Məhkəmə qərarları › İş №2(003)-3807/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3807/2023

28.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3807/2023 28.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun yanında qalan yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödədiyi 60 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2019-cu rəsmi olaraq ailə qurmuşdur. Onların birgə nikahdan 1 uşaqları doğulmuşdur. (xx.xx.2020-ci il təvəllüdlü X3) Hal-hazırda onlar ayrı yaşayırlar. Uşaq onun himayəsindədir. Cavabdeh övladı ilə maraqlanmır. Bu səbəbdən o, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun azyaşlı uşağının yetkinlik yaşına çatana qədər gündəlik tələbatı, sağlamlığı və cəmiyyət üçün layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Lakin onun maddi imkanı buna yol vermir. Bütün öhdəliklər onun üzərinə düşür. Halbuki onların uşaqlarının saxlanılması üçün uşağın tələbatlarını ödəmək bir valideyn kimi cavabdehin də üzərinə düşür. Onun valideyn kimi uşağı saxlaması üçün cavabdehdən aliment alınaraq ona ödənilməlidir. Cavabdeh hal-hazırda işləyir va qazancı yüksəkdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iclası olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İV seriyalı, 829088 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. AZ-İ seriyalı, 449297 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədə cavabdehin uşağın atası olması faktı təsdiq edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 12 № ilə qeyd edilmişdir. “mpay” ödəniş portalının 15679 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Mediasiya Şurası Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/16-001966 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. “Elektron məhkəmə” informasiya sisteminin portalındən əldə edilmiş çıxarışdan görünür ki, cavabdeh aşbaz vəzifəsində çalışır. İşin araşdırılmış hallarından görünür ki, tərəflər qeyri-rəsmi nikah münasibətində olmuş, tərəflərin qeyri-rəsmi nikahından bir uşaq dünyaya gəlmişdir. Uşaq hazırda iddiaçının himayəsindədir. İddiaçı mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. İddiaçı hazırda uşağın saxlanılması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən qeyd edir ki, iddia təmin edilməlidir. Eyni zamanda məhkəmə, cavabdehin 220 manat aliment ödəyə bilməsi dəlilinə münasibətdə qeyd edir ki, onun valideyn kimi Azərbaycan Respublikasında yaşayış minimumuna uyğun olaraq uşağının maddi tələbatını təmin etmək vəzifəsi mövcuddur. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün hər 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə verilərkən mediasiya xərci üçün 60 manat xərcin Cavabdeh tutularaq iddiaçı X2 ödənilməsi tələbinə dair iddianın dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.2-ci maddəsinin tələbinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, Cavabdeh mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində pul isə tutularaq iddiaçı X2 ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 10 oktyabr 2023-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, İddiaçı tərəfindən mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 10 oktyabr 2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar