Məhkəmə qərarları › İş №2(003)-4051/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4051/2025

24.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4051/2025 24.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşaq üçün hər ay 246 (iki yüz qırx altı) manat olmaqla, ümumilikdə 738 (yeddi yüz qırx altı) manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında olan rəsmi nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-601/2021 saylı qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1364 saylı akt qeydi ilə rəsmiləşdirilməklə pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 iddiaçının himayəsində qalması qət edilmişdir. Hal-hazırda xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 İddiaçı himayəsində qalır. Lakin iddiaçı uşaqların ehtiyaclarını ödəməkdə çətinlik çəkir və cavabdeh tərəfindən bu barədə heç bir maddi köməklik göstərilmir. Bu səbədən İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, cavabdehin heç bir yerdə işləməməsini, əmlakının olmamasını nəzərə alaraq cavabdehdən hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 300 manat alimentin tutularaq ona ödənilməsinə razı olduğunu bildirmişdir. Məhkəmədə protokol qaydasında qərar qəbul edilərək, ərizə icraata qəbul edilməklə, iş materiallarına əlavə edilmişdir.

Proses iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında, cavabdehlə birgə nikahından üç uşağının olduğunu, cavabdehlə aralarında olan nikahın 2021-ci il tarixində rəsmi qaydada pozulduğunu, nikahın pozulması zamanı cavabdehdən aliment tələbinin olmadığını, onunla həmin vaxt bu məsələdə razılığa gəldiyini, lakin cavabdehin aralarındakı razılığa əməl etmədiyini, bu səbədən ona qarşı aliment tələbinin olduğunu, onun uşaqların maddi tələbətlarının ödənilməsində iştirak etmədiyini, cavabdehin rəsmi işinin və sabit gəlirinin olmadığını, gündəlik işlərdə çalışdığını, əvvəllər cavabdeh tərəfindən uşaqların saxlanılması üçün ayda təxminən 300 (üç yüz) manat pul xərcləndiyini, iddia ərizəsində 738 manat tələb etdiyini qeyd etsə də, onun həmin məbləği ödəmək imkanının olmadığını, ona görə cavabdehdən hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 300 manat tutulmasını istədiyini bildrimişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-601/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X9 ilə Cavabdeh arasında 20 iyun 2018-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1364 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması; nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 iddiaçı X5 yanında qalması qət edilmişdir.

7. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-02009 nömrəli mediasiya arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməməsi səbəbilə mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

1. 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

2. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

3. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

4. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

5. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

6. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

7. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əmək haqqının məbləğinin artırılması barədə” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının:

8. 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

9. 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024- cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir)."

Məhkəmənin mövqeyi:

10. Məhkəmə iddiaçının izahatını dinləyərək iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

11. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2018-ci il tarixində 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 doğulmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahın pozulmuş və nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X1 Günel Məmməd qızının yanında saxlanılmışdır.

12. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, cavabdeh uşaqların saxlanılmasında və maddi tələbatlarının ödənilməsinə iştirak etmədiyi üçün uşaqların saxlanılması üçün vəsaitin (alimentin) məhkəmə qaydasında təyin edilməsi zərurəti yaranmışdır.

13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir.

14. Məhkəmə araşdırması zamanı iddiaçı izahatında cavabdehlə birgə nikahda olduğu zaman onun uşaqların saxlanması üçün ayda təxminən 300 manat məbləğində vəsait xərclədiyini, hazırda cavabdehin daimi işinin və sabit gəlirinin olmamdığını, gündəlik işlərdə çalışdığını, bu səbəblə hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat məbləğdə aliment tutulmasına razı olduğunu qeyd etmiş və bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Cavabdeh isə məhkəmə iclslarında heç bir səbəb gösətrmədən iştirak etməmişdir. Yuxarıda sadalan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən edilməli, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (100:400=0,25) 0,25 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

15. Məhkəmə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olması ilə bağlı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinin hazırki işə tətbiqi baxımından hesab edir ki, təyin edilən sabit pul məbləğində alimentin tutulmağa başlanılması iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixindən hesablanmalı, habelə qətnamə dərhal icra olunmalıdır.

16. Məhkəmə qeyd edir ki, qanunvericiliklə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyi və hazırda iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyi üçün, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Belə ki, MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən də, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin məbləğinin hər ay cəmi 300 manat müəyyən olunduğu nəzərə alındığında, bir il ərzində ödəmənin məcmusu 3600 manat (300x12=3600) təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən də, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən, ödənilməli dövlət rüsumunun məbləği 56 (əlli altı) manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, ödənilməmiş 56 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

18. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulmalı və qətnamə dərhal icra edilməlidir. Habelə, iddia ərizəsinin verilməsinə görə ödənilməmiş 56 (əlli altı) manat dövlət rüsumunun məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilməmiş 56 AZN (əlli altı manat) dövlət rüsumunun məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar