Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3781/2023 19.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)- 1954/2021 saylı qətnaməsi ilə iddiaçının saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi S.N.Quliyeva iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, iddiaçının anasıdır. İddiaçının atası Cavabdeh onunla ailə həyatı qurmuş, birgə nikahlarından iddiaçı dünyaya gəlmişdir. İddiaçı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı 2-ci dərəcəli müddətsiz əlil olduğu üçün əmək qabiliyyəti yoxdur. Onun yaşayış şəraiti çətindir, özünü təmin etməkdə çətinlik çəkir. O, işləmir və əlilliyə görə verilən pensiya məbləğinin demək olar hamısı iddiaçının müalicə xərclərinə gedir. Bu səbəbdən iddiaçı atasından hər ay 220 manat sabit pul məbləğində aliment tələb edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)- 1954/2021 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hal-hazırda həmin məbləğ onun saxlanması üçün kifayət etmir. Belə ki, illər keçdikcə ölkədə istehlak qiymətləri artır, ərzaq və dərmanlar bahalaşır. Hal-hazırda iddiaçı heç bir yerdə işləmir və səhhəti də buna mane olur. Belə ki, sonuncu artırılan alimentin üzərindən xeyli vaxt keçmiş, həmin müddət ərzində bazar qiymətləri çox artmış və bunun nəticəsində onun saxlanılması çətinləşmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, özü də hal-hazırda heç bir yerdə işləmir. Səhhəti də işləməsinə mane olur. Qəbələ rayonunun kəndində yaşayır. Maddi imkanı yaxşı deyil. Yetkinlik yaşına çatmış digər övladına da məhkəmə qətnaməsi əsasında aliment ödəyir. Həmçinin yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün də məhkəmə qətnaməsi əsasında aliment ödəyir. Bu səbəbdən hazırkı halda alimentin artırılması onun maddi vəziyyətinə təsir edəcəkdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1954/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü İddiaçı saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - 14 avqust 2023-cü il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 11:30-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiaya dair xərci ödəmişdir (Mediator: E.T.Məmmədov). - “Azemıs” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı əlilliyə görə pensiyası 220 manatdır. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin onun saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir (Ailə Məcəlləsi 80.1-80.2). Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və sair dəyişmiş, müvafiq olaraq onun tələbatları da artmışdır. Nəzərə alınmalıdır ki, sonuncu dəfə artırılan aliment miqdarından bu günədək 3 ilə yaxın zaman keçmişdir. İddiaçının əmək qabiliyyəti yoxdur, o, 2-ci dərəcəli əlildir. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli Fərmanından görünür ki, Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin buna baxmayaraq göstərilən hal, cavabdehin əmək qabiliyyəti olmayan övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan iddiaçının gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və s. dəyişməsini, hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını, eləcə də 2-ci dərəcəli əlillər üçün nəzərdə tutulmuş pensiya məbləğini nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə İddiaçı saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 150 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Belə ki, məhkəmədə müəyyən edildi ki, cavabdeh rəsmi olaraq heç bir yerdə işləmir. Həmçinin o, yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olmayan digər övladına və digər ailəsindən olan yetkinlik yaşına çatmayan uşağının da yetkinlik yaşına çatanadək saxlanması üçün aliment ödəyir. Həmçinin cavabdeh müxtəlif xəstəliklərdən əziyyət çəkir və bu da onun əmək fəaliyyəti ilə məşğul olmasına mane olur. Bütün bunlar cavabdehin maddi vəziyyətinin alimentin iddia tələbində qeyd edilən məbləğ həddində artırılmasına mane olur. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 50 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 600 manat (50x12=600) müəyyən edildiyindən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1954/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq İddiaçı saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə 150 manat sabit pul məbləğində aliment tutulsun. Dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi tarixdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-3781/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3781/2023
19.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver