təmin edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə müəyyən edir ki, iddiaçının mülkiyyət hüququnun əldə edilməsi üçün əsaslandığı hal yaşadığı fərdi yaşayış evinə uzun müddət, fasiləsiz və müvafiq haqq müqabilində sahiblik etməsidir. İddiaçının iddia tələbini əsaslandırmasına münasibətdə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsini diqqətə çatdırmağı zəruri hesab edir. Həmin maddəyə görə əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Lakin işin faktiki hallarından belə aydın olur ki, iddiaçının yaşadığı evin bir hissəsi "xxxx" firmasının mülkiyyətindədir, bir hissəsi isə qanunsuz tikilidir. Belə olan halda, məhkəmə o qənaətə gəlir ki, iddiaçı ünvan 4 ünvanında yerləşən yaşayış evi üzərində mülkiyyət hüququnun ona məxsus olmasının tanınmasını tələb etməkdə haqlı deyildir. Məhkəmə iddia tələbinin “çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə ilk növbədə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və heç bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. İddiaçı iddia tələbində çıxarışın ləğv edilməsini qeyd etsə də, məhkəmə iddiaçının izahatına əsasən müəyyən edir ki, o, həmin əmlak üzərində aparılmış qeydin dəyişdirilməsini istəyir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, cavabdehin mübahisəli əmlak üzərində hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır. İddiaçının həmin qətnaməni mübahisələndirməyi və müvafiq nəticə almağı iş materialları ilə müəyyən edilmir. Məhkəmənin gəldiyi nəticə İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyət hüququnun tanınması, çıxarışın ləğvi, yaşayış hüququnun bərpası” tələbinə dair iddia ərizəsi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyət hüququnun tanınması, çıxarışın ləğvi, yaşayış hüququnun bərpası” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar