Məhkəmə qərarları › İş №2(003)-402/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-402/2021

23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-402/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı, onun vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı uşaqların atanın yanında saxlanılması tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2009-cu il təvəllüdlü X3 və xx xxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, Cavabdeh ilə 2008-ci ildə vətəndaş nikahına daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan iki uşaqları var: xx xxxx 2009-cu il təvəllüdlü X7 və xx xxx 2011-ci il təvəllüdlü X6. Uşaqlara dair atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr tərtib edilmişdir. Hazırda cavabdeh nə mənə, nə də uşaqlarına maddi yardım göstərmədiyindən ondan məhkəmə qaydasında aliment tələb edir. Hal-hazırda uşaqları onun himayəsindədir. Cavabdehin gəliri qeyri-müntəzəmdir. Ona görə də hesab edir ki, cavabdehdən aliment sabit pul məbləğində tutulmalıdır. Cavabdeh İddiaçı qarşı uşaqların atanın yanında saxlanılması tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2009-cu il təvəllüdlü X3 və xx xxx 2011-ci il təvəllüdlü X2 onun yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 11 ildir ki, o, uşaqlarına baxır, onların saxlanması xərclərini özü çəkir. Cavabdehlə xasiyyətləri uyğun gəlmir. Onunla bir evdə yaşaya bilmir. Bu səbəbdən, xx xxxx 2009-cu il təvəllüdlü X3 və xx xxx 2011-ci il təvəllüdlü X2 onun yanında saxlanılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə qəbul etməyərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdehlə birgə yaşadıqları 11 il vətəndaş nikahı dövründə o, heç bir yerdə işləməmiş, əksinə o işləmişdir, uşaqlarının tərbiyəsi və təhsil aldığı məktəbdə nəzarəti ilə məşğul olmuşdur. Oğlu Rəsul 262 saylı tam orta məktəbin 6-cı sinif şagirdidir, sinif rəhbəri Təhminə müəllimədir, qızı Aynurə həmin məktəbin 4-cü sinif şagirdidir və sinif rəhbəri Elza müəllimədir. O, daimi onlarla ünsiyyətdədir. Cavabdeh uzun illərdir ki, ailədə mütəmadi olaraq münaqişələr yaradaraq, ona və uşaqlara işgəncə vermişdir. Sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə Türkan qəsəbəsində yerləşən yaşadıqları evdə yenə münaqişə yaradaraq, ona xəsarətlər yetirmişdir. Bu faktla bağlı Xəzər RPİ-nin 1-ci PB tərəfindən cavabdehin barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. Bu səbəbdən də o, iki uşağı ilə birlikdə evdən çıxmış və kirayədə yaşayır. Cavabdehin məhkəməyə qarşılıqlı iddia ilə müraciət etməsi uşaqların saxlanması üçün alimentin tutulmasından yayınmaq məqsədi güdür. Digər tərəfdən, cavabdeh xx.xx.2017-ci ildən ağ ciyərlərin fibroz-kavernoz BK mənfi diaqnozu ilə 7 saylı vərəm əleyhinə dispanserində qeydiyyatda və müşahidədədir. Bu səbəbdən də uşaqların cavabdehin yanında saxlanması onların həyatına və sağlamlığına təhlükə yaradır. Hal-hazırda uşaqları onunla birlikdə normal şəraitdə, sakit, sağlam mühitdə yaşayırlar. Oğlu Rəsul məhkəmə zamanı atasının ona gəkləcəkdə işgəncə verməsi təhlükəsu ilə bağlı öz fikrini təsirsiz, sərbəst şəkildə diskə səs yazmasını köçürüb məhkəməyə təqdim etmək üçün ona vermişdir. Sonuncu məhkəmə iclasında iştirak etməsə də, məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh qarşılıqılı tələbini müdafiə edərək təmin edilməsini, iddia tələbinin isə qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etmiş və izahatında bildirmişdir ki, məhkəmə mübahisəsinə qədər onlar birgə yaşamışlar, lakin hazırda Günayə evdən çıxıb kirayədə yaşayır. Dörd ildir ki, xəstədir və müalicə alır. Məhkəmə iclasında fikri dinlənilən xx xxxx 2009-cu il təvəllüdlü X7 məhkəməyə bildirmişdir ki, o, hal-hazırda bacısı ilə birlikdə anasının yanında Binə qəsəbəsində yaşayır. Valideynləri arasında mübahisə yarandığından anası onlarla birlikdə evi tərk etmişdir. Anаsı daim onun və bacısının qayğısına qalır, təlim və tərbiyəsi ilə məşğul olur. O, bundan sonra da anasının yanında qalmaq istəyir. Məhkəmə iclasında fikri dinlənilən xx xxx 2011-ci il təvəllüdlü X6 məhkəməyə bildirmişdir ki, o, hal-hazırda qardaşı ilə birlikdə anasının yanında Binə qəsəbəsində yaşayır.Valideynləri arasında mübahisə yarandığından anası onlarla birlikdə evi tərk etmişdir. Anаsı daim onun və qardaşının qayğısına qalır. O, bundan sonra da anasının yanında qalmaq istəyir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 187884 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxx 2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 187885 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxx 2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Cavabdeh xx.xx.2017-ci ildən ağ ciyərlərin fibroz-kavernoz vərəmi BK (-) mənfi diaqnozu ilə 7 saylı X4 tibbi qeydiyyatda və müşahidədədir.Xəstə halhazırda səhhəti ilə əlaqədar vərəm əleyhinə müayinə və müalicədədir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsi qərara alınmışdır. İşdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı ilə iş üzrə əsaslandırılmış rəy alınması üçün sənədlər Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş və Komissiya iş üzrə 1632 saylı, xx.xx.2020-ci il tarixli rəyini məhkəməyə göndərmişdir. Həmin rəydən görünür ki, komissiya yetkinlik yaşına çatmayan xx xxxx 2009-cu il təvəllüdlü X3 və xx xxx 2011-ci il təvəllüdlü X2 öz şəxsi istəklərini nəzərə alaraq anaları İddiaçı himayəsində qalmalarını azyaşlıların gələcək mənafeyi üçün məqsədəuyğun hesab etmişdir. Məhkəmə yuxarıda sadalananlara münasibətdə ilk öncə uşaqların bugünədək analarının yanında qalması səbəblərinə və şəraitinə, onların anadan alınaraq atalarına verilməsinin məqsədəuyğun olub-olmamasını qiymətləndirilməsini zəruri sayır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ilk iddia üzrə iddiaçı ilə ilk iddia üzrə cavabdeh arasında ailə münasibətləri pozulduğundan İddiaçı xx.xx.2019-cu i tarixdən uşaqları ilə birlikdə kirayədə yaşamağa başlamışdır. O, uşaqların tərbiyəsi ilə özü məşğul olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə də məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə, iddiaçının şəxsən öz uşaqlarının qayğısına qalıb onları böyütmək, tərbiyə etmək arzusunda olmasını və bir ana, valideyn kimi qanunvericilikdə bu hüquqa malik olmasını, həmçinin, uşaqların fikrini nəzərə alaraq qeyd edir ki, uşaqların azyaşlı olmasına görə daha çox ana qayğısına və nəvazişinə ehtiyacı var, azyaşlıların ananın himayəsində qalıb böyümələri onların mənafeyinə uyğundur. Çünki, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşaqların mənafeyi üstün tutulmalı, onların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il № 8- 2/2016 7.1-ci bəndində yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Əvvəla məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşaqlar 2009-cu və 2011-ci il təvvəllüdülü olmaqla azyaşlıdırlar. Bununla yanaşı, azyaşlılar doğulduqları vaxtdan anaları ilə birlikdə olmaqla daimi olaraq onun himayəsində olmuşlar. Bununla bağlı məhkəmə hesab edir ki, azyaşlıların artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından da hazırda yanında qaldıqları eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. BMT Baş Məclisinin 1386 (XİV) nömrəli, xx xxxxxx 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından tam məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk iddia üzrə iddiaçının bir ana olaraq uşaqlarının böyüyüb boya-başa çatmasındakı rolunu, uşaqlara daha sıx bağlı olmasını, həmçinin, əxlaqi və digər şəxsi keyfiyyətlərini, uşaqların yaşını, uşaqların inkişafı və tərbiyəsi üçün ilk iddia üzrə iddiaçının normal şəraitinin olmasını, sağlam ruhda böyüməsini və ana nəvazişinə ehtiyaclarının olmasını,uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtac olmasını, uşaqların analarından alınmasına dair müstəsna halların mövcud olmamasını nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməli, uşaqların faktiki vəziyyətə uyğun olaraq analarının yanında qalmasıməqsədyönlü və uşaqların mənafeyinə uyğun hesab edilməlidir. Məhkəmə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin müəyyən edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarına uyğun olaraq Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Cavabdehdən uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, eyni zamanda iddiaçının məhz sabit pul məbləğində tutulmasını tələb etməsini əsas tutaraq hesab edir ki, cavabdehdən hər ay hər uşağın saxlanılması üçün 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, ilk iddia üzrə iddiaçı aliment tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəməhesab edir ki, ilk iddia tələbi təmin edilməli, xx xxxx 2009-cu il təvəllüdlü X7 və xx xxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia tələbi təmin edilsin. xx xxxx 2009-cu il təvəllüdlü X7 və xx xxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh İddiaçı qarşı uşaqların atanın yanında saxlanılması barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar