Məhkəmə qərarları › İş №2(003)-3896/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3896/2021

16.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3896/2021 16.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə baxaraq müəyyən e t d i m: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışının məlumatlarından görünür ki, Cavabdeh Laçın rayonu, Xaçınyalı kəndində qeydiyyatdadır. İddiaçı iddia ərizəsində cavabdehin poçt ünvanını təsdiq edən sənədi DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışını iş materiallarına əlavə etsə də, cavabdehin hazırda Xəzər rayonunda məskunlaşmasına dair sənədləri (arayışı və sair) iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları və poçt ünvanları göstərilməlidir. Bu, işdə iştirak edən şəxslərin məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğu hallarda isə həm də işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Cavabdeh Bakı şəhəri Xəzər rayonu ərazisində qeydiyyatda olmadığından və məhz Xəzər rayonu ərazisində məskunlaşmasına dair hər-hansı bir sənəd iddia ərizəsinə əlavə edilmədiyindən məhkəmə hesab edir ki, cavabdehə qarşı mövcud iddia ərizəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə aidliyini müəyyən etmək mümkün olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152, 263-264, 268ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar