Məhkəmə qərarları › İş №2(003)-3967/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3967/2025

13.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3967/2025 13.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fəzrəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdeh qarşı “aliment təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, birgə nikahlarından doğulmuş 28 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində, yəni sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 mislinə mütənasib sabit pul məbləğində alimentin, həmçinin, ödədiyi 60 (altmış) manat mediasiya xərcinin və 220 (iki yüz iyirmi) manat vəkil xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirmişdir. O həmçinin Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin aliment təyin edilməsi barədə qəbul etmiş olduğu və hazırda qüvvədə olan məhkəmə qətnaməsinin mövcudluğundan məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında, iddia tələbini qəbul etmədiyini, 2021-ci ildə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi ilə uşağın saxlanması üçün 130 manat məbləğində aliment təyin edildiyini, həmin qətnamənin qəbulundan sonra qarşı tərəflə barışıb yenidən rəsmi nikaha daxil olduğunu, lakin sonradan münasibətlərinin yenidən pozulduğunu, hazırda tərflər arasında eyni uşağa aliment tutulması ilə bağlı qəbul edilmiş Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin olduğunu, ona görə iddia təlbinə etiraz etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Hazırki mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmiş və məhkəmə hazırlıq iclası təyin edilmişdir. Daha sonra həmin hakim başqa məhkəməyə təyin edildiyi üçün mülki iş təqrirlə başqa hakimin icraatına verilmişdir. İşə məhkəmə iclasında baxılan zaman eyni tərəf, eyni predmet və eyni əsasla qəbul edilmiş və qüvvədə olan məhkəmə qətnaməsinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin (bundan sonra “MPM”) 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 7.8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına və Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması iş üzrə icraata xitam verilməsi əsasıdır. Belə ki, iş materillarında olan Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-862/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, 12 iyul 2021-ci il tarixdən hesablanmaqla 28 avqust 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət olunmuşdur. Həmin qətnamə hazırda qüvvədədir. Göründüyü kimi həmin mübahisənin tərəfləri, predmeti və əsası ilə hazırki mülki işin tərəfləri, əsası və predmeti eynilik təşkil edir. Bu səbəblə məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin və 220 manat məbləğində vəkilə ödənilmiş qonorarın cavabdehdən tutulması tələbinə münasibətdə qeyd edir ki, mülki iş üzrə icraata xitam verildiyindən, iddiaçı tərərfindən ödənilmiş mediasiya xərci və vəkil xərci cavabdehdən tutula bilməz. İddiaçı tərəfindən hazırki iş üzrə məhkəməyə dövlət rüsumu ödənilmədiyi üçün həmin məbləğin də qaytarılması mümkün deyil. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki işin tərəfləri arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan MPM-in 261.0.2-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Cavabdeh qarşı “aliment təyin edilməsi” iddia tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-3967/20925 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar